Təpədən- dırnağa Faiq… – Şərafəddin İlkin yazır

Təpədən- dırnağa Faiq… – Şərafəddin İlkin yazır

Göründüyü kimi olan, olduğu kimi görünən insan – Faiq Balabəyli!

Azərbaycanın müstəqilliyi ilə bir yaşdadı tanışlığımızın tarixçəsi. Faiq “Xəzərdənizneftdonanması”nda elektrik mexaniki işləyirdi. Mən də şəhərə qeydiyyata düşmək üçün müvəqqəti donanmaya işə düzəlmişdim. Donanmanın təsis etdiyi “Sahil” adlı bir qəzet də vardı. Redaksiyası da elə orda yerləşirdi. Yaradıcı adam üçün qəzet bir tapıntı idi o vaxtlar. Faiqlə də elə orda tanış olmuşduq…
Faiq özünəməxsus xarakterə, istedada malik olan dəyərli, azsaylı dostlarımdandı. O qədər pozitivdir ki, nə qədər kədərli olsan da səni şux zarafatı, təmənnasız qayğısı ilə ovundura bilir. El-obasına, dost-tanışına bağlı adamdı. Faiqin üstün cəhətlərindən biri də zəhmətkeş olmasıdır. İstər işlədiyi donanma da, istər təsis etdiyi “Dənizçilərə sosial dəstək” qeyri hökumət təşkilatında, istərsə də tədbirlərdə yorulmadan iştirak edir. Faiq həm də gözəl təşkilatçıdır. Bütün tədbirlərdə öndə olur.
Faiqin şeirlərinin vurğunuyam. Şeirlərini ürəkdən yazdığından ürəklərə yol tapır. Təsadüfi deyil ki, bir çox müğənnilər onun yaradıcılığına müraciət etmiş, sözlərinə onlarla mahnı bəstələnmişdir.
Çətin, keşməkeşli həyat yolu var Faiqin. Jurnalistlik fəaliyyətində şərlənib məhbəs həyatı da yaşayıb.
Lakin onda da sınmadı, ruhdan düşmədi. Əksinə, daha da mətinləşdi, mübariz oldu.
…Faiq istər poeziyada, istər nəşrdə, istərsə də publisistikada mükəmməldi. Hər sahədə öz dəsti-xətti var. Bir sözlə, Faiq təpədən-dırnağa istedaddı. Təpədən – dırnağa FAİQdi.

 

Şərafəddin ilkin,
Şair-publisist, Azərbaycan Yazıçılar birliyinin üzvü, Prezident mükafatçısı.

Share: