(Azərbaycan Respublikasının idman ustası Nurəddin İsmayılovun həyat yolu)
Hər bir zaman və məkanda müəyyən insanlar öz peşəsi üzrə peşəkarlığı ilə seçilir, eyni halda malik olduqları yüksək insani keyfiyyətlərinə görə cəmiyyət və xalq tərəfindən sevilərək hörmətə layiq görülür. Belələri adətən yeniyetmə və gənc nəsil tərəfindən daha çox sevilərək pərəstiş edilir, özlərini belə dəyərli insanlara bənzətməyə çalışırlar.
Heç şübhəsiz, belə insanlardan biri də, hələ 15 yaşında ikən idmanın sərbəst güləş üzrə Azərbaycan çempionu olmuş, 18 yaşında isə keçmiş Sovetlər Birliyində idman sahəsinin ən yüksək fəxri adlarından sayılan “Master sport” (İdman ustası) fəxri adına layiq görülmüş Azərbaycan Respublikasının idman ustası Nurəddin İsmayılovdur. O, təkcə doğulduğu rayonda deyil, həm də respublika səviyyəsində güləş sahəsinin tanınmış, peşəkar və texnikalı çempionu olmaqla yanaşı, malik olduğu bir sıra müsbət və təqdirəlayiq xislətləri ilə hər zaman böyük hörmətə layiq görülmüş və görülməkdədir.
Bu qısa təqdimat yazısında doğma yurdumuzun belə bir tanınmış, dəyərli və hörmətli çempionu barədə müəyyən məlumatları qələmə almaq, oxucular və xüsusilə də əziz gənclərin onu daha yaxından tanımasına çalışacağıq…
Bioqrafik məlumat:
İsmayılov Nurəddin Əcəbəli oğlu. 1970-ci ilin may ayının 11-də keçmiş Azərbaycan SSR-nın Cəlilabad şəhərində bir ziyalı ailəsində dünyaya göz açmışdır. 1977-ci ildə Cəlilabad şəhər 2 saylı tam orta məktəbinə daxil olmuş, 1987-88 tədris ilində orta məktəbi müvəffəqiyyətlə bitirərək orta təhsil haqqında Attestatını almışdır.
Orta təhsilini bitirdikdən sonra 1988-89-cu tədris ilində S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının) I kursuna daxil olmuş, 1992-ci ildə Bədən tərbiyəsi müəllimi ixtisası üzrə ali təhsilini bitirərək Diplomunu almışdır.
Nurəddin İsmayılov hələ uşaq və yeniyetmə yaşlarından etibarən idmanın futbol və sərbəst güləş sahələrinə xüsusi maraq göstərmiş, evdə valideyni tərəfindən tətbiq edilən bir sıra məhdudiyyətlərə rəğmən təxminən 10 yaşında ikən Cəlilabad şəhərinin “Məhsul” Stadionunda keçirilən güləş dərslərində yaxından iştirak etməyə başlamışdır. Onun bu sahədə ilk və əsas müəllimi doğma Cəlilabad rayonunda sərbəst güləş idman növünün banisi, keçmiş SSRİ İdman ustası və sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi Ərəbxan Hətəmov olmuşdur. O, Ərəbxan müəllimdən sərbəst güləşin məharətlərini öyrənmiş və az bir müddət ərzində Cəlilabad rayonu, Cənub bölgəsi və respublika səviyyəsində tanınmış güləşçilərdən birinə çevrilmişdir. Təkcə 15 yaşında ikən sərbəst güləş üzrə Azərbaycan çempionu olmuş, haqqında dövrü mətbuatda müxtəlif yazılar dərc edilmişdir.
İstər orta, istərsə də ali təhsil aldığı müddət ərzində idmanın güləş növündə tanınmış və bacarıqlı simalardan birinə çevrilmiş, ali təhsil aldığı illərdə Azərbaycan yığma komandası tərkibində dəfələrlə ölkə daxili və eləcə də, beynəlxalq yarışların iştirakçısı və yüksək nəticələr əldə etmiş qalibi olmuşdur. Bu barədə onun ölkə daxili yarışlardan əlavə, keçmiş SSRİ-nın paytaxtı Moskva şəhəri, eləcə də, Belarus, Estoniya, Moldova, qardaş Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası və s. xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda fəal iştirakı və əldə etdiyi uğurlarını xüsusilə qeyd etmək lazımdır.
Təkcə 1988-ci ildə idmanın sərbəs güləş sahəsində qazandığı nailiyyətlərə görə keçmiş Sovetlər Birliyində “Master sport” (İdman ustası) fəxri adına layiq görülmüş, bununla bağlı ona № 0237252 nömrəli rəsmi vəsiqə və döş nişanı verilmişdir. Azərbaycan Respublikasının müstəqillik illərində (1996-cı ildə) isə həmin fəxri adın dublikatı olaraq ona sərbəst güləş üzrə Azərbaycan Respublikasının “İdman ustası” fəxri adı verilmiş, bununla bağlı ona № 00276 saylı vəsiqə və döş nişanı təqdim edilmişdir.
Doğma elimizin bu dəyərli oğlu və peşəkar güləşçisi Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində Bakıda ali təhsil aldığı zaman baş vermiş I Qarabağ Müharibəsinə könüllü olaraq qatılmış, Ağdam rayonu ərazisində təcavüzkar ermənilərə qarşı rəşadətlə vuruşaraq yaralanmışdır. O, həm də 1992-ci ilin fevral ayının 26-da Xocalıdan Əsgərana sığınmış bir qrup Xocalı əhalisinin ərazidən çıxarılmasına yaxından yardım etmişdir. Hal-hazırda bununla bağlı bir sıra video materiallar da, mövcuddur. Bütün bunlara baxmayaraq bu günə (23.04.2022) kimi heç bir aidiyyatı qurumdan bununla bağlı hər hansı bir maddi yardım, pensiya, təqaüd və s. tələb etməmiş və almamışdır. Məlumat üçün qeyd etmək lazımdır ki, I Qarabağ Müharibəsində doğma Cəlilabad rayonundan yalnız 3 idmançı könüllü olaraq bu savaşa qatılmışdır. Onlardan biri Nurəddin İsmayılov, digəri İlham Abasov, digəri isə Şahin Əliağa oğlu Hüseynov olmuşdur.
Qazi Nurəddin İsmayılov 01 noyabr 1996-cı ildən etibarən idman ustası və bədən tərbiyəsi müəllimi olaraq Cəlilabad rayon UGİM-də sərbəst güləş üzrə müəllim vəzifəsində işləmişdir…
2010-cu ildə ailə həyatı qurmuş, 2012-ci ildə isə Nuru adlı bir oğul övladı dünyaya gəlmişdir. Hal-hazırda oğlu Nuru İsmayılov orta məktəbin IV sinif şagirdidir.
İdman sahəsində uğurları:
Azərbaycan Respublikasının idman ustası Nurəddin İsmayılov uşaq və yeniyetmə yaşlarından etibarən idmanın sərbəst güləş növü üzrə peşəkar məşqlərə qatılaraq güləş dərslərində yaxından iştirak etmiş və sözün həqiqi mənasında bacarıqlı və texnikalı güləşçiyə çevrilmişdir. O, qısa müddət ərzində peşəkar güləşçi kimi önə çıxmış, rayon, region, respublika, ümumittifaq və ardınca beynalxalq yarışlara qatılaraq bir çox uğurlara imza atmışdır. Məhz bu uğurlara görə bir çox fəxri fərman, qramota, medal, döş nişanı, kubok və mükafatlara layiq görülmüşdür. Burada həmin uğurların əsas hissəsi ilə tanış oluruq:
1. 27-30 may 1984-cü il tarixində keçmiş Belarus SSR-nın Pinsk şəhərində sərbəst güləş üzrə keçirilmiş yarışda 29 kq. çəki dərəcəsində I yerə çıxmış və Qramotaya layiq görülmüşdür.
2. 1984-cü ildə lagerdə keçirilmiş futbol üzrə birincilikdə I yeri tutmuş və Diploma layiq görülmüşdür.
3. 08-12 may 1984-cü il tarixində Lənkəran şəhərində sərbəst güləş üzrə 1970-71-ci illərdə anadan olmuş idmançılar arasında respublika idman internatına seçmə yarışda 29 kq. çəki dərəcəsində II yerə çıxmış və III dərəcəli Diploma layiq görülmüşdür.
4. 26-28 oktyabr 1984-cü il tarixində sərbəst güləş üzrə keçirilmiş turnirdə 35 kq. çəki dərəcəsində I yerə çıxmış və Qramotaya layiq görülmüşdür.
5. 10-11 noyabr 1984-cü il tarixində Cəlilabad şəhərində sərbəst güləş üzrə rayon birinciliyində 32 kq. çəki dərəcəsində I yerə çıxmış və Diploma layiq görülmüşdür.
6. 10-13 oktyabr 1985-ci il tarixində sərbəst güləş üzrə yeniyetmələr arasında “Məhsul” KİC-nin birinciliyində 38 kq. çəki dərəcəsində I yerə çıxmış və Qramotaya (Fəxri fərmana) layiq görülmüşdür.
7. 25-27 oktyabr 1985-ci il tarixində keçirilmiş ümumittifaq turnirində 45 kq. çəki dərəcəsində III yerə çıxmış və Qramotaya layiq görülmüşdür.
8. 1985-ci ildə sərbəst güləş üzrə rayon birinciliyində göstərdiyi yüksək texnikaya görə Qramotaya layiq görülmüşdür.
9. 21-24 fevral 1986-cı il tarixində keçmiş Belarus SSR-nın Qrodno şəhərində sərbəst güləş üzrə keçirilmiş çempionatda I yerə çıxmış və Qramotaya layiq görülmüşdür.
10. 18-20 aprel 1986-cı il tarixində keçmiş Belarus SSR-nın paytaxtı Minsk şəhərində sərbəst güləş üzrə keçirilmiş yarışda 44 kq. çəki dərəcəsində I yerə çıxmış və Qramotaya layiq görülmüşdür.
11. 25-29 iyun 1986-cı il tarixində Quba şəhərində keçirilmiş Milli güləş üzrə “Məhsul” Cəmiyyəti respublika şurasının birinciliyində 42 kq. çəki dərəcəsində I yerə çıxmış və Diploma layiq görülmüşdür.
12. 24-26 oktyabr 1986-cı il tarixində keçmiş Belarus SSR-nın Pinsk şəhərində sərbəst güləş üzrə keçirilmiş ümumittifaq yarışda 45 kq. çəki dərəcəsində I yerə çıxmış və Qramotaya layiq görülmüşdür.
13. 02 yanvar 1987-ci il tarixində Bakı şəhərində keçirilmiş sərbəst güləş üzrə yarışda 48 kq. çəki dərəcəsində I yerə çıxmış və sabiq Azərbaycan SSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən Diploma layiq görülmüşdür.
14. 19-22 fevral 1987-ci il tarixində Füzuli şəhərində Milli güləş üzrə “Məhsul” Cəmiyyəti respublika şurasının birinciliyində 48 kq. çəki dərəcəsində I yerə çıxmış və Diploma layiq görülmüşdür.
15. 22 fevral 1987-ci il tarixində Füzuli şəhərində sərbəst güləş üzrə keçirilmiş respublika birinciliyində 48 kq. çəki dərəcəsində I yeri tutmuş, Füzuli rayonunun keçmiş Azərbaycan LKGİ tərəfindən fəal iştirakı və ən texnialı güləşçi adına layiq görülərək fəxri fərmanla təltif edilmişdir.
16. 20 mart 1987-ci il tarixində Bakı şəhərində sərbəst güləş üzrə keçirilmiş Azərbaycan birinciliyində II yerə çıxmış və sabiq Azərbaycan SSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən Qramotaya layiq görülmüşdür.
17. 1987-ci ilin oktyabr ayında Bakı şəhərində sərbəst güləş üzrə 1970-72 təvəllüdlülər arasında keçirilmiş yarışda 50 kq. çəki dərəcəsində I yerə çıxmış və Qramotaya layiq görülmüşdür.
18. 22-26 noyabr 1987-ci il tarixində Şamaxı şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilmiş respublika birinciliyində 52 kq. çəki dərəcəsində I yerə çıxmış və I dərəcəli Diploma layiq görülmüşdür.
19. 25-27 dekabr 1987-ci il tarixində keçmiş SSRİ-nın paytaxtı Moskva şəhərində sərbəst güləş üzrə keçirilmiş turnirdə 50 kq. çəki dərəcəsində III yerə çıxmış və Diploma layiq görülmüşdür.
20. 24 yanvar 1988-ci il tarixində keçmiş Moldova SSR-nın paytaxtı Kişinyov şəhərində sərbəst güləş üzrə keçirilmiş yarışda 48 kq. çəki dərəcəsində III yerə çıxmış və Diploma layiq görülmüşdür.
21. 11-13 mart 1988-ci il tarixində keçmiş Estoniya SSR-nın paytaxtı Tallin şəhərində sərbəst güləş sahəsində “Baltika kuboku” üzrə keçirilmiş ümumittifaq turnirdə 52 kq. çəki dərəcəsində I yerə çıxmış və Diploma layiq görülmüşdür.
22. 27-30 aprel 1988-ci il tarixində Bakı şəhərində keçirilmiş sərbəst güləş üzrə yarışda 50 kq. çəki dərəcəsində I yerə çıxmış, sabiq Azərbaycan SSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən Diploma layiq görülmüşdür.
23. 28 aprel 1989-cu il tarixində Sumqayıt şəhərində gənclər üzrə keçirilmiş respublika idman oyunlarında 57 kq. çəki dərəcəsində I yerə çıxmış və Diploma layiq görülmüşdür.
24. 27 avqust 1989-cu il tarixində Bakı şəhərində sərbəst güləş üzrə keçirilmiş ümumittifaq çempionatda 57 kq. çəki dərəcəsində II yerə çıxmış və Diploma layiq görülmüşdür.
25. 03 dekabr 1989-cu il tarixində Şamaxı şəhərində sərbəst güləş üzrə keçirilmiş Azərbaycan birinciliyində 57 kq. çəki dərəcəsində I yeri tutmuş və Diploma layiq görülmüşdür.
26. 02-06 sentyabr 1990-cı il tarixində sərbəst güləş üzrə keçirilmiş Azərbaycan birinciliyində I yerə çıxmış və Diploma layiq görülmüşdür.
27. 04-11 dekabr 1990-cı il tarixində İran İslam Respublikasının Təbriz şəhərində keçirilən “Came azadeqan” (Azad insanlar kuboku) beynəlxalq güləş yarışında qalib olmuş və mükafata layiq görülmüşdür…
28. 1991-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilmiş “Beynəlxalq Cümhuriyyət kuboku” güləş yarışında 57 kq. çəki dərəcəsində II yerə çıxmış, Türkiyə Cümhuriyyətinin Gənclər və İdman Nazirliyi tərəfindən Diplom və medala layiq görülmüşdür.
29. 30 mart 1991-ci il tarixində keçmiş Belarus SSR-nın Mogilyov şəhərində sərbəst güləş üzrə keçirilmiş yarışda 57 kq. çəki dərəcəsində I yerə çıxmış və Diploma layiq görülmüşdür…
Məlumat üçün qeyd etmək lazımdır ki, Nurəddin İsmayılovun bu diplom, qramota və fəxri fərmanlardan əlavə, ümumilikdə ölkə daxili və xaricində, xüsusilə də keçmiş Sovetlər Birliyinin müxtəlif respublikalarında sərbəst güləş üzrə keçirilmiş müxtəlif yarış, turnir və görüşlərdə layiq görüldüyü 8 medalı, 12 döş nişanı və digər bir çox kubok və mükafatları vardır.
Mətbuat səhifələrində:
Azərbaycan Respublikasının idman ustası Nurəddin İsmayılov sərbəst güləş sahəsində qazandığı çoxsaylı uğurlara görə region və respublika səviyyəli müxtəlif mətbu orqanlar tərəfindən diqqət mərkəzində olmuş, barəsində bir sıra məqalə və yazılar dərc edilmişdir. Həmin mətbu orqanlardan biri də, Azərbaycanın idman mətbuatında ən böyük tarixə malik və 1932-ci ildən etibarən nəşr edilən “İdman” qəzetindən ibarət idi. Burada tanınmış və peşəkar idmançı N.İsmayılov barədə ölkənin mətbuat səhifələrində nəşr edilmiş məqalə və yazılardan bir neçəsi ilə tanış oluruq:
1. “İdman” qəzeti, 16 oktyabr 1987-ci il, səh: 3-də “Çempionların sıraları genişlənir” adlı yazı. Bu yazıda N.İsmayılovun həmin ildə sərbəst güləş üzrə respublika birinciliyində əldə etdiyi nailiyyətdən danışılmışdır.
2. “İdman” qəzeti, 01 yanvar 1988-ci il, səh: 4-də “Yeni il ərəfəsində qələbə” adlı yazı. Bu yazıda N.İsmayılovun Moskva şəhərində keçirilmiş sərbəst güləş yarışında III yerə layiq görülməsindən söz açılmışdır.
3. “Yeni gün” qəzeti, 30 yanvar 1988-ci il, səh: 4-də “Respublika yığma komandasının üzvləri” adlı məqalə. Bu yazıda Nurəddin İsmayılovun Moskva şəhərində sərbəst güləş üzrə keçirilmiş ümumittifaq turnirdə fərqləndiyi və idman uğurlarından danışılmışdır.
4. “İdman” qəzeti, 17 iyun 1988-ci il, səh: 4-də “Bakı çempionatına vəsiqə uğrunda” adlı yazı. Bu yazıda N.İsmayılovun sərbəst güləş üzrə keçirilmiş yarışlarda 50 kq. çəki dərəcəsində I yeri tutması və idman uğurlarından söz açılmışdır.
5. “İdman” qəzeti, 30 aprel 1989-cu il, səh: 2-də “Gərgin mübarizə şəraitində” adlı yazı. Bu yazıda isə Nurəddin İsmayılovun Sumqayıt şəhərində M.Hüseynzadə adına stadionda IV respublika idman oyunları çərçivəsində keçirilmiş sərbəst güləş turnirində göstərdiyi uğurlarından söz açılmışdır…
Xüsusiyyətləri:
Doğma Cəlilabad diyarının tanınmış idmançıları və sərbəst güləş üzrə peşəkarlarından sayılan Azərbaycan Respublikasının idman ustası Nurəddin İsmayılov indiyədək cəmiyyət arasında yeniyetmə və gənc nəsildən tutmuş orta yaşlı və yaşlı nəsil arasında öz adı, hörməti və səviyyəsi ilə tanınır və hörmətə layiq görülür. Heç şübhəsiz, ona qarşı sərgilənən bu böyük hörmət və sevgi əslində onun öz şəxsi xüsusiyyətləri və özəl xislətləri sayəsində yaranmış və bu gün də davam etməkdədir.
Burada ixtisara riayət edərək bu dəyərli idmançının malik olduğu əsas müsbət xüsusiyyətlərdən bir neçə önəmli olanları sadalamaq olar:
1. İdmanda öz sahəsinin peşəkarı;
2. Vətənpərvərlik;
3. Mərdlik və qeyrət;
4. Doğru-dürüstlük;
5. Ulu Tanrıya bağlılıq;
6. Həyatda radikallıq və xurafatdan uzaq;
7. Qətiyyət və möhkəm iradə…
Heç şübhəsiz, Nurəddin İsmayılovun bu gün cəmiyyət arasında malik olduğu yüksək hörməti və eləcə də, cəmiyyətin müxtəlif təbəqələri arasında nüfuz sahibi olmasının əsas sirri yuxarıda təqdim edilən xislətləri və müsbət dəyərlərindən irəli gəlmişdir. O, həmin nüfuzundan daha çox cəmiyyət arasında barışıq və dostluq münasibətləri yaratmaq, həmçinin, qarşıdurma və toqquşmaya mane olmaq hədəfi ilə çox ustalıqla istifadə etməyi də bacarır.
Gənclərə tövsiyəsi:
Cəlilabad diyarının peşəkar və tanınmış idmançılarından sayılan, eyni halda öz doğru-dürüstlüyü və mərdliyi ilə şöhrət qazanmış Nurəddin müəllimin gənclərə tövsiyəsi bundan ibarətdir:
“Gənclərə tövsiyəm budur ki, tüfeyli həyat tərzindən çəkinsinlər. İdmanla məşğul olub sağlam həyat sürsünlər. Pis vərdişlər və xüsusilə də, narkotikdən uzaq olsunlar. Ailələri və ətrafdakılara yaxşı işlərdə yardımçı olsunlar. Valideynləri və cəmiyyətin ağsaqqallarına hörmətlə yanaşıb həyatda hər zaman doğru-dürüst olsunlar. Gözəl həyat da elə bundan ibarətdir…”
Mən də, öz növbəmdə Ulu Tanrıdan doğma yurdumuzun idman sahəsində tanınmış və hörmətli simalarından sayılan əzizimiz Nurəddin müəllim İsmayılova uzun və mənalı ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və həyatda uğurlar diləyirəm!
İlqar İsmayılzadə
(İlahiyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü)
22.04.2022