“Mənim sehirli çubuğum yoxdur”.
“Report”un məlumatına görə, bunu “Kəpəz”in yeni baş məşqçisi Tərlan Əhmədov jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis bu gün keçirilən təqdimat mərasimində “Kəpəz” üçün görüləcək işlərdən danışıb:
“Gəncə şəhərində futbol ənənəsi var. Şəhər futbolla yaşayır. Bura Azərbaycanın ən çox futbolçu yetişdirdiyi şəhərdir. Hamımız birlikdə çalışmalıyıq ki, bu adət-ənənə geri qayıtsın. Hər halda mən də bilirəm ki, uzun müddətdən sonra Premyer Liqaya qayıdan komandada hansı çatışmazlıqlar var. Amma bunlar bizim üçün bəhanə olmamalıdır. Biz öz işimizi görməliyik. Yaxşı nəticələr qazanıb, komandanın uğurunu, keçmişini özünə qaytarmalıyıq. Bir neçə demişəm ki, mənim sehirli çubuğum yoxdur. Hamılıqla – Gəncə şəhər İcra Hakimiyyəti, klubun İdarə Heyəti, veteranlar, fanatlar birlikdə bu komandanı qaldırmalıyıq. Birdən-birə heç bir uğur olmur. Amma sizə söz verirəm ki, zamanla siz komandada yaxşı dəyişiklikləri görəcəksiniz. Bunun üçün görüləcək işlərimiz həddindən artıq çoxdur”.
Qeyd edək ki, klubla cari mövsümün sonuna qədər müqavilə imzalamış Tərlan Əhmədovun köməkçiləri də məlum olub.
Ona Ədahim Niftəliyev, Ceyhun Tanrıverdiyev, Vidadi Rzayev və Nadir Şükürov yarımçı olacaqlar.