“Tənha qadın” romanından parçalar

Müstəqil.AZ Aqil Yaşaroğlunun “Tənha qadın” romanından parçalar təqdim edir:

– Xaricən gözəl, daxilən zəngin olan qadınların həyatda çox vaxtı bəxti gətirmir.

– Qəlb qırılan zaman dünyanın ən gözəl sözləri söylənsə belə, əvvəlki tək xoşbəxt edə bilməz insanı…

– Biz təkcə yaşlı insanları itirmirik, onların simasında eyni zamanda illərlə qazanılmış mənəvi xəzinəni də itiririk.

– Ümidlərimizi itirdiyimiz an həyatın adiləşdiyi andır. Çünki həyat ümidlərlə dolğunlaşır. İtirilmiş ümidlər insanın kabusudur.

– Kimin ki, mənəvi cəhətdən zəngin valideynləri var, o insan xoşbəxtdir .

– Ata mənim üçün doğulan səhərdir. Ana isə sübhün sehrindən doğulan arzulardır.

– Lazımsız insanlar həyatımızda baş rol aldığı üçün ruhən yıxılırıq. Bəzən həyat insanı o qədər çox yorur ki, heç kəsə cavab vermək istəmirsən. Sadəcə susursan.
"Tənha qadın" romanından parçalar
– Qadının ailədə sevgisiz qalması susuz bir səhrada yaşamağa bənzəyir.

– Düşüncəsi zəif olan insanlar danışmağa mövzu tapmayanda, ətrafdakı insanların həyat tərzini müzakirə obyektinə çevirirlər.

– Namaz qıla bilərsən, oruc tuta bilərsən, həccə də gedə bilərsən, amma səhvlərinə görə vicdanın qarşısında cavab verə bilməzsən. Vicdanınla baş-başa qalmaq ilahi ədalətin hakimi qarşısında cavab verməkdir.

– Həyat yoldaşını yad gözlərdən qorumaq üçün çadraya keçirən beyni zəhərlənmiş kişilərə məsləhət verərdim ki, qadına yalnız hörmət edib dəyər verməklə, onu sevməklə, xoşbəxt etməklə qorumaq olar! Hicabı başa yox, qəlbin, beyinin hüceyrələrinə bağlamaq lazımdır.

– Sevgi adi hislər deyil ki, bağlandıqca sevəsən, öyrəşdikcə yaxınlaşasan, itirdikcə dəyərini biləsən. Sevgi toxunmadan uzaqdan sevə bilməkdir!

– Cəmiyyəti mentalitet kimi ağır yükdən xilas etmək lazımdır. Əks təqdirdə, yerimizdə addımlamağa məhkumuq!

– Ən qəddar düşmən tənhalıq olduğu kimi, ən yaxşı dost da xəyallardır.

– Badımcana duz səpib acı suyunu çıxartdığımız kimi, kaş ki bəzi insanların da içindəki acını belə asanlıqla çıxartmaq mümkün olaydı.

– Heç bir qarşılıq gözləmədən yeganə sevgi valideyn sevgisidir.

– Çox danışan qadın yoxdur, qarşısındakı anlamır deyə, izah etməyə məcbur qalan qadın vardır.

– Dualar insanın özünə verdiyi ən gözəl psixoloji təsəllidir.

– Qadını qadın edən ona göstərilən sevgi və qayğıdır. Qadın diqqətsiz qalarsa, susuz çiçək kimi solar. Həyatındakı boşluğu doldurmaq üçün axtarışlarda olar. Axtardığını tapmayınca, tənhalığı üstün tutar!

– Kişilik qadına çarşab geyindirmək deyil, kişilik çarşabsız qadına baxmamaqdadır! Hicab əxlaq örtüyü deyil, baş örtüyüdür.

– Mövhumatçıların nağıllarına inanan insanlar cahillər birliyinin üzvüdür.

– Artıq yaşa dolduqca sanki ətrafında olan hər bir şey maraqsız gəlir. Maraqlı olan yalnız əlçatmaz xəyallar və ümidsiz arzulardır.

– Özünü xoşbəxt qadın kimi qələmə verənlər, bəlkə də ən bədbəxt qadınlardır.

– Sözlər mənasız olanda səmimilik heç bir işə yaramır. Sevgi təmiz olanda hər bir şey də gözəl olur. Xoşbəxtlik yaxında olanda ümidlə gözləmək asan olur.

– Qadın təpədən dırnağa mehr-məhəbbətlə doludur. Qadın bir dünyadır. İçində də bir dünya daşıyır. Həyatı boyu göstərdikləri fədakarlıqlar ölçüyə gələ bilməz. Bizə həyat bəxş edən, bizi böyüdən, tərbiyə edən, qayğımızı çəkən bir mələkdir qadın. Qanadları ilə bizi ağuşuna alan, xoşbəxtliyimizin keşiyində duran varlıqdır qadın.

– Kaş ki bir gün günəş doğduğu yerdən insanlıq da doğulaydı..

– Əşyanın dəyərini itirəndən, insanın dəyərini öləndən, sevginin dəyərini ayrılandan sonra anlayırıq…

– Görüntülərə inansaq, onda həyatımız boyu uşaq kimi aldanarıq…

– İnandığımız tək cənnət yeri anadır, ondan başqa cənnət yalandır! Ananın nankor övlad üçün tökdüyü acı göz yaşları dünyanın ən kədərli, ən qəmli və qorxunc mənzərəsidir.

– Valideynləri zaman deyil, naxələf övladları qocaldır.

– Xoşbəxt olmadığın bir insanla xoş görünməyə məcbur olmaq ən böyük işgəncədir.

– Qadın, qadınlığını unutmaz! Qadına bunu unutdurarlar. Qadın zərifliyini unutmaz! Onu bu düşüncə ilə zorla barışdırmağa çalışarlar. Qadının varlığı belə cəmiyyətin var olmasıdır!

– Qəlbin qapısı kilidli bir evə bənzəyir. Bəzən kimlərsə evə daxil olmaq üçün qapını döyür. Biz açmaq istəməsək də, o, çağırılmamış qonaq kimi qəlb evimizə daxil olur. Beynimizi dumanlandırıb həyatımıza girir, əllərimizi köksünə sıxır. Bu toxunuşdan gələn istilik qəlbimizdəki buzları əridir. Özümüz də hiss etmədən təslim oluruq o qonağa. Lakin o qonaq qəlb evimizi özümüzdən asılı olmayan səbəblər üzündən yarımçıq tərk etməli olur.

– Qadın var ki, gecə gündüz işləyir. Həyatda həm kişi, həm də qadın rolunu oynayır. Qadın var ki, çətinlik nədir bilmir, həyatın enişli-yoxuşlu sınaqları qarşısında başı dik və məğrur dayanır, aciz olmur, məqsədinə çatmaq üçün gecə-gündüz yorulmadan çalışır. Əgər qadının məqsədi, özünə inamı varsa, hər bir sahədə, hər bir işdə öndə olar. Qadın var ki, kişidən daha qeyrətlidir. Qadın var ki, yüz kişiyə dəyər. Qadın da var ki, özünə dəyər vermir. Qadın var pulla ölçülə bilmir, qadın da var ki, sözlərlə ifadə oluna bilmir. Qadın var sevgi ocağıdır, qadın da var ki, qazancı nifrətdir. Qadın var ağlı, düşüncəsi ilə insanı heyran edir, qadın da var ki, yalnız geyimi, bəzəyi ilə diqqəti özünə çəkir. Qadın var ki, yanar oddur, yaxınlaşsan yandırar, qadın da var, həyatdır, yaşamağa sövq edər!

– Saqqal saxlayıb görünüş üçün namaz qılıb, körpə qızını çarşaba bürüyüb onun gələcəyini, arzu və xəyallarını əlindən almaq müsəlmançılıq deyil. Müsəlman-qadınını baş tacı edəndir, millətini savadlı edəndir, qonşusu ackən o tox yatmayandır, qiybət etməyəndir, başqasını qınamayandır, insan olmağı bacarandır, vicdanı olandır!

– Ətrafında onlarla insanın olubda, əslində heç kimin olmaması…

– Sevgidən, nəvazişdən uzaq bütün insanların cismi yox, ruhu tənhadır!

Ürək var, sevgi yoxdur!
Din var, iman yoxdur!

Ailə var, ismət yoxdur!
Fikirlər var, hörmət yoxdur!

İnsanlar var, insanlıq yoxdur!
Ruzi var, bərəkət yoxdur!

Kitab var, oxuyan yoxdur!
Problem var, həlli yoxdur!

Diqqət var, qayğı yoxdur!
Haqsızlıq var, etiraz yoxdur!

Diplom var, savad yoxdur!
Kredit var, maaş yoxdur!

Dollar var, manat yoxdur!
Qələm var, yazan yoxdur!

Share: