Müstəqil.Az xəbər verir ki, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsinin ildönümünə həsr olunmuş “Vətən Bağı Xarıbülbül” adlı tədbir keçirilib.
Marneulidəki Qrinviç Təhsil Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, tələbələr, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Gənclər Dostluğu Beynəlxalq Təşkilatı”nın sədri Güllü Alıyeva tədbirin məqsəd və məramı barədə məlumat verib. Bildirib ki, şanlı Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi Gürcüstanda yaşayan soydaşlarımızın da böyük sevincinə səbəb olub. Tədbirin təşkilində əsas məqsəd Vətən müharibəsindəki Qələbənin ildönümünü qeyd etməklə bu sevinci bölüşməkdir.
Qrinviç Təhsil Mərkəzinin direktoru Anna Allahverdiyeva çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyətini qeyd edib, gənclərin iştirakı ilə bu cür tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Gürcüstanda yaşayan soydaşlarımızın dəstəyini xüsusi qeyd edib. Bildirib ki, bu Qələbənin əldə olunması ilə regionda yeni siyasi proseslər başlayıb.
Diplomat Azərbaycan və Türkiyənin regiondakı proseslərə təsiri, Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun faydaları barədə danışıb, gənclərin bu barədə məlumatlandırılmasının əhəmiyyətini qeyd edib.
Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşı Yüksel Kara, Yunus Əmrə Universitetinin Tbilisidəki müdiri Ali Oğuzxan Yüksel, Marneuli bələdiyyəsinin mojaritar deputatı Rövşən İskəndərov, aktiv gənclərdən Leyla Əmrahova və başqaları çıxış edib, Vətən müharibəsindəki parlaq Qələbənin regionda sülhün və təhlükəsizliyin bərqərar olmasında, möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib, gənclər Vətənə, torpağa həsr olunmuş şeir söyləyib, mahnılar oxunub, musiqilər səsləndirilib.
Muzeydə gənclərin və muzeyin nəzdindəki rəsm dərnəyinin şagirdlərinin Vətən müharibəsi barədə rəsmləri nümayiş etdirilib.
Müstəqil.Az