“Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionun gələcək inkişafı və təhlükəsizlik məsələrinin təmin olunması baxımından mühüm əhəmiyyətli görüş idi”.
Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçirilmiş üçtərəfli görüşünün nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, belə üçtərəfli formatda görüşlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır: “Diplomatiyada üçtərəfli format kimi qiymətləndirilən yeni format ideyası Azərbaycana məxsusdur və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatından sonra Azərbaycan-Rusiya-İran formatı ikinci belə əməkdaşlıq və tərəfdaşlıq formatıdr. Bu format çərçivəsində İranda baş tutan zirvə görüşü də Bakı zirvəsindən sonra ikinci belə görüş idi. Artıq biz bilirik ki, tərəflərin razılığına əsasən, üçüncü belə görüş Rusiya Federasiyası prezidentinin təşəbbüsü ilə gələn il Rusiyada baş tutacaq.
Tərəflər arasında belə görüşləri vacib edən çoxsaylı səbəblər var: Bunlardan birincisi, bu tipli görüşlərdə hər üç ölkənin milli maraqlarına uyğun olan məsələlərin müzakirə və eyni zamanda koordinasiya edilməsidir ki, bu da olduqca vacib məqamdır. İkincisi, hazırda beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb siyasi-iqtisadi proseslər regionumuza ciddi şəkildə təsir göstərir. Belə təsirlərdən qorunmağın ən səmərəli yolu yalnız birgə fəaliyyət nəticəsində mümkündür. Çünki indiki şəraitdə bir ölkənin qlobal təsirlərdən və təhdidlərdən təkbaşına qorunması olduqca çətindir”.
Millət vəkili hesab edir ki, görüşdə müzakirə edilən məsələlər tərəflərə böyük dividentlər vəd edir: “Diqqət etsək görərik ki, üç ölkənin prezidentlərinin görüşlərində qarşılıqlı inteqrasiya, yeni nəqliyyat dəhlizinin yaradılması, Xəzər akvatoriyasında təhlükəsizlik, regionun enerji təhlükəsizliyi və s. məsələlərlə yanaşı, bütövlükdə regional təhlükəsizlik məsələləri də müzakirə predmeti olub.
Bundan başqa görüşdə çoxsaylı iqtisadi, nəqliyyat, kommunikasiya, ticarət, terrorizmlə mübarizə, Xəzər dənizində narkotik malların daşınmasının qarşısının alınması, hər üç ölkənin enerji xətlərinin birləşdirilməsi və paralel fəaliyyəti kimi olduqca mühüm məsələlər müzakirə edildi ki, bütün bunlar tərəflərə böyük iqtisadi və siyasi dividentlər vəd edir”.
H.Babaoğlunun fikrincə, Azərbaycan üçün isə ən önəmli məsələlərdən biri, yaxud elə ən birincisi görüşdə Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparılması və ən əsası, bu məsələnin yekun bəyənnamədə öz əksini tapmasıdır: “Bəyanatda deyilir ki, Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması regional inteqrasiyaya maneədir. Bundan daha vacib isə odur ki, bəyanatda həmçinin, problemin bu günə qədər qəbul edilmiş qərarlar əsasında həll edilməsi də vurğulanır. Bu olduqca əhəmiyyətli detaldır. Çünki qərar deyəndə ilk növbədə BMT Təhlükəzilik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi qətnamələr nəzərdə tutulur. Orada isə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutulur”.