“Əvvəlcə Türkiyə xalqına başsağlığı verirəm. “Qarabağ”ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Funksioner “köhlən atlar”ın Azərbaycan futbolunun tarixində yeni ilkə imza atdığını bildirib:
“Pley-off mərhələsində ilk qələbəmizdir. Çox uğurlu addımdır. Amma oyun hələ bitməyib. Bu qələbə heç nə demək deyil. Fevralın 23-dəki cavab oyununda mən də Belçikada olacağam. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Tarixi görüşə çıxacağıq”.
O, oyundan razı qaldığını söyləyib:
“Bilirsiniz ki, komandada çox dəyişikliklər baş verdi. Gedən, zədə səbəbindən oynaya bilməyən futbolçularımız oldu. Amma sevinirəm ki, “Qarabağ” bu gün heç bir oyunçudan asılı olmadığını sübut etdi. Biz artıq Avropa klubuyuq. Komandanın artıq ənənəsinin olduğunu, Avropa futbolu sərgilədiyini, həmçinin Qurban Qurbanovun məharətini bir daha gördük. Fəxr edirəm. Qoy, bu qələbə xalqımıza təsəlli olsun”.