Tabutuna sığmayan şəhidimizin doğum günüdür – FOTOLAR

Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan kəşfiyyatçı, gizir Dilsuz Məmmədağa oğlu Qarayevin doğum günüdür. Fiziki cəhətdən çox güclü olan hərbçimiz aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərərək Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Dilsuz 1990-cı il dekabrın 23-də Ağcabədi rayonun Hindarx qəsəbəsində anadan olub. Anası Cəvahir xanım deyir ki, Dilsuzun uşaqlıqdan idmana həvəsi olub. Həm də elə uşaqlıqdan hərbi vətənpərvərlik mahnılarını oxuyurdu. O, cəmisi üç il ailəli olub. 2013-cü ildə Röya xanımla ailə quran Dilsuz, 2016-cı ildə şəhid olur.
O, yadımızda tabutuna sığmayan şəhid kimi qalıb. Şəhid olandan sonra Dilsuzu tabuta qoymaq istəsələr də, o, tabuta yerləşmir. Ayrı bir tabut gətirib həmin tabuta calaq edirlər. Bundan sonra onu yaşadığı qəsəbəyə gətirib aprelin 4-də dəfn edirlər. Şəhid olmadan öncə Dilsuz yaxınlarına bu sözü deyir, “Mən düşmənimizdən xalqımızın qisasını yetərincə almasam, nə o dünyaya, nə də bu dünyaya sığmaram”. Doğrudan da o, dediyinə əməl etdi, tabutuna sığmadı. Amma inanırıq ki, Dilsuzun dediyi kimi onun hərbçi yoldaşları şəhidlərimizin qanını yerdə qoymayacaq.
Dilsuz Qarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Share: