Tariximizin yeni parlaq günləri başlanır! – Sabir Rüstəmxanlı

Tariximizin yeni parlaq günləri başlanır! – Sabir Rüstəmxanlı

1988- ci ildən başlayaraq Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə aparmış, Meydan yüksəlişinin, 20 Yanvar faciəsinin şahidi olmuş, Dövlət Müstəqillik Aktına imza atmış, SSRİ-dən ayrılmağın xoşbəxtliyini yaşamış və bunun ardınca ərazilərimizin yüzdə iyirmisinin itkisi və Xocalı soyqırımının bitməz ağrılarından keçmiş bir nəslin nümayəndəsi olan bizlərin bu günlərdə hansı sevinc və rahatlıq içində olduğumuzu ifadə etmək çox çətindir.

İllər uzunu Müstəqilliyimizlə qürur duysaq da, itirilmiş torpaqlarımızı düşünəndə içimiz qan ağlayıb, apardığımız mübarizə də acı bir xatirəyə çevrilib. Düzdür, mən heç vaxt Qarabağı həmişəlik itirə biləcəyimizə inanmamışam; dünya üstümüzə gəlsə də, “beynəlxalq hüquqda bir dövlətin ərazisinin başqa bir dövlətə verilməsinin həlli yolu yoxdur, bu, dünyanı param-parça edər, biz güclənib öz torpağımızı geri qaytaracağıq”,- demişəm. Ancaq “ nə vaxt?”-sualına cavab verə bilmirdim. Ordumuz bu suala cavab verdi… Bütün tarixi və siyasəti yalan üstündə qurulmuş, riyakar Ermənistanın çaldığı havalara oynayan ölkələrin məkrli antiAzərbaycan planları bir gündə mənasını itirdi. Erməni mifi və xülyası toz olub dağıldı. Bütün dünya cənubi Qafqazda 35 il haqq deyib, ədalət istəyən Azərbaycanın öz haqqını qorumaq qüdrətini gördü. Dostlar sevindi, düşmənlər ilan kimi qıvrılıb qaldı.
Xalq müdrikdir: “nahaqq qan yerdə qalmaz!”-deyib. Şəhidlərimizin qanı batmadı, Xocalı faciəsinin intiqamı alındı. Azərbaycan əsgərinin güclü əli Xankəndində oturub uzaqdan- uzağa bizə hürən milyarder Vardanyanı, yoğun boynunu çürük budaq kimi əyib zindana itələyəndə ürəyimdən 35 ilin ağrısı çıxdı, elə bildim onunla bərabər bütün erməni hikkə və lovğalığının boynunu qırdıq. Xocalı qatilləri, mənim torpağımda qurmaq istədikləri oyuncaq dövlətciyin “prezidentləri” gözlüklər gözlərindən düşən vəziyyətdə, burunları ilə yer eşə-eşə, üzlərində etdikləri günahların qorxusuyla Vardanyanın dalınca süründürüldülər… Haqq yerini tapdı! 35 il danışığa, barışığa çağırdığımız Ermənistan indi İspaniyada Azərbarcan Prezidentinin qatılmadığı məclisdə ərazi bütövlüyümüzü təsdiqləyən sənədə imza atır. Dünyadan ürəyi yaralı getməyəcəyik! Xalqımızın qəddi düzəldi.Tariximizin yeni parlaq günləri başlanır! Şükür!
5.10.2023

Share: