Tayvanda raket mühəndisi ölü tapıldı

Tayvanda raket mühəndisi ölü tapıldı

Tayvanda raket mühəndisi olan yüksək rütbəli hərbi məmur ölüb.  

Ouyan Lisin adlı məmur Pindun əyalətində otel otağında ölü tapılıb. İlkin məlumatlara görə, ölümün səbəbi infarkt olub.

Bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, Lisin Çjunşan Elm və Texnologiya İnstitutunun (NCSIST) rəis müavini vəzifəsində çalışıb. Bu institut əvvəllər Tayvan Müdafiə Nazirliyinin Silahlanma Bürosunun tərkib hissəsi olub. Büro müxtəlif silah sistemlərinin hazırlanması, istehsalı, dəstəklənməsi və texniki xidməti ilə məşğuldur. İnstitut hazırda inzibati korporasiya statusu daşıyır və bilavasitə adanın hökumətinə hesabat verir. Həmçinin Tayvanın iki əsas müdafiə podratçısından biridir.

Lisin şənbə günü adanın cənubunda işgüzar səfərdə olub. Onun cəsədini köməkçi aşkar edib.

Hadisə yeri və müşahidə kameraları araşdırılıb. Nəticədə otel otağına kiminsə zorla daxil olması və ya cəsəd üzərində hər hansı görünən yara, zorakılıq izləri aşkar olunmayıb.

57 yaşlı kişinin ürəyində problem olduğu bildirilir.

Mənbə: MK.ru

Share: