Kulis.az Fəxri Uğurlunun Dostoyevskinin “İdiot” romanı haqqında növbəti yazısını təqdim edir.
Knyaz Mışkin məhz belə bir gərgin məqamda səhnəyə çıxır. Həm də tək yox, özünün antipodu, kölgəsi, əkiztayı Parfyon Roqojinlə birlikdə.
***
Onlar qatarda tanış olurlar. Parfyon valideyn silləsi dadmış adamdır, o da ata zəhmindən qaçıb bir növ sürgün olunduğu əyalət şəhərindən çoxdan didərgin düşdüyü Peterburqa qayıdır. Sürgündən qayıtdığı kimi sonda sürgünə də göndərilir. Simvolika aydındır: Mışkin cənnətdən gəlib cənnətinə qayıdır, Roqojin cəhənnəmdən gəlib cəhənnəmə də vasil olur.
Onlar biri-birinə bir medalın iki üzü qədər yaxındırlar, tanış olandan bir müddət sonra hətta əhd bağlayıb qardaşlaşırlar. Lev Nikolayeviç Mışkin xəstəliyi ucbatından qadın tanımır, evlənməyə qadir olmadığını heç gizlətmir də. Roqojin də “qız”dır, yunancadan tərcümədə Parfyon adının mənası elə “bakir” deməkdir. Onları birləşdirən daha bir cəhət hər ikisinin Nastasya Filippovnaya sözün gerçək mənasında mübtəla olmasıdır. Fəqət heç birinin münasibətində erotik istək ön planda (bəlkə heç arxa planda da) deyil. Knyaz Mışkin qadına xristian məhəbbətiylə, Roqojin şeytani ehtirasla, ağalıq instinktiylə bağlıdır. Həm görkəminə, həm xislətinə, həm də temperamentinə görə qaraçıya bənzər savadsız, çılğın Roqojin sələfi Otello kimi qısqanc, onun qədər xarizmatikdir. Özü də tacirdən çox qaçaq-quldura, oğrubaşıya oxşayır.
Bir sözlə, Tanrı həyat səhnəsinə İblislə qoşa çıxır. İsa peyğəmbər kimi dalğın, sarıyanız, alagöz knyaz Mışkin hər mənada antipodu olan Roqojini yedəyində aparır. Knyazın başına yığışan adamlar bütün fərqli cəhətlərinə baxmayaraq tezliklə bir orqanizm, az qala bir təriqət halına gəlirlər. Bu yerdə İncildəki bir məqamı xatırlayıram: İsa Məsih ona günahkar insanlarla oturub-durmağını nöqsan tutan təkəbbürlü, zalım fariseylərə təqribən belə cavab verir ki, möminlərin mənə nə ehtiyacı var, onlar onsuz da doğru yoldadırlar; mənə ehtiyacı olanlar elə günahkarlar, ruhən xəstələr, mənən yoxsullardır.
Dostoyevski də öz peyğəmbərini belə bir xəstə mühitə salmaqla onun düşdüyü cəmiyyətin mərəzinə diaqnoz qoymağa, dərdinə dərman tapmağa çalışır.
***
Roqojinin də başının dəstəsi var – onun ata evinə xədimlər yığışır, bunlar da nəsə təriqətə bənzər bir toplumdur. Onların nə iş gördüyü, hansı əqidəyə qulluq elədiyi bir o qədər aydın olmasa da, evdə şeytani, mövhumi ab-hava hökm sürür. Bu da təbiidir, çünki İblis xürafatçı olur. Roqojin Mışkinlə qardaşlıq əhdi bağlayandan sonra onu evlərinə – yarımanlaqlı anasının yanına aparıb, dostunu oğulluğa götürməyi ondan xahiş eləyir.
Yenicə ölmüş tacir atasından Parfyona milyonlar qalıb, ancaq o, pul hərisi də deyil, pul ona istədiyini caynağına keçirmək yolunda qarşısına çıxan əngəlləri aradan qaldırmaq üçün lazımdır. Cismani ehtiras, var-dövlət ehtirası – Roqojini hərəkətə gətirən qüvvə bunlar deyil, onu yiyələnmək, dağıtmaq, parçalamaq hərisliyi, bir sözlə, kar-kor hakimiyyət instinkti idarə eləyir. Ən ali istəyinə çatmaq üçün o, qadından da keçər, puldan da, necə ki, sonda keçir də. Onun vücuduna müsəllət olmuş Tanatos müdam öldürməyə, məhv eləməyə, varı yoxa çevirməyə, varlığı puça çıxarmağa can atır. Əslində, Mışkinlə qardaşlaşmağı da ondan ötrüdür ki, içindəki qatili susdura bilsin, qardaş qanına əl batırmaqdan çəkinib knyazı öldürməkdən vaz keçsin.
Bu arada knyaz Mışkin də uzaq qohumundan qalma böyük miras yiyəsi olur. Qatarla Peterburqa gələndə cibində siçanlar oynaşan əkiztayların indi artıq milyonlara sərəncam vermək ixtiyarı var. Təbii ki, bu sərvət də Mışkini dünyanın quyruğuna bağlaya bilmir. Onun bir şakəri var – ən gərgin hadisələrin episentrində peyda olub cılız cüssəsiylə şər selinə sinə gərmək. O, eyni zamanda, həm şir (Lev – bu yerdə Həzrət Əlinin “Əsədullah”, yəni “Allahın aslanı” ləqəbi yada düşür), həm də bir çırtmalıq canı olan aciz məxluqdur (mış, yəni siçan).
***
Qanya İvolgininsə varlanmaq üçün bir yolu var – o, rüsvayçılığı, cəmiyyətdən qovulmağı, ana-bacısıyla düşmənçiliyi gözünün altına alıb Nastasya Filippovna ilə evlənməlidir. Qanya bu dəli qadını sevmir (çox güman, sevmək istedadı ona ümumiyyətlə, verilməyib), onunla evlənməyi əsla arzulamır, di gəl, varlanmaq şansını da əldən qaçırmaq istəmir.
Roqojin ona Totskinin vermək istədiyindən də artıq pul təklif eləyəndə Qanya iki od arasında qalır; bu variant belə baxanda əvvəlkindən daha sərfəlidir, ancaq burada da şərəf-ləyaqət məsələsi var, zadəgan oğlu bütöv bir cəmiyyətin gözü qarşısında rəiyyət törəməsinin onun namusunu satın almasına dözsə, bu, namusu satmaqdan da betər olacaq. Qanya bunu bildiyinə görə Roqojinin puluna nə yiyə dura, nə də ondan vaz keçə bilir. Nastasya Filippovnanın oda atdığı yüz mini sobadan çıxarmağa qətiyyəti çatmayan gənc İvolgin bayılır, bununla da həm personajlar, həm müəllif, həm də oxucular gərginliyin kulminasiyasından enib bir müddət rahat nəfəs alırlar.
Ardı var…