Tamam Cəfərova: “Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq”

Tamam Cəfərova: “Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq”

Bu gün 26 avqust- Laçın şəhəri günüdür.Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Laçın şəhəri günü münasibətilə başda laçınlılar olmaqla  bütün Azərbaycan xalqını təbrik edirəm.

Laçınlılar  öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. 44 günlük Vətən müharibəsində əldə olunan mühüm qələbədən sonra Azərbaycan strateji əhəmiyyətli böyük layihələrin icrasını həyata keçirir. Bu layihələrin mərkəzində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrası mühüm əhəmiyyət kəsb edir.

Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində  Azərbaycana təhvil verilmişdir. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa edib. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilib. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdü.

Bu sözləri saytımıza açıqlamasında VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova deyib.

O, qeyd edib ki, Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdu. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Erməni vandallarıının törətdikləri vəhşiliklər nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Təəssüflər olsun ki, dünyanın aparıcı beynəlxalq təşkilatları bütün bu vandalizm qarşısında susur. Ermənistanın bu davranışlarını yerində qiymətləndirmək və əsl reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün təşəbbüs göstərməli olan beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edirlər.

Laçının işğaldan azad olunması mühüm tarixi hadisədir. Artıq, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarında qürurla yaşayır.Cənab Prezident İlham Əliyevin dediyi kimi “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Azərbaycan xalqı xoşbəxt günlər yaşayır. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz işğaldan azad olunan bütün ərazilərdə davamlı quruculuq işlərinin həyata keçirildiyini görürük. Bu quruculuq işlərinin fonunda dirçələn tarixi torpaqları və reallıqları görürük.

Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən Tamam Cəfərova bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Artıq Laçın rayonunda həyata keçirilmiş layihələr onu deməyə əsas veri ki, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevrilməkdədir.

 

 

 

 

 

 

Share: