Təsəvvürlə realliğin fərqli hissləri
Qazi şair qardaşımız, hələ də nəfəsindən, paltarından səngər qoxusu getməyən Rəfail Tağızadənin ilahi “Hisslər”inin (“Ədəbiyyat qəzeti” 24 oktyabr 2020-ci il) ovsunundayam. “Hisslər”i Turşsuyun, İsa bulağının, İstisuyun tutiyəsi – müqəddəs suyu kimi içdim, içdim, içimi daha da yandırdl… Doğrudan da, qazi qardaş, “o yerləri, evinizi görəndə hansı hissləri keçirəcəksən?” Düzü, mən də, Rəfail müəllim də belə suala birbaşa cavab verə bilmərik.
Təsəvvürlə reallıq başqa-başqa nəsnələrdir. Tezliklə o yerləri düşmən tapdağından azad edib addım-addım gəzəndə (Rəfail müəllim söz verib ki, o müqəddəs torpaqları ziyarətə birlikdə gedəcəyik) gördüklərimiz hisslərimizin qolu-qanadı olacaq. Qürurlanacağıq, özümüzü daha güclü, dizlərimuz, ürəyimiz daha təpərli olacaq, addımlarımızı o yerlərə basan kumi duyğulanacağıq. O yerlərin otuna, çiçəyinə, dağına, düzünə, dərəsinə, sağ qalmış ağaclarına, başdaşıları barbar gülləsindən yaralanmış məzarlarına baş əyəcəyik.
“Doğulduğun, yaşadığın evi yoxluğun içində axtarmaq çox ağırdı”, qardaş. “Daşına, tozuna tapınmaq, əlini viran edilmiş, vəhşicəsinə dağıdılmış yerə uzadaraq “bu bizim evimizdi” deməyin hissini ifadə etmək olmur. Onu ancaq yaşamaq lazımdır. O hissi sükut yazacaq”.
“Varlıqla yoxluq arasındakı qarışıq hisslərin” sərhəddini, dadını orada biləcəyik. Evin-eşiyin özü yoxsa da, orada uşaqlıq, gənclik xatirələri, atalı-analı qayğısız günlərimiz bizi gözləyir. Həyətdəki doqquz qoz ağacı o vaxtdan bar vermir, bilirəm, doğmalarını, əzizlərini gözləyir (bəlkə də barbarlar o qoz ağaclarından bizim “intiqam”ımızı alıblar, onların gücü ancaq dinc əhaliyə, körpələrə, daşlara, ağaclara çatır).
Hamilə buludlardan “Qarabağa yağan yağış” simsarlarını görəndə qan ağlamayacaq, gözlərindən qan tökməyin sonu çatacaq. Buludlar çoxdan yetim, qısır qalmış torpağa can verəcək, nurlu damcılar göndərəcək. “Təkcə səngər görəndə yüksəkdən uçan quşlar” xoşbəxtliyimizin quşuna dönüb çiynimizə qonacaq, nəmlənmiş gözlərimizə baxıb bizi ovunduracaq, “mən də qayıtdım!” zümzüməsiylə yaralarımıza sığal çəkəcək. “Kimsəsiz həyətdə açan ətirsiz qızılgüllər bizi görən kimi ətriylə o yerləri yenidən cənnətə döndərəcək…
Bəsdir, qardaş, “öz-özümüzlə söhbət eləyib içimizdəki məni bezdirdiyimuz, indi bizim həmsöhbətlərimiz çoxdur – doğmaların, şəhidlik zirvəsinə ucalanların müqəddəs ruhları, elin, obanın, həyətin, evin, Vətənin azadlığa çıxan torpaqlarının hər qarışındakı xatirələr. Biz onları, oraları 30 il əvvəl tək-tənha qoysaq da, biz o xatirələrə, o xatirələr bizə əzizdir…
“Bizi özümüzə qaytaracaq” bu ilahi hisslərin dupduru axarında “içdən ah çəkərək illərin ağır yükündən boşalacağımız, o yerlərin “üzünə təbəssüm qoyub “axır ki, gəldiniz” deyərək bizimlə barışacağı günə lap az qalıb, lap az, Vətən həsrətli Vətən oğlu. “Tozundan, torpağından öpüb, gözümüzə işıq gələcək, yurdumuz yurd olacaq, biz də biz”…
Rəfail müəllim də, mən də bulud kimi dolduq, duyğulandıq, kövrəldik. Amma ağlamadıq, Ramiz Rövşən qoymadı bizi ağlamağa: “Kişilər ağlamaz, atam balası”.
Amma o yerlərin hər qarışı azad olunanda, 30 ildən sonra biz o yerlərlə qucaqlaşanda Ramiz müəllimin sözünə baxmayıb heç olmasa bircə damla sevinc yaşı ərmağan edəcəyik bizi bağışlayacaq o müqəddəs torpaqlara.
Bu bir damla göz yaşı bizim o yerlərdən üzrümüz olacaq. Bu üzr də bir “ayrı xoşbəxtlikdi, bir ayrı hissdi…”
Vətənimizin işğal atında qalan digər ərazilərində də bayrağımızın dalğalanmağına lap az qalıb.
“Gedək, qardaş, birgə çəkək bu Vətənin sərhəddini. Gedək, gedək, qardaş! Gedək!”…
Qazi şair qardaşımız Süleyman Abdullanın dediyi kimi:
Hamı bir-birini satan dünyada,
Bizik torpaq alan qan bahasına…
Vaqif Osmanov
29.10.2020.
Müstəqil.Az