Mart ayınıın 17-də NATO Baş katibi Yens Stoltenberq Azərbaycana səfər edib. Bu səfər Azərbaycan-NATO münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib. Otuz ildən artıq tarixə malik olan Azərbaycan və NATO arasında mövcud olan dialoq uğurla davam edir. Azərbaycanın NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və müdafiə məsələlərinə yönələn praktiki əməkdaşlıqdan ibarətdir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarilə Azərbaycanın SNT Təqdimat Sənədi, Planlaşdırma və Analiz Prosesi və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında öz əksini tapmışdır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sahəsində islahatlar aparılması, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir. Bu baxımdan, Azərbaycanın Kosovada və Əfqanıstanda sülhməramlı əməliyyatlarında iştirak etməsi ölkəmiz üçün böyük təcrübə olub.
Millət vəkili Tamam Cəfərova qeyd edib ki, ölkə Başçımız NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda uzun illər davam edən müzakirələr zamanı həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışdığını xüsusilə qeyd edib: “ Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.” Bəli, cənab Prezidentin də dediyi kimi Azərbaycan 30 ilə yaxın pozulan beynəlxalq hüququ və ədaləti özü təkbaşına bərpa edib. Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə, beynəlxalq hüququ və ədaləti də bərpa edib. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın təcrübəsi uzun illər həllini tapmayan münaqişələrin həlli üçün nümunə təşkil edir. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındır. Şübhəsiz ki, sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə səbəb olacaq.
Ümumilikdə Azərbaycan və NATO əməkdaşlığı transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Həmçinin, NATO üçün mühüm strateji-coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla tərəfdaşlıq olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın əlverişli strateji mövqeyi, hərbi, iqtisadi və enerji imkanları NATO tərəfindən yüksək qiymətləndirilir. Qeyd edək ki, NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Şübhəsiz ki, gələcəkdə də tərəfdaşlarımızın sayı daha da artacaq. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində dünyada mövqeyi günü-gündən daha da möhkəmlənir.