“Tərtər işi” Ali Baş Komandanın göstərişilə yenidən araşdırılır – Deputatlar DANIŞDILAR

“Tərtər işi” Ali Baş Komandanın göstərişilə yenidən araşdırılır – Deputatlar DANIŞDILAR

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bir qrup hərbçinin işgəncələr nəticəsində ölümünə və digər ağır nəticələrə səbəb olmuş “Tərtər işi”nin yenidən araşdırılacağını bəyan edib.

Bununla bağlı birgə məlumatda bildirilib ki, “Tərtər işi” Baş prokurorun xüsusi nəzarətinə götürülüb, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.


“Günahlarların arasında general da, polkovnik də ola bilər”

Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında bildirib ki, “Tərtər işi”nin yenidən araşdırılması təkcə Baş Prokurorluğun deyil, Ali Baş Komandanın göstərişi ilə təşkil olunub.

Onun sözlərinə görə, ortada ciddi faktlar var ki, işi yenidən araşdırmaq istəyirlər:

“4 ildi “Tərtər işi”nin söhbəti gedir. Amma əsl həqiqət ortaya çıxmayıb. İndi buna görə yenidən həmin işə qayıdıblar. Axtarırlar, tapacaqlar, istintaq  gedəcək. Ən güclü və təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb. Yəqin ki, həqiqəti üzə çıxaracaqlar”.

Deputat qeyd edib ki, məsələylə bağlı ölkə Prezidenti, Ali Baş Komandanın  tapşırığı varsa, yəqin bütün günahkarlar üzə çıxacaq:

“Kim orada günahkardı, günahkar deyil, bütün bunları istintaq işini bitirəndən sonra biləcəyik. Onların içində general da, polkovnik də ola bilər. Bunu iş tam araşdırılandan sonra biləcəyik”, deyə deputat vurğulayıb.


“Cəmiyyətin içindəki sorğu-sual götürülməlidir”

Milli Məclisin digər deputatı Sabir Rüstəmxanlı qeyd edib ki, Baş Prokurorluq çox düzgün addım atıb.

Onun sözlərinə görə, bu məsələ cəmiyyətdə çox ciddi narahatlıq yaradıb:

“Hamımızın içində bir ağrı, çoxlu sual var. Orada əzab çəkən, incidilən insanların taleyi bizi narahat edir. Bu hadisəni kim törədib, bu nə ssenaridir, başında kim dayanıb, niyə bizim ordumuzun tarixində  belə faciəvi hadisə baş verib? Bu suallar açılmalıdır. Çox şeyləri bilmədiyimiz üçün sözümüzü deyə bilmirik. Dərindən bilmədiyim, özümə tam aydın olmayan məsələlər haqqında rəy bildirə bilmirəm. Hər halda bu məsələ açılmalıdır və bütün günahkarlar cəzalarını çəkməlidilər. Məsələ indiki yerində qala bilməz”.

Deputat qeyd edib ki, cəmiyyətin içindəki sorğu-sual götürülməlidir:

“Bu son dərəcə vacibdir. Rəsmi qurumların qərarı bizim üçün, Azərbaycan ordusunun nüfuzu üçün, Azərbaycanın rəsmi dairələrinin məsələyə ciddi yanaşdığını göstərmək üçün son dərəcə vacibdir”.

S.Rüstəmxanlı bildirb ki, Baş Prokurorluq bu işə başlayıbsa, hansı səviyyədə olmağından asılı olmayaraq, günahı olan cəzalanacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmişlərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.

2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.

Share: