Əkbər QOŞALI yazır
Azərbaycan Respublikasının Londondakı (avqust, 2022), Parisdəki (sentyabr, 2022) səfirliklərinə qarşı təxribatlar və nəhayət bu gün Tehrandakı səfirliyimizə qarşı terror aktı! – Bir-birindən min km.-lərlə uzaqlardakı şəhərlərdə baş vermiş bu üç hadisənin arxasında eyni zehniyyət (zehniyyətsizlik!) durmaqdadır. – İngiltərədəki səfirliyimizə çirkin təxribatı törədənlərin zamanında Qum “mənəvi-ruhani” qidasından zəhərlənənlər kateqoriyasından olduğu bilindi; Parisdəki təxribat erməni-fransız bədnam işbirliyinin nəticəsiydi və imamları 1979-cu ildə məhz Parisdən Tehrana havalanmış Fars-Molla simatizanları da zatən anti-Azərbaycan məzmunlu hər şeydən həzz alır; nəhayət Tehran şəhərindəki qanlı terror aktı! Fars-Molla rejiminin paytaxtı (hələlik Ermənistan Respublikasının paytaxtı statusunu daşıyan) İrəvanla daha yenicə “qardaş”laşmış, Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakobyan o şəhərdə təmtəraqla yenicə qarşılanıb-yola salınmışdı. Hadisə o rejimin paytaxtında və o rejimin xüsusi xidmət orqanlarının dəstəyi ilə baş verib ki, o rejim 44 günlük müharibənin nəticələrini Ermənistan rəhbərliyindən daha ağır həzm edir.
Bu hadisə Fars-Molla rejiminin tələsikliyinin – harasa, nəyəsə tələsiməsinin nəticəsidir. Terrorçu da tələsiyirdi. Rejim polisinin rəsmisinin açıqlaması da tələm-tələsikdi. Ancaq ha tələssinlər ha “təmkinli” olsunlar – xeyri yoxdur – İran vİran olmağa məhkumdur! Azərbaycan Respublikasına qarşı Arazboyu “meydan oxumaq” anlamında iki irimiqyaslı hərbi təlim keçirdilər – keçmədi! Birincisinə siyasi, ikincisinə elə hərbi təlimlə cavab verdik – özü də, qardaş Türkiyə ilə ortaq! Arazboyu təlimlərdən öncə və sonra da müxtəlif “molla”vari təxribatlar törədildi – layiqli cavablarını aldılar. Qafanda konsulluq açdılar, Azərbaycan Respublikası Təl-Əvivdə (İsraildə) səfirlik açmaq qərarı verdi; qardaşlığımız “Şuşa Bəyannaməsi” ilə taclandırılmış Türkiyə isə Şuşada baş konsulluq açacağını duyurdu. İran Zəngəzur dəhlizinə qarşı açıq-gizli siyasət yürüdür, Azərbaycan Respublikası isə Zəngəzur dəhlizinin açılmasının nəinki İrandan, heç Ermənistanın özündən, dünya erməniliyindən, Ermənistanın güclü himayədarlarından da asılı olmadığını bildirir – o dəhliz açılacaq! – Biz Fars-Molla rejiminin hansısa “qırmızı cizgi”sinə-zada baxacaq dövlət deyilik, biz öz yolumuza baxarıq! – Ermənistan öz baş nazirinin imzaladığı sənədlərə, öhdəliklərə boyun əyəcək! Və Fars-Molla rejimi məğlub Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhəddi boyunca törədilən təxribatlara mənəvi (əgər mənəvi demək olarsa), siyasi dəstək azmış kimi, dronlu, raketli dəstək verməkdən daha irəli getmək niyyətində olduğunu nümayiş etdirir. İran və irəli sözləri bir cümlədə əziyyət çəkdiyi üçün deyək, ki, rejim geriyə – öz içinə, düz paytaxtınadək çəkildi və təxribatı orada törətdi. Saqqallı Fars-Molla rejimi ağız-ağıza öpüşdüyü Ermənistan rejimi ilə həmahəng çalışır. Azərbaycanlıların qanının axıdılması onların ortaq marağıdır – ha sərhəddə, ha Tehranda! Ancaq bu qan yerdə qalmayacaq! Bütün Şeytan yuvası və hücrələrindəkilər qanmalıdır ki, Azərbaycan öz şəhidlərinin qanını yerdə qoymur! Bu birmənalıdır!
Bəli, Fars-Molla rejimi Azərbaycan Respublikasının səfirliyinə terror aktı törədib! Özü də, fədakar səfirlik əməkdaşımız o qatilin növbəti atəşlər açmasının, yeni qətillər törətməsinin qarşısını almasaydı, həlak olanlar daha çox olacaqdı. Əlinə Kalaşnikov avtomatı verilən adamın missiyası bir adamlıq qətl olmayıb – elə oslaydı, daha usta tərpənər, tapançayla gələrdi, elə deyilmi? – O, səfirliyin binasındakı hər kəsi güllələmək planında olub.
Fars-Molla rejimi həmişə terror yuvası olub, terrora dəstək verib, daha doğrusu, terrorun qaynağı olub. İran vİran olmayınca da belə olacaq! Fars-Molla rejiminin zəmanətində olan heç bir səfirliyin, konsulluğun toxunulmazlığına zəmanət yoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfirliyimizə silahlı hücumu qınayan “tvit”ində deyilir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir”!
Bəli, biz dövlət, xalq olaraq, Dünya azərbaycanlıları olaraq Fars-Molla rejimindən obyektiv araşdırma tələb etməkdə haqlıyıq, israrlıyıq!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!