TEATRDA ÖTƏN ÖMÜR…

TEATRDA ÖTƏN ÖMÜR…

 

Təqvim 1981-ci ili göstərirdi. Bir il idi ki, mərhum aktyorumuz Kamil Məhərrəmovun Sumqayıtda rəhbərlik etdiyi dram dərnəyinə gedirdim. Dərnəyimiz 4 saylı Mənzil İstismar Sahəsinin nəzdində olsa da, tamaşaları orada hazırlayıb Sumqayıt Dövlət Dram Teatrının səhnəsində, eləcə də müxtəlif orta məktəblərdə nümayiş etdirirdi.

Yeni il şənliklərində isə İnşaatçılar klubunda olurduq. Yaxşı yadımdadır, o vaxt biz Yusif Əzimzadənin “Anacan” əsərini səhnələşdirib “Teatr Baharı- 1981” festivalında respublikada üçüncü yeri qazandıq və diplomu Kamil Məhərrəmova şəxsən Leyla Bədirbəyli təqdim etdi. Tamaşa qabağı məşqlərimiz adətən Sumqayıt Dövlət Teatrının səhnəsində olurdu. Elə o vaxtdan da haqqında söhbət açmaq istədiyim Mərahim Fərzəlibəyovu tanıyıram…

Deyir ki:- “Hər bir teatra maraq olmalıdır və bu marağı ilk növbədə teatr özü yaratmalıdır. Teatrımızın elə tamaşaçıları var ki, onlar demək olar hər tamaşamıza gəlib baxırlar. Tamaşanın və əsərin səviyyəsindən asılı olmayaraq, daimi tamaşaçılardır. Həqiqətən teatra gəlmək böyük bir mədəniyyətdir. Hətta ən zəif tamaşadan belə tamaşaçı nəsə götürə bilir. Əlbəttə istəyərdik ki, teatrımızın səhnəsində qoyulan əsərlər daha maraqlı, daha səviyyəli, dramaturji baxımdan standartlara uyğun gələn tamaşalar olsun. Bu o demək deyil ki, belə tamaşalar səhnəyə qoyulmur. Teatrımızda kifayət qədər maraqlı tamaşalar səhnələşdirilir. Peşəkar bir teatr işçisi kimi deyə bilərəm ki, tamaşaçı qıtlığını yalnız maraqlı, səviyyəli repertuarla aradan qaldırmaq mümkündür.”

Mərahim Fərzəli oğlu Fərzəlibəyov 1949-cu ildə Bakıda dünyaya gəlib. Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner “Şəfəq” dram dərnəyinin rəhbəri işləyib. 1970-1975-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb, Georgi Tovstonoqovun kursunu keçib. Diplom işi kimi Azərbaycan Musiqili Komediya Teatrında Maykl Stüartın və bəstəkar Cevri Germanın “Hello Doli” müzikl–operettasını tamaşaya hazırlayıb. 1975-1977-ci illərdə təyinatla Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında rejissor işləyib. Daha sonra dörd il Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, yeddi il isə Akademik Milli Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Dörd il də Akademik Milli Dram Teatrının baş rejissoru olub. 2012-ci ildən Bakı Bələdiyyə Teatrının rejissorudur. 2000-ci ildən Xalq artistidir. 2019-cu ildə “Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib…

Bəli, 1981-ci ildə onun otuz iki yaşı vardı. Sumqayıtda çalışsa da adı o dövrün nəhəng rejissorları ilə yanaşı çəkilirdi. İstedadı, bacarığı ilə nüfuz qazanmışdı. Səhnələşdirdiyi “Qoy bütün şərq bilsin!” tamaşasının sorağı Moskvadan gəlirdi. Səhv etmirəmsə, “Böyük Teatr”da nümayiş etdirdikləri bu əsərə görə mükafat da almışdılar. Qocalığını görməmişəm, gəncliyində hara gedirdisə hörmətlə qarşılanırdı. İstedadlı olduğu qədər də insan adam idi. Xoş davranışı, mülayim rəftarı, yüksək mədəniyyəti ilə fərqlənirdi. Fəqət aktyorlarla məşq zamanı bu sakit, təmkinli adamın necə sərtləşdiyinin, qətiyyətli, tələbkar rejissora çevrildiyinin çox şahidi olmuşam…

“Bu il teatrın yaranmasının 150 illiyi tamam oldu. Düz 50 ildir ki, həyatımı səhnəyə həsr etmişəm. Teatr canlı ünsiyyətdir, onu heç nə əvəzləyə bilməz. Azərbaycan teatrının hər zaman öz dəyərləri və ənənələri olub. Bu gün də həmin ənənə davam edir. Sevindirici haldır ki, çağdaş teatrın səhnəsində yeni aktyor nəsli görünməkdədir. Onlara işlərində uğurlar arzulayıram. Çox şadam ki, Azərbaycan teatrının səsi nəinki Azərbaycanda, həm də xarici ölkələrdə eşidilməkdədir. Özümə və aktyorlarımıza yeni-yeni tamaşaların sevincini arzulayıram…”- söyləyir.

Ömrünün ahıllıq dövrünə qədəm qoysa da, sinəsində döyünən ürəyi hələ də cavandır. Damarlarında sevgidən qaynaqlanan eşq rəngindəki qan vücuduna hakim kəsilib. Millətə, xalqa, vətənə məhəbbəti tükənməzdir. Bəli, 1915-ci ildə Nuxada dünyaya gələn Fərzəli kişinin Bakıda anadan olan- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adını daşıyan, “Şöhrət” ordenli oğlu, rejissor Mərahim Fərzəlibəyov Azərbaycan mədəniyyətinə böyük töhfələr verib…

İyunun 26-da Mərahim müəllimin 74 yaşı tamam olur. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.

Elman Eldaroğlu

Share: