Yazıçı Meyxoş Abdullahın “Girov qoyulmuş namus” hekayəsi haqqında.
Dəyərli yazıçı, hörmətli söz adamı olan Meyxoş Abdullah müasir Azərbaycan nəsrinin aparıcı bədii simalarından biridir. Bədii yaradıcılığa hələ ötən əsrdən başlayan ədib, əsərdən-əsərə püxtələşərək ətrafına geniş oxucu auditoriyası toplamağı bacarmışdı. Onun əsərləri, nəinki Azərbaycanda, həmçinin keçmiş possovet məkanında, o cümlədən dünyanın bir çox ölkəsində müxtəlif mətbu orqanlarda və yaxud kitab şəklində nəşr olunaraq müəllifinə və Azərbaycan ədəbiyyatına böyük şöhrət gətirmişdir. Sevindirici haldır ki, hörmətli yazıçımızın bu günlərdə Misir Ərəb Respublikasında ərəb dilində hekayələr kitabı nəşr olunmuşdur.
Təkcə onu vurğulamaq istəyirəm ki, yazıçının “Əsir qadın” romanı geniş oxucu kütləsi arasında rezonansa səbəb olmuş, dəfələrlə Azərbaycan və rus dillərində təkrar nəşr olunmuşdur.
Bu yaxınlarda hörmətli Meyxoş müəllimin “Telli Sənəm” jurnalında dərc olunmuş “Girov qoyulmuş namus” hekayəsi haqqında bir oxucu olaraq fikir bildirmək istəyirəm.
Hekayə maraqlı bir situasiya ilə başlayır. Gömrük məntəqəsində sərhədi keçməyə hazırlaşan açıq-saçıq geyimli gənc qadınla gömrük nəzarətçisi arasında olan dialoq oxucuların diqqətini hadisələrin sonrakı məcrasına yönləndirir. Bağlamasında pal-paltarın olmasına şübhə ilə yanaşan nəzarətçi qadına bağlamasını açmağı əmr edir. Bağlamada bir dəst uşaq geyimi və xırda-para ərzaqdan başqa heç nə tapmayan nəzarətçinin əslində bağlamada görmək istədiyi dollar, narkotika və qızıldır.
Qadın, nəzarətçinin yarıciddi, yarızarafat yanaşmasına: – “Onları gələn dəfə gətirəcəyəm bu dəfə bazarım kasad oldu” – deyə, kinayə ilə cavab verir.
Qadının bu rişxəndindən əsəbiləşən nəzarətçi həyasızlığının pik həddinə çataraq, axtardıqlarını onu soyunduraraq naməhrəm yerlərindən tapacağı ilə hədələyir. Digər bir tərəfdən bu gömrük məmurunun: – “dişi pişik kimi nə hırıldayırsan?” – sözləri qadına olan kobud münasibətinin, onun timsalında bu tip məmurların insani keyfiyyətlərinin aşağı olmasının, mədəni səviyyələrinin, tərbiyə və əxlaqlarının olmamasının ümumi göstəricisidir.
Pul qabında dörd yüz əlli dollardan başqa heç nəyi olmadığını isbatlamağa çalışan qadın vətəndaşlarla adi mədəni davranış əxlaqı olmayan gömrük nəzarətçisini heç cür inandıra bilmir.
Qadını əxlaqsızlıqda suçlayan gömrük nəzarətçisi həyasızcasına dörd yüz əlli dolların yüzünü qatlayaraq cibinə qoysa da, gözləmədiyi vəziyyətdə sifətinə açılan tutarlı şillə, ləkə götürməyən qadın qürurunun, ləyaqətinin bariz nümunəsidir.
Dəyən şillədən ilk anda özünü itirən və sonra quduz itə çevrilərək qadının baş-gözünü yumruqlamağa başlayan nəzarətçinin səs-küyünə məntəqə rəisi gəlib çıxır.
Qadın rəisə bu işçisi tərəfindən təhqir olunduğunu və pulunun əlindən alındığını bildirir. Rəis nəzarətçiyə pulu dərhal geri, qadına qaytarmasını tələb edir.
İnsani davranışları ilə gənc qadını bu kobud və zorakı rəftardan xilas edən gömrük rəisi onu öz otağına dəvət edir.
Gənc qadının ailə vəziyyəti və dolanışığı ilə maraqlanan gömrük rəisinə məlum olur ki, onun əri altı ildir həbsdədir və o, iki uşaqla, xəstə qayınatasına qulluq etmək borcunu boynuna götürüb.
Adı Sevda olduğu məlum olan gənc qadının Türkiyəyə nə məqsədlə getməsi ilə maraqlanan rəis onun qadın alverçisi olan “rəfiqə”sinin toruna düşdüyünü öyrənir. Namusunu hər şeydən uca tutan, işləmək adı ilə aparılan Sevda aldanıldığını Türkiyədə dərk edəndə artıq iş-işdən keçmiş olur. Sevda sadəlövhlükdən qarşısındakına inanaraq, eyni zamanda ehtiyac məngənəsində sıxılaraq tanımadığı özgə bir mühitdə, yad insanlar tünlüyündə acizliyinin qurbanına çevrilir.
Rəisin: – “Axı sənin uşaqların var, sən anasan, ərin həbsdən çıxdıqdan sonra onun üzünə necə baxacaqsan?”- sualına cavab vermək iqtidarından məhrumdur. Qadın nicat yolunu göz yaşlarını axıtmaqda görür.
İki uşağını, xəstə və qoca qaynatasını dolandırmaqda çətinlik çəkən, hətta yaşadığı evi dəyərinə-dəyməzinə satıb, kirayədə yaşamaq məcburiyyətində qalan Sevdaya iş axtardığı zaman əxlaqsız təkliflər edilən bu amansız və biganə cəmiyyətdə xilas yolu varmı? – “Cənab rəis, sizdən soruşuram, nə etməliyəm bəs?- sualının qarşısında rəisin özü də cavab verməkdə acizdir.
Soyadı Camalov olan gömrük rəisinin insan sərrafı olduğu üçün hardasa Sevdanın söylədiklərinə inanmağı gəlir. Camalov Sevdanı bu durumdan xilas etmək üçün onlara getməyi, onun söylədiklərini öz gözləri ilə görmək istədiyini bildirir.
Bayaq qadınla kobud rəftar edən nəzarətçini danlayan Camalov, ona gözüaçıq olmağı, insanlarla insan kimi rəftar etməyi tapşırır. Bildirir ki, bax gör burdan keçən adamlar əllərində deyil, qəlblərində nə aparlb gətirir, bunları görmək lazımdır.
Mədəni səviyyəsi və dünyagörüşü yetərli səviyyədə olmayan nəzarətçi Camalovun bu dediklərindən heç nə başa düşmür. Necə deyərlər, başa düşmək üçün baş lazımdı.
Camalov acı həqiqətin çılpaq üzünü öz gözləri ilə görür. Sökük-salxaq bir koma, həyətdə oynaşan iki azyaşlı uşaq, xəstə yatan qoca, balalarını və qaynatasını dolandırmaq üçün namusu ilə alver etmək məcburiyyətində qalan çarəsiz ana.
Bu mənzərə əslində kasıb həyat tərzi keçirən, ehtiyac məngənəsində sıxılan böyük bir təbəqənin ümumiləşdirilmiş obrazıdır.
Məlum olur ki, dükançının borc səbəbindən ərzaq verməməsi, iki gündü həm uşaqların, həm də qocanın ac qalması ilə nəticələnib.
Sevda obrazı qaynatasına, qaynanasına baxmayan, onları qocalar evinə atan bəzi qadınlardan fərqlənən ləyaqətli, istiqanlı, mehriban bir qadın obrazıdır. Onun bu davranışlarını xəstə yatan qaynatasına müraciətdə və münasibətdə də görürük.
Gələnin gömrük rəisi olduğunu bilən qoca bildirir ki, onların saxladığı itlərin dolanışığı bizim dolanışığımızdan, həyat tərzimizdən yaxşıdır.
Divardakı əsgər şəkli gələn qonağın diqqətini cəlb edir. O, şəkildəkinin kimliyi ilə maraqlanır.
Qoca bildirir ki, oğludur, torpaqlarımız uğrunda qəhrəmanlıqla döyüşüb, hal-hazırda həbsxanada çürüyür. Oğlunun həbs olunmasının səbəbini qoca kişi qonağa danışır. Məlum olur ki, qonşuluqda yaşayan əxlaqsız qadının qeyrətsiz ərini öldürdüyü üçün həbsdədir. Oğlunun müharibədə kontuziya alması səbəbindən əsəbi olması, həyatda gördüyü nöqsanlarla, eybəcərliklərlə barışmaması onun həbsxanaya düşməsinə səbəb olmuşdur.
Hekayədəki hadisələrin gedişatı oxucunu heyrətləndirməkdə davam edir. Eyni zamanda əsərdə Sevdanın hərəkətləri də Camalovu heyrətləndirir.
Gömrük rəisinin köməklik məqsədiylə verdiyi pulları təkid edildikdən sonra qəbul edən Sevdanın, Camalov kimi insanlar varkən bu həyatda yaşamaq inamını möhkəmləndirir.
Sevda əslində ləyaqətli, namuslu bir Azərbaycan xanımıdır. Bir dəfə düşdüyü mühitin çirkabından öz bədənini sataraq xilas olan Sevdanın qarşısına, sanki Tanrı xilaskar mələk kimi Camalovu çıxardıb. Onu bir qardaş gözü ilə görən Sevda Türkiyədən gətirdiyi namusunun “mükafat”ı olan çirkli dollarları çıxararaq cırıb havaya tullayır. Bu hərəkəti ilə o, bir daha oxucu gözündə ucalıq mərtəbəsinə yüksəlir.
Sevdaya görə əxlaqsızlıqla əldə edilən pulu saf, təmiz balalarına, xəstə qaynatasına yedirtmək ən azından Tanrı qarşısında ən böyük mənəvi günahdır.
Sevdanın, Fərhad qardaş – deyə, müraciət etdiyi Camalov kişi kimi dediyi sözə əməl edir. Sevdanı toxuculuq sexində babat maaşlı işlə təmin edir. Onların ailəsinə tez-tez baş çəkərək maddi və mənəvi dəstək olur. O, hətta, Sevdanın həbsdə olan ərinin azadlığa buraxılması üçün lazımi dairələrə müraciət edir.
Nəhayət, o xoşbəxt gün gəlir. Xeyirxah insan olan Fərhad Camalov Sevdanı ərinə, uşaqlarını isə atalarına qovuşdurur.
Həbsxananın dözülməz şəraitində vərəm xəstəliyinə yoluxan Saleh ailəsinə qovuşmağın sevincini yaşayır.
Cəmiyyətimizi narahat edən kasıblıq, ehtiyac kimi problemlərdən birinə işıq tutan, onun həlli yollarını sənətkarcasına tapan hörmətli yazıçımız Meyxoş Abdullaha bu əsərə görə öz minnətdarlığımı bildirərək, ona can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
İlham İnam
Şair
Azərbaycan Yazıçılar Birliyini üzvü.