(Tanınmış tədqiqatçı, politoloq Rövşən Novruzoğlunun, “Azərbaycanın Su diplomatiyası” xarici kəşfiyyatın maraq dairəsi kitabından)
Su həyat mənbəyidir. Sürətlə inkişaf edən texniki proseslər, sənaye tullantılarının nəinki yerüstü, həm də yeraltı su mənbələrini kimyəvi çirklənməyə məruz qoyduğu bir zamanda bu deyimin əhəmiyyətini daha aydın başa düşürük.
Normal halda insan orqanizmində suyun payı 70 faizdən çox olduğundan suyun təmizliyini sağlamlıq üçün ən vacib amil saymaq olar. Həkimlər bildirirlər ki, orqanizmin hüceyrələrinə qida maddələri – vitaminlər, mineral duzlar su vasitəsilə verilir; insanın həyat fəaliyyəti nəticəsində yaranan tullantıları orqanizmdən çıxarır. Orqanizmin bütün sistemlərinin normal işi üçün insana gün ərzində minimum 1,5 litr su tələb olunur. İnsanın qəbul etdiyi bütün qidalar yalnız suda həll olmuş şəkildə həzm oluna bilir. Su olmasa, bu proses dayanar. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir və Allahın insanlara verdiyi ən qiymətli nemətdir. Bu isə məlum olduğu kimi tükənmək üzrədir. Bunun qarşısını almaq üçün ilk növbədə şirin yeraltı sulardan içmək və məişətdə işlətmək üçün istifadə olunmalıdır. İnsanlar əsrlər boyu bizə gəlib çatmış bu neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdırlər. Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulur. Lakin respublikada istismarda olan yeraltı suların 70-75%-i suvarma üçün istifadə edilir. Bundan başqa, təəssüf ki, bir çox iri şəhər və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur.
Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir. Qeyd edək ki, Azərbaycan Respublikasının əsas su sərvətlərini ölkə ərazisindən keçən ən böyüyü Kür və Araz olmaqla, 8 min 350-dən artıq çay, 450 göl, 61 su anbarı, yeraltı sular və digər mənbələr təşkil edir. Ölkənin yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikanın yeraltı su ehtiyatları isə 5,2 milyard kubmetrdir. Ölkədə illik su çatışmazlığı 4,5-5 milyard kubmetr arasında dəyişir. Bundan əlavə, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yerləşən ümumi su tutumu 640 milyon kubmetr olan su anbarlarından istifadənin mümkün olmaması da ölkədəki su qıtlığının aradan qaldırılmasına əngəl yaradan mühüm səbəblərdən biridir.
Yer kürəsi əhalisinin 80 faizi keyfiyyətsiz su içir
Ölkəmizdə içməli su problemi getdikcə aktuallaşmaqdadır. İçməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalının artması, nəinki Azərbaycanı, əksər dövlətləri problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Çünki içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır. Hazırda Yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Yer kürəsində ümumi su balansı sabit saxlanıldığı halda, təxminən son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Nəticədə dünyada hər 6 insandan biri içməli su çatışmazlığından əziyyət çəkir. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər təxminən hər səkkiz saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ayda 324 min, bir ildə isə 3 milyon 888 min uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər standartlara uyğun olmayan içməli sudan istifadə ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Araşdırmalara görə, dünyanın əksər ölkələrində təmiz su ilə təmin olunmaq kəskin problemə çevrildiyindən eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayı 12-14 faiz, bir yaşa qədər ölənlərin sayı isə təxminən 18-20 faiz artıb.
Müasir dünyamızda çirkli su həm də bir çox xəstəliklərin əsas səbəblərindən biridir. Dünyada içməli sudan istifadə edə bilməyən insanların sayı 2 milyardı ötüb. Suyun təmizlənməsi və daşınmasına çəkilən xərclər dünyada il ərzində təqribən 90 milyard dollar (2015-2025-ci illərdə bu xərclər 2-3 dəfə arta bilər) təşkil etsə də, problemin həllinə nail olmaq mümkün olmayıb. Bu kontekstdən çıxış edən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 2025-ci ilə qədər hazırladığı proqnozlara görə, 2025-ci ilədək inkişaf etmiş ölkələrin bir-birilə yanacaq resursları üstündə deyil, məhz içməli su üstündə savaşacaqları ehtimalı daha böyükdür. Azərbaycanı “Su müharibəsi”nə çəkmək istəyən qüvvələr var…
Həyat mənbəyi olan içməli su dünyada da qlobal problemə çevrilib. Bu problem müxtəlif dövlət və hökumət rəhbərlərini, eləcə də alim və mütəxəssisləri narahat edən başlıca problemlər sırasındadır. Xüsusən də, Afrika və bəzi Asiya ölkələrində içməli su çatışmazlığından əziyyət çəkən insanların sayı getdikcə artmaqdadır. Həyəcan təbili çalan dünyanın nüfuzlu təşkilatları problemin həlli yollarının araşdırılması və aradan qaldırılması üçün alim və mütəxəssisləri də səfərbərliyə, birgə əməkdaşlığa çağırır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün 210 milyona yaxın insan su vasitəsilə keçən bu və ya digər infeksiyalardan əziyyət çəkir. Onu da nəzərə almaq lazımdır ki, hər il insanların 200 mini məhz bu infeksiyaların qurbanı olur. Yer kürəsinin içməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalı insanları problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Nəzərə almaq lazımdır ki, içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır. Statistikaya görə, Yer kürəsi ərazisinin 71 faizini təşkil edən 1,46 milyard kubkilometr su ehtiyatının cəmi 31 milyon kubkilometri şirin sudur ki, bunun da 96 faizi bərk haldadır. Maye vəziyyətində olan su ümumi şirin su həcminin təxminən 0,8-1 faizini təşkil edir.
İçməli su ilə bağlı telekanallarda aparılan yalançı, uydurma verilişlərə son qoyulmalıdır. Belə verilişlər təbliğat deyil… bu erməni dəyirmanlarına su tökmək kimi bir şeydir.
Siz ölkə başçısını aldadırsınız. Siz bu saxta işlərinizlə insanları fəlakətə doğru sürükləyirsiniz. İlkin araşdırma materiallarına görə ölkənin içməli su problemində çirkli pulların yuyulması işi, oğurluq vasitələrin çoxalması və ümumilikdə korrupsiya əmsalının artması davam edir. Faktiki olaraq əhali bilmir indiyədək su problemilə məşğul olan təşkilatların aldıqları külli miqdarda kreditləri, bank hesabları hara sərf olunub.
İndiyədək heç bir təşkilat cəsarətə gəlib, açıqlama vermir. Biz bu istiqamətdə ölkə başçısının irəli sürdüyü təkliflərə əsasən öz tədqiqatımızı bitirmişik və şəxsən ona çatacaq məktub hazırlamışıq.
Rövşən Novruzoğlu Vəlizadə,
Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq