“Sabah təqvimdə ELBARİZ MƏMMƏDLİ günüdür. Məmləkətin ünlü şairini doğum günü münasibətilə təbrik edirik!”
Müstəqil.Az bildirir ki, bu sözləri tanınmış şair Elbariz Məmmədlinin yaxın dostu Vasif Süleyman qələm dostunun yeni şeirlərini redaksiyaya təqdim edərkən deyib.
Biz də Müstəqil.Az olaraq tanınmış şairimiz Elbariz Məmmədlini doğum günü münasibəti ilə təbrik edir, çox yaşasın, xoş yaşasın deyir və yaradıcılıq uğurları arzulayırıq və şairin yeni şeirlərini yayınlayırıq
Elbariz MƏMMƏDLİ
İGİDLƏR ŞUŞADA AĞAC ƏKİRLƏR
Nə gözəl mənzərədi. Dünən canı- qanı bahasına torpağı azad edən oğullar, Şuşada ağac əkirlər. Hayların torpağa dəymiş pisliyini təmizləmək üçün.
Pozulur torpağın qəm naxışları,
Buludlar göyləri söküb tökürlər.
Dünən yağılara ölüm əkənlər,
İndi də Şuşada ağac əkirlər.
Təbiət adamı elə çəkir ki,
Elə bil oyanıb ruhu dağların.
Balasına həsrət analar kimi,
Çəkilib gözündən yuxu, dağların.
Meşələr getməyib, qış yuxusuna,
Bir yaz sevinci var, baxışlarında.
Elə bil yaşamaq ümidi artıb,
Mərmi parçalamış ağacların da.
Gedir yavaş- yavaş həsrətin dağı,
İgidlər dağlardan qovub yağını,
İlahi, köksünə basıbdı Şuşa,
Qoşa dalğalanan türk bayrağını.
Çoxdan qatarına əl eləmirdik,
Qalmışdı yaddaşın son baharında,
Yəqin ki, gələn yaz dönüşü başlar,
Şuşa tərəflərə durnaların da.
Gəlib ruhumuzu yağmalamışdı,
Nəğmə beşiyimə yiyə çıxanlar.
Yığıb həndəvərə, əli qanları,
Məkrdən, ədadan göyə çıxanlar.
Tanıdıq dünyanı, yaxşı tanıdıq,
Yaddan ümidimiz üzülməlidi.
Vətən torpağına uzanan əllər,
Elə yerindəcə kəsilməlidi.
İndi hər zərrəsi, basılmaz qala,
Uğrunda nə qədər igid, ər gedib.
Bu millət son dəfə gəlib özünə,
Sonuncu döyüşə səfərbər gedib.
Dünən qan varıydı, qada varıydı,
İndi havalanan ümid səsidi.
İgidlər Şuşada ağac əkirlər,
Hər ağac bir şəhid xatirəsidi.
YERIYIR
Dağları qalxana dönüb,
Başındakı çən yeriyir.
Yağı düşmənın üstünə,
Yeriyir Vətən, yeriyir.
Əməlləri möcüzəli,
Dağ vüqarlı, dağ cüssəli,
Səsi Koroğlu nərəli,
Gör, neçə Rövşən yeriyir.
Sıyrılıb, çıxıb qınından,
Alov püskürür qanından,
Türk oğlu həyəcanından,
Yerə -göyə tən, yeriyir!