Müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqal səngimək bilmir. Bu dəfə üçüncü bir şəxs də məsələyə daxil olunub. Ş.Tovuzlu İnstaqramda yayımladığı açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun adını hallandırıb. Vəfaya “keçmişini unutma” deyən Şəbnəm söyləyib ki, Allah Tacir Şahmalıoğlunun canını sağ eləsin. Müğənninin bu sözü sosial şəbəkələrdə müzakirə doğurub. Hər kəs bir sualın cavabı haqda düşünüb: Vəfa Şərifova ilə Tacir Şahmalıoğlu arasında nə baş verib?
Müstəqil.Az bildirir ki, “Sherg.az” da məsələyə aydınlıq gətirmək üçün T.Şahmalıoğlunun özü ilə əlaqə saxlayıb. Müğənni deyib ki, Vəfa ilə Şəbnəmin münaqişəsi ona xoş deyil: “Çünki ikisi də mənə yaxın adamlardır. Bu qalmaqalda onların bir çıxarı yoxdur. Əksinə itirdikləri var. Hər ikisi də kariyeralarına ləkə gətirirlər. Bir böyük kimi məsələhət görürəm ki, sevənlərinə mənfi enerji ötürməsinlər.
Ölüm-itim dünyasıdır, pandemiya tüğyan edir. Belə bir zamanda barış-sülh olsun. Bunu tövsiyə edirəm. Vəfa xanıma gəlincə… O bir neçə il bundan əvvəl mənə müraciət etdi ki, istəyirəm öz ayaqlarımın üzərində dayanım, müstəqil bir insan olum, sənətdə mənə kömək edin. Mən də yardım etmişəm, müğənnilik öyrətmişəm.
İndi isə Vəfa tanınmış müğənnidir. Yəni o mənim tələbəmdir. Ayaq üstə qaldırmışam. Ailəsinə, qardaşlarına, bacılarına da dayaq olub. Keçmiş budur. Başqa nə ola bilər ki?”
Müstəqil.Az