Teatrdan qovulan aktyorların son vəziyyəti – Samirə Əşrəf yazır…

Teatrdan qovulan aktyorların son vəziyyəti – Samirə Əşrəf yazır…

Kulis.az Samirə Əşrəfin “Teatra həsrət” adlı yazısını təqdim edir.

Ötən gün yazıçı, Millət vəkili Aqil Abbas Milli Məclisdə çıxış edərək təqaüd yaşına çatan aktyorların işdən çıxarılması ilə bağlı fikirlər səsləndirib. Ayrı vaxt Aqil Abbası bəyənmirik. Sağdan da döşəyirik, soldan da. Kişi peşman olur ki, hansısa məsələyə görə fikir bildirir. Vəssalam. Harada ağzının danışığının bilməyən, harada “trol-mrol” var, tökülüşür, Aqil Abbas olan yazının altına. Başlayırlar nə başlayırlar. Amma teatrla, aktyorla, ümumiyyətlə, sənətlə bağlı məsələ olanda hamı susur. Burada bir neçə məqam var.

Birinci ondan başlayaq ki, yəqin, savadsızlığın, kütbeyinliyin tüğyan etdiyi indiki dövrdə adamlar teatr, aktyor kimi sözlərin fərqinə varmırlar. Sizə zarafat gəlməsin. Hazırda böyük çoxluq, həqiqətən də, teatrla kinonu bir-birindən ayırd edə bilmirlər. Hərənin bir xasiyyəti var də. Vurub öldürəsi deyilik ki.

Məsələnin digər tərəfi isə insanlara teatrın, sənətin, ədəbiyyatın, kitabın sərf etməməsidir. Çox üstlərinə gedəndə, azərbaycansayağı dillənib deyirlər, başına dönüm, teatrla, kitabla qarın doymur. Belə götürəndə, qınamaq da olmur. Ədəbiyyat, teatr, kino, akademik sənət növləri bizdə qazanc gətirən sahələr kateqoriyasına aid deyil. Bizdə sənət fədailərin ümidinə qalıb. Sənət istəyi, arzusu və ən əsası istedad isə başqadır.

Bu hamıda olmalıdır, hamı mütləq hər gün teatra, kinoya, simfonik konsertə getməlidir, il ərzində əlli kitab oxumalıdır kimi bir qanun, qayda yoxdur. Olması da vacib deyil. Amma sənətin müəyyən mənada pula çevrilməsi vacibdir. Biz öyrəşmişik axı, aktyoru serrozdan, yazıçını xərçəngdən, şairi infarktdan, insultdan və nəhayət aclıqdan itirməyə. Bizdə sənət adamı sağ başla gora getməməlidir!

Lap rahat dildə yazım. Sənət adamı öz sənəti vasitəsilə həm də pul qazanmalıdır. Bu qeyri-şərtsiz, istinasız belə olmalıdır. Sənətkar təcrübəsinə, yaşına görə pul qazanmalı, üstəlik, qiymətləndirilməlidir.

Çünki yazıçının, rəssamın, rejissorun, aktyorun, müğənnin gördüyü işlər vizualdır və fərdi deyil. O, xalqı, milləti, və toplumu təmsil edir.

Ancaq bizim mədəni cəmiyyətimizdə məsələ bir az ayrı cürdür. Bugünkü mövzu aktyor sənəti və onun problemləri ilə bağlı olduğundan, nəzərləri birbaşa bu tərəfə yönəltməyə çalışacam.

Ölkədə fəaliyyət göstərən teatrlarda aktyorun rəsmi əmək haqqı 250-300 manatdan başlanır, ta 800-900 manata qədər. Əmək haqları təcrübə, fəxri adlar və təltiflərə görə dəyişir. Aktyorlarda təqaüd yaşı isə hamı kimi kişilərdə 65, qadınlar da isə 62 yaşdan başlanır.

Bir aktyorun, məşhur, insanlar tərəfindən sevilən, unudulmaqdan daim qorxan, ömrünün gününü teatra, kinoya həsr edən adamın 63 yaşdan çıxıb evdə, dörd divar arasında oturması kədərlidir. Hətta çox-çox kədərlidir.

Ötən gün Gənc Tamaşaçılar Teatrının keçmiş aktrisası Məsumə Babayevanın hönkür-hönkür ağladığı bir video ilə rastlaşdım. 71 yaşı olan aktrisa həyatda faciəvi günlər yaşayıb. Ruhi xəstə olan oğlu intihar edib. Bir müddət keçib azyaşlı nəvəsi qəzaya düşərək həlak olub. Həyat yoldaşını illər əvvəl itirən aktrisa tək, çəlimsiz canı ilə həyatında baş verən bu faciələrə rəğmən işləmək, səhnəyə çıxmaq üçün özündə güc tapa bilib. Gözünün yaşını əlinin ardı ilə silərək tamaşalarda rollar ifa edib, insanları düşündürüb, əyləndirib. Öz gözümlə onun “Qırmızıpapaq” tamaşasında nənə rolunu necə məharətlə ifa etməsinin, körpələrin heyranlıqla ona baxmasının şahidi olmuşam. Heç olmasa, o körpələrin xətrinə…

…Ancaq günlərin birində teatr rəhbərliyi onu çağırıb təqaüd yaşının çatdığını bildirərək, öz xoşu ilə ərizə yazıb işdən getməyi tapşırıb. Hətta aktrisanın sözlərinə görə bu hal ona müəyyən təyziq edilərək həyata keçirilib. Çarəsiz qalan aktrisa göz yaşları içərisində ömrünün 50 ilini həsr etdiyi teatrından, sənətindən, ayrılmaq məcburiyyətində qalıb. Tənha bir qadın, yaradıcı insan, aktrisa üçün bu faktın nə qədər dəhşətli olduğunu, yəqin ki, hiss edə bilirsiniz?!

Ancaq məsələ burasındadır ki, bu qəziyyə təkcə Məsumə xanımın başına gəlməyib. Teatrda işləyən və təqaüd yaşına çatan aktyorların çoxu bu vəziyyətlə üz-üzə qalıb və təbii ki, məcburiyyət qarşısında işdən çıxıblar (oxu: çıxarılıblar). Özlərini teatr mətbuat katibi kimi yox, Fransanın, Almaniyanın səfiri kimi aparan mətbuat katibləri isə mediada yaranan sualları cavablandırarkən dil-dil ötürlər, müqavilələrdən, razılaşmalardan danışırlar.

Müqavilə ilə işləyən aktyorlar var, ancaq bu niyəsə bütün aktyorlara şamil olunmur. Bəzi aktyorlar müqavilə ilə tamaşalara dəvət olunduqları halda, bəziləri illərlə yada düşmür.

İşdən çıxarılan, küsdürülən, evə göndərilən aktyorların çoxu elə dərddən, işsizlikdən, qubardan dünyalarını dəyişirlər. İstəyirsiniz, adlar sayaq.

Ağaxan Salmanov, Səfurə İbrahimova, Lütfiyyə Səfərova və başqaları. Hələ dünyanın düz vaxtında Lütfiyyə Səfərova təqaüd yaşı çatanda, teatrdakı işindən uzaqlaşdırılır. Məcburiyyət qarşısında qalan aktrisa teatrın qarderobunda işləyir, axırda da aclıq, yoxsulluq içərisində xəstəxana dəhlizlərində canını tapşırır.

İndi nəyi gözləyirik? Valeh Kərimovun, Məsumə Babayevanın, Tariyel Qasımovun, Sona Babayevanın və adları yazıda sadalanmayan digər aktyorların dörd divar arasında, tənhalıqda ölümünü?

Axı bu aktyorlar sənətə, teatra yararlı aktyorlardır. Əgər onları çıxarıb yerinə teatr, kino anlayışı olmayan savadsız və qeyri-peşəkar gənci işə götürəcəksinizə, olmaz ki, elə yaşlı aktyorlar qalıb işləsinlər? Ən azından yeni nəsil onların təcrübəsindən nələrsə mənimsəyib öyrənərlər.

Əlbəttə, burada günahı ancaq teatr direktorlarında görmək də məsələnin yanlış tərəfidir. Çünki təqaüd həddini teatr direktorları müəyyən etmir. Bundan başqa heç bir teatr heç bir direktorun atasından ona miras qalmayıb. Teatr dövlətindir, xalqındır, lap dərinə getsək, yenə o işdən çıxarılan sənətkarlarındır. Çünki onlar, onlardan əvvəl olan sənətkarlar həmin teatrların yaranmasında, quruculuğunda fəaliyyət göstəriblər.

Ümumiyyətlə, aktyorsuz teatr kimə və nəyə lazımdır? Tamaşaçı teatra teatrın divarlarına baxmaq üçün getmir. Gedir ki, sevdiyi aktyorları səhnədən canlı görsün, izləsin.

Yazıdan əvvəl bir neçə teatrın mətbuat katibləri və işdən çıxarılan aktyorlarla əlaqə saxladım. Belə məlum oldu ki, vəziyyət Qordi düyünü kimi biz düşündüyümüzdən də xeyli qəlizdir.

Oğrunun yadına daş salmaq kimi olmasın, misalçün, Gənc Tamaşaçılar teatrından yaş həddinə görə işdən çıxarılma təhlükəsi yaşayan aktyorlardan Xalq artisti Yasin Qarayevin 78 yaşı olsa da, o, teatrda yarımştat fəaliyyət göstərdiyini, teatrın tamaşalarında iştirak etdiyini bildirir. Amma onun digər həmkarları Xalq artistləri Tariyel Qasımov, Lətifə Əliyeva, aktyorlar Məsumə Babayeva, Sona Babayeva teatrdan uzaqlaşdırılıblar. Akademik Milli Dram Teatrında fəaliyyət göstərən Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Kazım Abdullayev, Ramiz Məlik, Əminə Babayeva, Pərviz Bağırov isə fəxri adları olduğu üçün hər il yenilənən müqavilə əsasında teatrda fəaliyyət göstərirlər, tamaşalarda iştirak edirlər. Bu yazılan və yaxud da yazılmayan qanunlar yəqin ki, digər teatrlarımızda da pərvəriş edir. Bütün hallarda burdan belə nəticəyə gəlmək olur ki, heç olmasa, fəxri adları olan aktyorları teatrda, ştatda saxlamaq mümkündür. Elə isə bu fakt niyə digər fəxri adları olan, ancaq işdən çıxarılan aktyorlara şamil olunmur?

Xalq artisti Valeh Kərimov artıq səkkiz ildir işsizdir. Özüm onunla şəxsən dəfələrlə həmsöhbət olmuşam. Məlumatlı, teatrı bilən, təcrübəli aktyordur. Rejissorlar onu “Moşu” obrazı ilə damğalasalar da, Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrında Hamlet, Gəray bəy, Fəxrəddin kimi koloritli, çətin obrazlarla çıxış edib. Niyə bu cür və onun kimi digər peşəkar aktyorlar öz potensiallarını xərcləyə bilmirlər? Və nəhayət, niyə əlaqədar qurumlar aktyorlar üçün təqaüd yaşının uzadılması ilə bağlı məsələ qaldırmırlar?

Sənət adamının yaşı olmamalıdır. İnanmırsınızsa, açın dünya teatrlarına, qonşuluğumuzda olan Rusiya, Türkiyə, Gürcüstan teatrlarının truppasına nəzər salın. Görəcəksiniz ki, yaşı səksəni keçən aktyorlar səhnəyə çəliklə, əlil arabasında çıxırlar, rollar ifa edirlər, yaşayırlar.

Əgər bir aktyorun huşu, başı yerindədirsə, əl-ayağı tutursa, tamaşadakı qarı, qoca, əmi, bibi rollarını ifa edirsə, niyə onlara bu şərait yaradılmır?

Mədəniyyət Nazirliyi teatr rəhbərləri ilə aktyorları və medianı üz-üzə qoymaqdansa, bəlkə, bu barədə hansısa addımlar ata, layihələr hazırlaya?

Nəhayət ümid edək ki, qarşıdakı illərdə yaş həddi ilə bağlı məsələlər müzakirə olunacaq, ya da teatrdan çıxarılan aktyorlar üçün müəyyən sənət ocaqları, qurumlar fəaliyyət göstərəcəklər.

Fakt nə olur, olsun, ürəyi sənətlə döyünən, düşüncəsi sənətlə bağlı olan zorla işlədikləri, ömürlərini həsr etdikləri sahələrdən uzaqlaşdırmaq, onların qəlbini sındırmaq, göz yaşlarına, ahlarına səbəb olmaq yolverilməz və bağışlanmazdır.

Share: