Tanınmış bankın adına oxşar səhifələr açıb pulları mənimsədi

Tanınmış bankın adına oxşar səhifələr açıb pulları mənimsədi

Sosial şəbəkələrdə tanınmış bankın adına oxşar səhifələr yaradaraq insanlara qarşı dələduzluq edən Vidadi Məmmədovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1997-ci il təvəllüdlü V.Məmmədova 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Məlum olub ki, 26 yaşlı Vidadi sosial şəbəkədə bank adından bir neçə səhifə yaradıb. O, bu səhifələrin adlarına aldanaraq kredit üçün müraciət edən şəxslərin kart hesablarında olan məbləğləri mənimsəyib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, o, həmin səhifələri 2022-ci ilin fevralında yaradıb. Vidadi səhifələrin inandırıcı olması üçün banka məxsus reklamları da paylaşıb.

Bundan sonra müxtəlif şəxslər kredit almaq üçün həmin səhifəyə mesajlar yazıb. O da kredit verilməsi üçün müraciət edən şəxsin kartında müəyyən pul vəsaitinin olmalı olduğunu bildirib. Vətəndaşların kart məlumatlarını əldə etdikdən sonra isə həmin məbləğləri mənimsəyib. Onun 4 vətəndaşa vurduğu ümumi ziyan 6935 manat olub.

Share: