Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəsi Murad Qadılşin TV-yə müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Ötən ilin aprel ayında Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında keçirilmiş III Hökumətlərarası Komissiyanın iclasından sonra imzalanan protokol çərçivəsində həyata keçirilən addımlar barədə nə deyə bilərsiniz? Ötən bir il ərzində bu istiqamətdə hansı işlər görülüb?
– Kazanda keçirilən ənənəvi sammitdən dərhal sonra Neftçala Sənaye Məhəlləsində yüngül kommersiya avtomobillərinin yığılmasına dair “Sollers” şirkəti ilə “Azərmaş” MMC arasında müqavilə imzalanıb. Artıq oktyabr ayında avtomobillərin yığılmasına başlanılıb. Həmçinin hesab edirəm ki, “Tatneft” və SOCAR arasında münasibətlər xeyli inkişaf edib, əvvəllər bu münasibətlər yüksək səviyyədə deyildi, lakin artıq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub, “Tatneft”in baş direktoru Azərbaycana gəlib, SOCAR prezidenti Tatarıstana səfər edib. Onlar “yol xəritəsi”ni imzalayıblar və biz ilin sonuna kimi bunun bir sıra konkret sazişlərə çevriləcəyini gözləyirik. Deyə bilərəm ki, bu, birbaşa olaraq təkcə neft və neft məhsullarını əhatə etmir, həm də sənaye müəssisələrinin yaradılmasına aiddir. Azərbaycanda, o cümlədən Ələt Azad İqtisadi Zonasında “Sollers”lə yanaş, “Tatneft”in neft-kimya müəssisələri qurula bilər.
Əlavə onu deyə bilərəm ki, “Tatspirtprom” şirkətinin yaxın gələcəkdə Azərbaycana qayıdacağını gözləyirik. Şirkət bir zamanlar burada fəaliyyət göstərib. Böyük məmnunluq hissi ilə qida sənayesi sahəsindəki əməkdaşlıqdan da danışmaq olar. Belə ki, biz Azərbaycana pendir tədarük etməyə başlamışıq.
Mədəni-humanitar sahədə əlaqələri qeyd etməsək olmaz. Tatarıstan Respublikasının təhsil naziri kiçik nümayəndə heyəti ilə Azərbaycana səfər edib, qarşılıqlı fəaliyyət imkanları müzakirə edilib. İndi biz Azərbaycan tərəfinin səfərini gözləyirik. Komissiya tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi qarşısında konkret olaraq vəzifə qoyulub: mütəxəssis hazırlığı ilə məşğul olan texniki peşə məktəblərinin və liseylərin əməkdaşlığı təmin edilsin. Eyni zamanda, Tatarıstan mədəniyyət günlərinin keçirilməsi ilə bağlı razılığa gəlmişik və düşünürəm ki, ilk tədbir bu ilin payızında keçiriləcək.
– Keçən ilin iyun ayında Tatarıstan Respublikasının rəisi Azərbaycana, həmçinin Zəngilana səfər etmişdi. Bu səfərdən sonra Tatarıstan azad olunmuş ərazilərdə hansı infrastruktur layihələrə maraq göstərir?
– Azad edilmiş ərazilərdə gördüyümüz işlərdən danışarkən qeyd etmək istərdim ki, hazırda biz suyun təmizlənməsi üçün yeni texnologiyalar təklif edirik. Belə ki, onlar daşınabilən və çox yığcamdır. Ümid edirəm ki, biz qarşıdakı komissiya iclasında bütün bu məsələləri müzakirə edəcəyik. Bu layihə azad olunmuş ərazilərdə xüsusilə maraqlıdır. Azad olunmuş ərazilərdə görülən işlər sırasında əlavə edim ki, biz artıq bir neçə ildir “Azərişiq”la elektrik şəbəkələri paylayıcılarının rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq edirik.
– İdman, sosial və turizm sahələrində tərəfdaşlığın gücləndirilməsi istiqamətində hansı işlər görülür?
