“Bu gün meydana qələbə qazanmaq üçün çıxdığımızı göstərdik”.
“Qafqazinfo”nun məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna 1:2 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis avrokuboklarla vidalaşmalarını rəqibin çox güclü olması ilə əlaqələndirib:
“Hesaba nəzər yetirməsək, ilk 55 dəqiqəni yaxşı keçirdik. Konfrans Liqasından kənarda qalsaq da, öz rənglərimiz uğrunda mübarizə apardıq. Xarakterli komanda yaratmaq istəyirik. Hətta şansın çox az olsa belə, klubuna və təmsil etdiyin rənglərə hörmətlə yanaşırsansa, sona qədər mübarizə aparmalısan. İki oyun dörd hissədən ibarət oldu. Bunun bir hissəsini biz qazandıq”.
Baş məşqçi bəzi futbolçuların zədəli olmasına baxmayaraq, yaxşı mübarizə apardıqlarını düşünür:
“Əlimizdə olan silahlarla mübarizə apardıq. Strategiyaya nəzər yetirsək, gücümüzdən səmərəli yerinə yetirdik. “Beşiktaş”ın ehtiyatında 12, bizim isə 5 futbolçumuz var idi ki, xidmətindən yararlana bilərdik. Oyunçu sayı az olmasına baxmayaraq, bura turist kimi gəlmədiyimizi göstərdik”.
Artıq avrokuboklarla vidalaşdıqlarını vurğulayan 44 yaşlı mütəxəssis bundan sonra çempionata daha rahat hazırlaşacaqlarını deyib:
“Mövsümün startında oyunçularım çox yoruldular, enerji itirdilər. İndi istirahətə də vaxt ayırmağa çalışacağıq. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə qısa təlim-məşq toplanışı keçəcəyik. Bununla da çempionat görüşlərinə tamamilə köklənəcəyik”.
O, komandanın “sükanı arxası”nda olduğu 6 qarşılaşmanın cəmi birində qələbə qazanmalarına da münasibət bildirib:
“Bunun təzyiqi komandanın yox, mənim üzərimdə olmalıdır. Yaxşı təlim-məşq toplanışı keçməmələri onların günahı deyil. Sadəcə, sakitləşməli və istədiyim şeylərə inanmalıdırlar. Onlar yaxşı formaya düşdükdən sonra fərqli “Neftçi” görəcəksiniz”.
Qeyd edək ki, komandalar arasında Bakıda reallaşan ilk oyunda “Neftçi” 1:3 hesabı ilə məğlub olub.