(Şərqdə ilk çadrasını atan,
Babiliyi ilk qəbul edən yeganə türk qadın)
Şərqdə Zərrin adlı bir ulduz doğdu,
Yayıldı ziyası bütün Qəzvinə.
Sanki xəyal kimi bir ruh yüksəldi,
O tutqun şəhərin künbəzlərinə.
Bəsirət gözüylə baxdı ətrafa,
Seçildi çoxluqdan, qələbəlikdən.
Əsir qadınları düzərək safa,
Çalışdı çıxartsın o, köləlikdən.
Bir dəfə bir kitab keçdi əlinə,
Oxudu, yox oldu könlünün qəmi.
Babı tanıdıqca sanki əridi,
Qar Gün işığında əriyən kimi.
Amma qarşısında divarlar vardı,
Yolunu kəsirdi əri, atası.
Qurandan gəlməyən hər səsə kardı,
Babiliyə düşmən qayınatası..
Gözü parıldadı fitnə-fəsadın,
Tikanlar dolaşdı gülə, nərgizə.
Atdı atasının verdiyi adı,
Başladı o gündən sərt mübarizə.
Atdığı addımlar çox mətin idi,
Həm də cəsarətli, qorxmaz, yenilməz.
Bu da İlahinin hikməti idi,
Bu sirri çoxları anlaya bilməz.
Yeni din, yeni yol, hər şey yeniydi,
Tahirə olmuşdu yeni adıyla.
Babın əziziydi – Qürrətüleyndi,
Dinini yayırdı ağız dadıyla.
Etibar etmirdi qələm-kağıza,
Paslı qulaqları yuyurdu səsi…
Kənd-kənd, şəhər-şəhər dilə-ağıza
Çatırdı bir gündə neçə xütbəsi.
Şeirlər qoşurdu öz cənnətinə,
Qəlbini vermişdi nura, işığa,
O ruh da nə zaman düşsə çətinə,
Baxırdı göz nuru bu yaraşığa.
Tahirə – pak qadın, mübariz qadın,
Ruhunu min yerə tikələyirdi.
Təbrizdən, Tehrandan, Bağdaddan keçib,
Kərbəla, Nəcəfi silkələyirdi.
Nə gücü vardısa sərgiləyirdi,
Qorusun tək insan hüquqlarını.
İran iqtidarı fərman verirdi,
Şöhrəti aşdıqca hüdudlarını.
Üsyana girirdi hey başı hovlu,
O gedir, gəlirdi başqa bir dəstə.
Nitqlər söyləyirdi odlu-alovlu, –
Məzlumlar ölürdü torpağın üstə..
Haqsızlıq, işsizlik, cəlladca şərtlər,
Şah, dindar boynuna almır təqsiri.
Çarə tapmayanda saysız dərdlərə,
Dadına çatırdı Quran təfsiri.
Yox, xeyri olmurdu nadana sözün,
Bitmirdi həbslər və işgəncələr.
Dərdlər uzanırdı uzundan uzun,
Əzaba dönürdü zülmət gecələr.
Üç körpə balası uzaqda idi,
Hərdən onlar üçün çox darıxırdı.
Dönüb başı üstdən məmləkətinin,
Xoşbəxt günlərinə bir də baxırdı…
Bu dözüm verirdi Qürrətüleynə,
Gül üzü bir anda yenə gülürdü.
Özü kəfənini geyib əyninə,
Başı qoltuğunda işin görürdü.
Etiraz eylədi şaha, saraya,
Yıxdı o keçilməz, möhkəm hasarı.
Türk qızı bəxtini büküb qaraya,
Könüllü gedirdi edama sarı.
Bu da son.. sevinc var yanaqlarında,
O öz təlimiylə qalxır, ucalır.
Sözlər gülümsəyir dodaqlarında,
Babın şərəfinə qələbə çalır.
Adilə Nəzərova
Filologiya üzrə fəlsəfə doktoru, şair
Müstəqil.Az