– Bu günlərdə Tatarıstan İdman Akademiyasının rektoru Azərbaycana gəlib. Bu, cavab səfəridir. Keçən ilin sonunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Tatarıstana səfər edib, əməkdaşlıq və tədris haqqında müqavilə imzalanıb. Bildiyiniz kimi, bu yaxınlarda Tatarıstanda “Gələcəyin Oyunları” keçirilib. Azərbaycan orada üç komanda ilə təmsil olunub və onlar çox gözəl çıxış ediblər.
Turizm sahəsində əməkdaşlığa gəlincə, mən heç bir rəqəm səsləndirməyəcəyəm, çünki belə bir statistika hələ mövcud deyil. Mən özüm müşahidə edirəm ki, iki il əvvəl fəaliyyətə başladığım zaman üç reys var idi, lakin yayda altı reys var. Təbii ki, Qəbələ, Naftalan, Xəzər dənizinin sahilləri Tatarıstan üçün çox tanınan yerlərdir. Mən özüm də tanışlarım və qohumlarımla ünsiyyət zamani hiss edirəm ki, çox böyük maraq var. İlk növbədə biz Bakıda keçirilən bütün turizm sərgilərində iştirak edirik.
Onu qeyd edib ki, Qəbələ ilə aviareysin qurulması məsələsi hazırda müzakirə olunur. Qəbələdəki aeroportla bağlı məsələ tədqiq edilir, öyrənilir. Düşünürəm ki, bu, çox populyar olacaq. Ümumiyyətlə, Tatarıstanda dağ-xizək kurortları çox populyardır, onlara böyük tələbat var və insanlar buraya da gələcəklər.
Ümid edirəm ki, vaxtilə mövcud olmuş Nijnekamsk-Gəncə reysi bərpa olunacaq, çünki Gəncədə “KamAZ”ın böyük müəssisəsi yerləşir.
– Ölkələrimiz arasında sənaye zonaları sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə də danışardınız. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında vəziyyət nə yerdədir?
– Biz Azərbaycan tərəfinə elektrik avtobusu layihəsini təqdim etmişik. Hazırda Moskva şəhəri trolleybusların əvəzinə elektrik avtobuslarına keçib və qaz tullantıları səbəbindən Bakı üçün də, bu, aktual problemdir. Düşünürəm ki, perspektivdəki əsas məsələ məhz bununla bağlı olacaq. Çox uzunmüddətli və geniş həcmli bir layihənin müzakirəsindən, təxminən 5000-5500 elektrobusdan söhbət gedir. Əgər bu müqavilə baş tutarsa, bu, ekologiyaya, həmçinin iqtisadi əməkdaşlığa, bununla yanaşı, Gəncə şəhərində yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə olardı. Bu, həm də sizin respublikada yeni iş yerlərinin yaradılması deməkdir.
“Araz Vadisi İqtisadi Zonası”na gəldikdə, çoxları elə başa düşür ki, bu Sənaye Parkındakı servis mərkəzi təkcə “KamAZ”a məxsusdur. Əslində, bu, “KamAZ”la Gəncə Avtomobil Zavodunun iştirakı ilə yaradılmış mərkəz olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası işlərində hazırda istifadə olunan bütün çox saylı ağır texnikaya xidmət göstərəcək. Biz bu istiqaməti inkişaf etdirəcəyik.
İki il ərzində ticarət dövriyyəsinin həcminə nəzər salsaq görərik ki, bu rəqəm əvvəl 75 milyon dollar idi, sonradan biz onu 120 milyon dollara qaldırmışıq. Rüblük hesabata baxsaq, keçən ilin müvafiq dövrü ilə müqayisədə dövriyyə həcmi aşağı düşməyib. Son rəqəmlər təqdim olunacaq, lakin mən düşünürəm ki, 120 milyon dollardan az olmayan ticarət dövriyyəsi həcmi qalacaq.