Uşaqlıqdan qaranlığı sevməmişəm. Elə bilmişəm ki, qaranlıq özü ilə dərd-ələm, sıxıntı gətirir. Həmişə çalışmışam ki, qaranlığı özümdən qovam. Qaranlıq haqqında düşünməmişəm heç vaxt. Hər qaranlıq yolun sonunda işıq görməyə alışmışam. İşığı, ayı, günəşi sevmişəm, içimdə onlara yer etmişəm həmişə. Ancaq indi elə bilirəm ki, hər yer qaranlıqdır, qaranlıqdan çıxmağa işıq axtarıram. İşıq haradadır görəsən?
Siz heç ümidləri yalın olan bir adamın işığa qovuşmaq uğrunda mübarizəsinin şahidi olmusunuzmu? Mən indi o adam kimiyəm. Dost itkisi çox ağırdır. Bu itki qara sancı kimi bütün vücudumu ağrıdır, ürəyimi qəddarlıqla dişləyir, ruhumu qana boyayır. Bu itkini mənə və can dostlarına aşıq Vüqar Mahmudoğlu yaşatdı. Vüqarın ölümü bizi elə sarsıtdı, elə ağrıtdı ki, nə ilə təsəlli tapacağımızı bilmirəm.
Bir neçə gün əvvəl dəyərli həmkarım və dostum Samir Güləliyev Vüqarın infarkt keçirdiyini, komaya düşdüyünü və Gömrük Hospitalına yerləşdirildiyini dedi. Vüqarın xəstələnməsi xəbəri ildırım kimi bütün şəhərə yayıldı, sosial şəbəkə istifadəçiləri də bizim kimi tanınmş aşıq dostumuzun, ustad oğlunun ağır vəziyyətdə olduğunu böyük narahatlıqla qarşıladılar, heç kəs Vüqardan duasını əsirgəmədi… Ancaq Tanrı duamızı qəbul etmədi. Tanrıya çatmadı duamız. Vüqarı öz dərgahına apardı Allah. Bu gün saysız suallar qarşısında aciz qalmışıq. Vüqarın ömür işığını Allah niyə belə erkən söndürdü. Vüqar qaranlığı sevmirdi, Vüqar işığın aşiqi idi. Yeri gəlmişkən, elə aşıq sözünün mahiyyətində də işıq sözü dayanır. Ətrafa könlündən işıq saçırdı Vüqar.
Vüqar komadan ayılmışdı, əməliyyatı da uğurlu keçmişdi… Ancaq qəfil nə oldu ki, onun ürəyi dayandı? Nə baş verdi o anlarda, bilmirəm. Onu bilirəm ki, üzü qara olmuş əcəl onu əzizlərindən, sazsevərlərdən qoparmağı bacardı. Bütün sazsevərlər ağladı Vüqarın qəfil köçünə. Heç kəs inanmırdı ki, o bizi belə tezliklə tərk edə bilər.
Çox cavan idi Vüqar. Hələ 48 yaşını tamamlamamışdı. Hələ neçə-neçə arzuları, dostlara verdiyi saysız vədləri vardı.
Vüqar zarafatı həddən artıq sevirdi. Hər adamla zarafatı tutmazdı təbii ki! Zarafatı tutan adamların hamısı Vüqardan, sözün əsl mənasında, elektrik alırdı.
Mən aşıq məclislərində, tədbirlərində tez-tez oluram. Elə bir tədbir olmazdı ki, Vüqar orada iştirak etməsin. Mən səhnə arxasına keçəndə aşıqlar başıma toplaşırdı. O aşıqların arasında Vüqar həmişə seçilirdi. Öz zarafatı, şuxluğu ilə söhbətlərə bir başqa cür rəng qatırdı. Vüqar içəri girəndə hamının üzü işıqlanırdı. Elə bil içəri daxil olanda özü ilə böyük bir işıq topası gətirirdi. O işıqdan hamıya pay düşürdü. O tədbirlərdən, görüşlərdən o qədər xatirələr var ki…
Vüqarlı günlərin elə incə, elə həssas, elə gözəl duyğuları yadigar qalıb ki! Vüqarın surəti gözlərim qarşısından getmir. Mənə baxıb gülümsəyir. Həmişə məni görəndə nə isə bir hava zümzümə edirdi. Ən çox da Tufarqanlı Abbasdan deyirdi.
Vüqar Mahmudoğlu yalnız gözəl dost, ləyaqətli şəxsiyyət, əvəzsiz ailə başçısı, vəfalı oğul deyildi, o həm də gözəl sənətkar idi. Bənzərsiz səsi, özünəməxsus ifaçılıq manerası olan, yüksək səhnə mədəniyyətinə malik bir sənətkar idi. Vüqar gözəl aşıq olmaqla yanaşı, çox istedadlı bir qarmon ifaçısı idi. Deyərdim ki, o, qarmonu heç bir peşəkar qarmon ifaçısından zəif çalmırdı. Aşıq Vüqar Mahmudoğlu Şirvan aşıq mühitinin zirvələrindən olan ustadımız mərhum Mahmud Ələsgəroğlunun ilk övladı, gözünün nübar sevgisi idi.
1970-ci il noyabın 3-də Şamaxıda doğulmuşdu. Qüdrətli şairlər, ozanlar yurdu olan Şamaxı Vüqar kimi sənətkarı ilə fəxr edirdi. Hər bir sazsevər Vüqar Mahmudoğlunun ifasına məftun idi. Vüqarın ifasında Şirvan aşıq mühitinə xas olan bütün havalar, havacatlar gözəl səslənirdi. Onun ifa etdiyi “Şirvan şikəstəsi”, “Orta şəşəngi”, “Zil şəşəngi”, “İbrahim peşrosu”, eləcə də digər havalar dinləyicinin ürəyini ovsunlayırdı.
Yaxşı-yaman anlayanın
Nazı hərdən-hərdən olar…
Bu sözləri də V.Mahmudoğlu oxuyurdu.
Bala ceyran, nə gəzirsən
Dağı dolana-dolana?
Nə çəkirsən ürəyimə
Dağı, dolana-dolana?
Özün bu sözləri yana-yana oxuyurdun, Vüqar, bilirdin ki, sinəyə çəkilən dağın ağrısı, əzabı nədir. Bəs özün niyə dostlarının ürəyinə dağ çəkdin? Bilmirdin ki, səndən sonra dostlarının beli büküləcək, dizləri taqətdən düşəcək?
Samir deyir ki, dünyam uçub, Vüqarsızam. 21 illik dostunun ümidini niyə kəsdin, Vüqar? Həmişə deyirdin ki, İradə mənim üçün fərqli bir qadın dostudur, fərqli bir insandır, onunla zarafatım tutur, sözüm-söhbətim alınır. Bəs məni niyə incitdin, Vüqar? Bəzən xırda umu-küsü olanda özünə yer tapa bilmirdin, bir yol tapıb könlümü alırdın. İndi kim alacaq mənim könlümü, Vüqar? Samirin könül almağa gücü yoxdur. Samir heykələ dönüb indi. Bəs ona kim təsəlli versin indi?
Anarı heç düşünmədinmi, Vüqar? Bilmirdinmi ki, Anar səni özünə mətəris, simsar bilib yaşayır. Hey mənə deyirdin ki, İradə, Anarın dərdi məni öldürür, içimi çürüdür. Anarın balalarını boynu bükük, Anarın özünü ümidsiz görəndə içimdən qara qanlar axır. Yaxşı, indi Anar nə etsin? Onun belini niyə qırdın, Vüqar! Böyük ustadımız, atanız həyatdan erkən köçdü, onun da ömrü sənin ömrün kimi yarıda qırıldı. Anarın ata əvəziydin axı.
Səni saz sədaları altında Müşfiqabaddakı evindən son və əbədi ünvanına yola salan gənc aşıqların, şəklini titrək əllərlə tutan o gənclərin nə keçirdiyi əyan oldumu sənə? Hər kəs ağlayırdı, hər kəs sızlayırdı. Səninlə daha məclislərdə, tədbirlərdə deyil, Qobustan rayonunda yerləşən əbədi evində – Şıxzahırlı məzarlığında görüşəcəyik. Görüşünə ora gələcəyik. Hələ uzun illər tədbirlərdə, saz-söz məclislərində qeyri-ixtiyari olaraq bir-birimizdən “Vüqar niyə gecikir, o harada qaldı, heç vaxt tədbirə gecikməzdi” deyəcəyik. Sonra da… Sonra da sükuta qərq olacağıq. Sükut isə səndən danışacaq…
Vüqar köç elədi, ağlasın dostlar,
Əcəl, söylə nədi etdiyin sitəm?
Sazı da ağlayır ürəyim kimi,
Qan tökür, yaş tökür qüssədən didəm…
Deyirdin ki, rəhmətlik ustadım, atam sazı mənə əmanət verib, gərək o sazı hər məclisdə, hər yerdə səsləndirim. Ata arzusuna, ata vəsiyyətinə belə naxələf çıxmaq olardımı? Sazsevərlər sevinirdi ki, Mahmud Ələsgəroğlunun sazı susmadı, onu Vüqar dilləndirir. Sənin də sazını fələk bu cür çaldı.
Sənin dünyadan cavan köç etməyin səni tanıyan və tanımayan hər kəsi kədərləndirdi. “Heyf sənə, gözəl sənətkar, gözəl insan idi” dedilər. Hələ indiyə qədər bir insan demədi, yazmadı ki, Vüqar məni incidib. Hər kəs deyir ki, Vüqar gözəl sənətkar olduğu kimi, gözəl, həlim, mehriban insan idi. Sosial şəbəkələr sənin şəkillərinə, xatirələrinə, videolentlərinə bələnib. Hər addımda sənin şəklinlə qarşılaşırıq. Səni insanlar nə qədər çox istəyirmiş. İnsanların ürəyində necə dərin, silinməz izlər qoyubsan, Vüqar. Nə yaxşı dünyada işıqlı izin qaldı, nə yaxşı sazın, sözün, işıq saçan təbəssümün, şən zarafatların qaldı. Nə yaxşı bizim dostumuz oldun, Vüqar.
Ancaq səni belə vəfasız bilməzdik heç. Dəfələrlə müsahibə üçün görüşmək istədik, lakin mənim işlərimin çoxluğundan vaxt tapa bilmədik… Tanrı bizə o vaxtı qismət etmədi.
Sazın sənsiz qalıb indi… Əllərinin həsrəti göynədir sazının hər pərdəsini, hər telini. Yetim qaldı sazın, Vüqar. Bəs sazına kim təsəlli verəcək, ay ustad oğlu?
Yanvarın 10-u dostlarının təqviminə səninlə ayrılıq günü kimi düşdü, Vüqar. Ölüm Allah əmridir, Vüqar, ancaq ayrılıq işgəncədir.
Çəkənə ver,
Qəlyanı çəkənə ver.
Biz dərdi çəkənmirik,
Bizdən al, çəkənə ver…
Ruhun şad olsun, əziz dostumuz!
İradə Sarıyeva