Jalə Mütəllimova
Azərbaycan Dövlətinə Qarabağ məsələsi masadaykən vurulacaq üç ağır zərbə var. Hər üçünü gerçək olaylar üzərindən yaradıblar. Gerçəkliklər üzərində oyun qurmaq qəliz və təhlükəli işdir. Amma o zaman asanlaşar ki, müqavimət ya yoxdur, ya da çox zəifdir.
Azərbaycanda yoxla, zəifin arasındadır vəziyyət. Amma xaricdəki azərbaycanlı bloqerlərin, hara çalışdığı hələ də bəlli olmayan, daha dəqiqi, heç araşdırılmayan, xaricdən idarə edilən, onlayn tv-lərin danışıqları bunun əks mesajını verir. Bu üç məsələdən ciddi siyasi hücumlar olacaq. Hətta hansısa danışıqda bu üç olayın tablosunu erməni əlində görsəniz şaşmayın…
1. Tərtər işi;
2. Tofiq Yaqublu məsələsi;
3. Saleh Rüstəmov mövzusu.
Bu üç məsələdən, birincisində, Tərtər işi məsələsində qarşı tərəf, yəni faciə qurbanlarının ailələri sonuna qədər haqlıdır.
Tərtər işinin ədalətli aparılmadığından dair hesabat rəsmiləşibmi?
Bəli, rəsmiləşib, amma ictimai rəyə elan edilməyib. Bəlkə də indi deyəcəyim məlumat ilk dəfə ictimailəşir. Belə ki, sabiq, təhlükəsizlik xidmət rəisi Mədət Quliyevin məsələ ilə bağlı geniş çıxışı olub. Baxmayaraq bu çıxışı onun əleyhinə çevirə, özünü də postundan “vura” bildilər, o lazım olan bütün məlumatları “mətbəxdəki” toplantılardan birində dilə gətirib. Hələ Ramiz Mehdiyev postunda ikən. Nəticədə, Tərtər işi çıxışından sonra, o təklənib. Hər addımda problemlər yaradılıb ona. Nəticə isə bu olub ki, M.Quliyev başqa posta transferi ilə karyerasını xilas edə bilib.
Sirr deyil, tarixə aprel döyüşü kimi düşən, əməliyyatda, Qarabağ məsələsini gündəmə gətirməməkdə maraqlı olan tərəflər anladı ki, Azərbaycan ordusu hələ var, hələ tam sındırılmayıb, özü də milli gücü, milli ruhlu olan zabitlər yetişib, Nəcməddin Sadıqov kimi əzazil baş qərargah rəisinə rəğmən. Odur ki, Tərtər işi qasırğası gəldi şimaldan. Bu Azərbaycan ordusunun sındırılma əməliyyatı idi. Azərbaycan ordusunun 1700-yaxın mənliyi, mərdliyi ilə seçilən zabiti, əsgəri, peşəkar hərb mütəxəssisi bir neçə ayın içində fəda edildi. Yarısı işgəncədə öldürüldü, yarısı yarımcan edilib buraxıldı, yarısı məhbəslərdən çürüməkdədir.
Ailələri isə küçələrdə, yollarda, haqq deyib hayqırır hələ də. Bu işin mağduru, günahsızı o küçədə qalan qadınlar, analar, övladlardır. Bu işin günahkarları hələ də postlardadır. Bu işin məhkəmə qərarını təsdiqləyənlərsə bu mənzərəyə sadəcə baxın keflə öz həyatını yaşayır.
Və Tərtər işində 28 yaşından, dul qalan, qətl edilən həyat yoldaşının haqqını arayan indi 35 yaşlı qadın dövlətlə, daha dəqiqi əynində dövlətin uniformasını daşıyan polislə, üz-üzə dayanıb. O haqlıdır və qadındır deyə polis toxuna bilmir. Qadınsa polisə-dövlətə bağırır, sözün birbaşa mənasında, haqlı olaraq bağırır:
-Evimdə iki əsgər, bala böyüyür. Sabah gələcəksən ki, müharibədir, ver onları da aparım. Mənim balalarım bu dövlətə əsgər olmaq istəyir, amma razılaşa bilmirəm. Sən hansı üzlə gələcəksən qapıma ay dövlət, hansı üzlə? Onların atasına verdiyin dəyəri balasınadamı verəcəksən? Heç utanman, arlanman yoxmu sənin?
Bu dəhşətli sualdır, adam üşənir. Həm də anlayırsan ki, qadın öz atasına söyür, özü də söymək istəmədiyi halda, məcbur qalıb söyür ki, bəlkə Dövlət Babası onun canının necə yandığını anlasın. Üzünə ağ olmasından narahat olsun.
İndi dövlətin də işi ağırdır. Bir yanında haqlı və üsyan edən ana, o biri yanında şimal ayısının edə biləcəyi ən qorxunc vəhşiliyi, qətliamı icra edən və möhürü vuranlar. Hamı səni gözləyir, buyur, neyləyəcəksən Dövlət Baba?!
Belə baxanda, azı Xanlar Vəliyev qoy olmasın. Camaat da bir ağızdan səslənsin ki, TƏKİ VƏTƏN SAĞ OLSUN!
Sonra da Tərtər işi qurbanlarına şəhid deyilsin.
Verilmiyən, ehsanları verilsin, bəraət alsınlar. Onların bir çoxuna quran oxuyan olmayıb, vətən xaini damğasına görə. Heç olmasa dallarıyca quranları oxunsun. Sonra məzarüstü abidələri götürülsün, kompensasiyaları ödənsin.
Anlayıram, ağır prosesdir, böyük vəsaitdir. Amma sən tasalanma, Dövlət Baba, Xanlar hakimin sərvəti yetər və artıq da qalar bu iş üçün. Təki, minlərlə şəhidin Qarabağı masada qalmasın! Təki VƏTƏN SAĞ OLSUN!
13.12.2021.