Tarix olduğu kimi yazılmalıdır… – Vaqif Osmanlı

Tarix olduğu kimi yazılmalıdır… – Vaqif Osmanlı

(müəllifdən)

Tərlan xanımla son vaxtlar tez-tez görüşlərimiz, səmimi söhbətlərimiz, fikir bölüşmələrimiz olub. Hər dəfə görüşdən sonra məndə bir əminlik yaranıb ki, biz bəzən qarşımızdakı şöhrətli, dövlət işlərində uğur qazanan, səsi yüksək kürsülərdən gələn insanları yaxşı tanımadığımızdan onda “məmur” xislətləri axtarmışıq. Həmişə bizə elə gəlib ki, ona yaxınlaşmaq, söhbət etmək çətin məsələdir. Keçən yüzilliyin məşhur simalarından olan, Kremlin Qurultaylar sarayında keçmiş SSRİ-nin bir çox siyasi füqurları, əmək qəhrəmanları, sənət korifeyləri ilə yanaşı əyləşən, yüksək kürsüdə sözünü söyləmək cəsarətini özündə tapan Vətənimizin gənc, mənəvi zəngin qızı ilə hər görüşdən ürəyi dolu qayıtdım. Ürəyimi məhz mənə sadiq, fikirlərimə qucaq açan qələmə və sözümün şum yeri kağıza boşaltdım. Söz adamları məhz buna görə bəxtəvərdi ki, qəlbinə yatan insanla rastlaşandan sonra təxəyyülündə, düşüncəsində yeni ideyalar, axtarışlar doğulur. Qarşınızdakı kitab bunları başqalarına bəyan etmək ehtiyacından doğuldu. 70 illik bir ömrün ən azı yarım yüzilliyini, sözün həqiqi mənasında xariqələr yaradan, şoran çölləri zəhmət təriylə bəyaz gülüstana çevirən Tərlan xanımda o qədər yüksək dəyərli, bütün xanımlara nümunə ola bilən xarakter, mənəvi gözəlliklər gördüm ki, onu çoxdan tanımamağıma heyfsləndim.
Bəzən bir insanın daxili dünyasını xarakterizə edəndə “sadə insandır” deyirlər. Tərlan xanımın sadəliyini özünün danışdığı bir xatirə ilə oxuculara çatdırmağı qərara aldım. Həmişə davranışına, ictimai yerlərdə hərəkətinə çox ciddi yanaşıb, yüz ölçüb, bir biçib, özünün qəddar nəzarətçisi olub, ətrafdakılara nümunə olmağa çalışıb. Bu mənəvi yükü ləyaqətlə daşımağı bacarıb.
Bu kitab nə üçün yazılıb, müəllifin məqsədi nədir? Bilirəm ki, bu sualı mənim üzümə deməsələr də, belə fikirləşənlər çox olacaq. Bəli, Tərlan Musayeva Vətənimizdə tanınan, necə deyərlər, üzdə olan, əməyindən, uğurlarından, mənəvi məziyyətlərindən həddən artıq çox yazılan, danışılan məşhur Azərbaycan xanımıdır. Mən də onun yazılmayan, tanınmayan, az işıqlandırılan cəhətlərini axtardım, tapdıqlarımı, onun haqqında yazılan ədəbiyyat nümunələrini, rəngarəng mövzulardakı saysız-hesabsız müsahibələrini, cəsarətli çıxışlarını bir toplu kimi düzüb-sıralayıb kitaba sığışdırmağa çalışdım ki, qoy Tərlansevərlər daha yaxşı tanısınlar öz qəhrəmanını. Kitab Tərlan xanımın 70 illik zəngin və mənalı ömrünə müəllfin bir baxış prizmasıdır.
Kitabda Azərbaycanın ən yaxın tarixinin XX yüzlliyin 70-80-ci illərindən çağdaş günlərimizə qədərki dövrünün ictimai-siyasi mənzərəsinə, əmək insanının şəxsiyyətinə, mənəvi dünyasına, əqidə mökəmliyinə, sadiqliyinə, sadəliyinə, Vətən, insan, torpaq sevgisinə səyahət etməyi qərara aldım.
Tərlan xanıma qibtə ilə baxanlar bilməlidirlər ki, o, həyatın müxtəlif sınaqlarından keçib Bərdənin, Qarabağın, nəhayət Vətənin Tərlanı olunca o qədər çətin, acısı şirinindən qat-qat çox, ehtiyacla dopdolu günlər görüb ki… Ancaq o, həqiqi Tərlan olub, qanadlarını çətinliklər möhkəmləndirib, ətrafındakı yaxşı insanlar ona zirvələrə qalxmağa, yüksəkliklərdə pərvaz etməyə həyat eşqi verib. “Inam” poemasında Nəbi Xəzri poetik diliylə anladır ki, Sevil bacılarını – Günəşi və Tərlanı niyə çox sevirdi? Çünki bu üç bacı Vətənə, torpağa, qayğıkeşlərinə, bir-birinə sədaqətliydi, öz yurdundan, Vətənindən köç etməyən durnalardı.
Bir vaxtlar əmək qəhrəmanlarını bəh-bəhlə tərifləyənlər sonradan zamanın rüzgarlarının istiqaməti dəyişəndə onlara “şişirdilmiş qəhrəmanlar” yarlığı yapışdırmağa səy göstərdilər. Yəqin tapşırıq beləymiş. Bəs vicdan, bəs əqidə? Bu ki, sözünə, özünə xəyanətdir. Alın təriylə, halal zəhmətlə əldə edilən qəhrəmanlıq belə riyakarlığa heç vaxt layiq olmayıb. Belələri halallıqla qazanılan şöhrətin paxıllığında yana-yana özlərini gözdən salır, yaşamırlar, ölü cana

çevrilirlər. Asan gəlir belələrinə zəhmət adamının uğurları. Belələri şöhrət ehtirası ilə alışıb yanırlar. Şöhrət isə nağıllardakı üç alma kimi, ya da yağlı quyruq kimi göydən düşmür, yerdə, torpaqda çalışan qabarlı əllərin, yorulmaz əməyin, yaratmaq eşqinin şirin bəhrəsidir. Zəhmətsiz şöhrətin ömrü az olur. Belələrinin ürəyinin paxırı kiminsə uğuruna sevinməyə, kimisə uğurlamağa imkan vermir. Hər kəs öz ürəyinə layiqdir. Düşüncəsi yamanların ürəyi də yaman olur, sahibini uzun və şad-xürrəm ömür yaşamaqdan, ürəkdən sevinməkdən məhrum edir. Tərlan xanımın əməyinə verilən qiymət dövran dəyişsə də öz dəyərini itirə bilməz.
Tərlan Musayevanın Ulu Öndər Heydər Əliyevin atalıq qayğısını unutmadığını, onun məsləhətlərindən bəhrələnib püxtələşdiyini, Heydər Əliyevin onu övladları qədər sevdiyini, onun prizlər qazandığını, ordenlər, medallar mükafatçısı, SSRİ Ali Sovetinin on il dalbadal deputatı olduğunu, birinci çağırış Milli Məclisdə millət vəkili kimi fəaliyyətini oxuyanda məni qınayanlar da olacaq, keçmişə qayıtdığımı, keçmişin adamı olduğumu söyləyəcəklər. Unutmayaq ki, keçmişə güllə atsaq, gələcək bizi topa tutar. Həyatımızın təməli keçmişdə qoyulub. Yaxşısı da bizimdir, pisi də. Amma bu kitabı yazmağımda qətiyyən heç bir pis cəhət görmürəm, bu işimi yaxşıların yaxşısı hesab edirəm, çünki ləyaqətli adamı daha yaxşı tanıtmaq istəyirəm. Eybi yoxdur, qoy desinlər, burda qorxmalı, geriyə çəkilməli nə var ki? Heç kimin yolu eniş-yoxuşsuz, hamar olmayıb. Mənim də, qəhrəmanımın da. Hələ beşillik planlardan da yazacağam, sosializm yarışından da, pambıq yığımı ərəfəsində keçirilən müşavirələrdə Tərlan xanımın çıxışlarında da, Sovet və müstəqillik dövrünün mətbuatında və kitablarında Tərlan xanım haqqında yazılanlardan da, çoxsaylı müsahibələrindən də. Siz bunlara kitabda rast gələndə təəccüblənməyin, kinayə ilə gülümsəməyin. Unutmayın ki, keçmiş SSRİ zamanı da, azad, suveren Azərbaycan dövründə də Tərlan xanımın məqsədi, məramı, əqidəsi bir olub – Vətənə xidmət, onun iqtisadi qüdrətini artırmaq. Bundan müqəddəs iş varmı? Xalqa çörək vermək, onun rifah halını yaxşılaşdırmağa səy göstərmək savab işdi. Heydər Əliyev də, Tərlan Musayeva da savab işi unuda, yaxud etməməyə bilməzdi. Həm də mənəviyyatı başı uca yaşamağın ən ümdə prinsipi bilənlər unutqan olmurlar. Belə məsələdə utanmalı, başı aşağı olmalı, gerçəklikləri danmalı nəsə ola bilər ki? Gəncliyini belə şərəfli işə sərf etmiş insanın həyatından yazmağı şərəfli, vacib, ləyaqətli iş hesab etdiyimdən qarşınızdakı kitab yarandı.
Bu kitab tariximizin bir anıdır, Vətən tarixinin, əmək qəhrəmanının keçdiyi şərəfli yolun tarixinin ayrı-ayrı fəxredici, qürurverici məqamlarının toplusudur.
“Qoy məğrur sözünü tarix söyləsin” (Nəbi Xəzri)…
Tarix olduğu kimi yazılmalıdır…

Share: