Faiq Balabəyli: “Bu ittihamlar eşitdiklərimə, 1 seriyasının 10-15 dəqiqəsinə baxıb sonra baxmadığım serialların keyfiyyətinə əsaslanır”
Bir-iki istisnanı nəzərə almasaq, heç yerli telekanallarda dövlət büdcəsi hesabına vaxtilə çəkilən serialların da bizim tamaşaçıların xoşuna gəlmədiyi məlumdur. Mütəmadi olaraq dövlət büdcəsindən kinoya, seriala pul ayrılıb, qarşıya konkret hədəflər qoyulub, amma bu vəsaitin böyük hissəsini müəyyən adamlar, qruplar “əridib” yoxa çıxarıblar. Nəticədə də ortaya dadsız-duzsuz məhsullar çıxıb ki, onun da əziyyətini ən çox tamaşaçı çəkir.
Bildiyimiz kimi, bütün dünyada telekanalların serial çəkmək sahəsində böyük təcrübəsi, eyni zamanda ənənəsi var. Özü də bu seriallar yalnız yerli auditoriya üçün deyil, bütün dünyaya, hətta kinoprokatlara, satışlara hesablanıb çəkilir.
Azərbaycanda da telekanallar serial çəkməyə başladılar. Bu o zərurətdən irəli gəldi ki, 2012-ci ilin may ayından xarici serialların yerli televiziyalarda yayımı dayandırıldı və yerli kanalların özlərinin serial çəkmək məsələsi gündəmə gəldi. Xarici serialların nümayişi dayandırılan kimi bizim televiziyalar öz seriallarını tamaşaçıya təqdim etməli idi. Əlbəttə, televiziyaların bu işə başlamasında dövlətin ciddi maliyyə dəstəyinə ehtiyac vardı. Dövlət bu addımı atdı. Prezident İlham Əliyevin 09 sentyabr 2011-ci il tarixli 1709 nömrəli və 04 aprel 2013-cü il tarixli 2830 nömrəli sərəncamına əsasən, o vaxt fəaliyyətdə olan və hazırda ləğv edilən Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli serialların çəkilməsi üçün ilkin mərhələdə televiziyalara maliyyə vəsaiti ayırmağa başladı. Məlumatlara görə, Azərbaycanın televiziya kanallarına serial çəkilişləri üçün 2011-ci ildən 2016-cı ilə qədər dövlət tərəfindən ayrılmış 11 milyon manat vəsait hesabına TV-lər ümumilikdə 40 serial çəkib.
Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması müsbət hal olsa da, çox təəssüf ki, ortaya çox az sayda normal səviyyəli seriallar çıxarılıdı. 2014-cü ildə Milli Televiziya və Radio Şurasının qərarına əsasən, milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz min) manat məbləğində maliyyə yardımı ayrılıb, 2016-cı ildə isə ayrılan 5 və 6 milyon manatdan serial çəkilişi üçün kanallara köçürülmüş vəsaitin məbləği açıqlayıb. 09 sentyabr 2011-ci il tarixli 1709 nömrəli sərəncamına əsasən ayrılan 5 milyon manatdan ATV kanalının hesabına “Sirr”, “Pərvanələrin rəqsi”, “Onu bağışlamaq olarmı” seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon manat, ANS kanalına “Xoca” və “Ağabəyovlar” serialının çəkilişi üçün ümumilikdə 800 min manat, “Lider” kanalına “Dostlar”, “Satko”, “Muradına çatan günəş” seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, “Space” kanalına “Cənnətə səyahət”, “Bir kəndin Sevinci” seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, “Xəzər” kanalına “Aramızda qalsın”, “Qaynana”, “Ayrılıq son deyil”, “Həyat varsa”, “Sonun başlanğıcı” seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, İctimai Televiziyaya “Qarabağ”, “Dalan” , “Döngələr”, “Qaranlıqlar çiçəyi”, “Xoş təsadüf” seriallarının çəkilişi üçün isə ümumilikdə 800 min manat vəsait köçürülüb. ATV kanalına “Çaqqal nəfəsi”, “Toy gecəsi”, “Həyat çiçəyi”, “Aydın” və “Qız yükü” seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon 200 min manat, “Lider” kanalına “Qisas”, “Durnalar qayıdanda”, “Tufanlı Səma” serialları üçün ümumilikdə 1 milyon manat, “Space” kanalına “Tək olanda qorxma”, “Oğurlanmış arzular”, “Üç bacı” seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon manat, “Xəzər” kanalına “Həyat sən nə qəribəsən”, “Sənə inanıram”, “Cehizsiz gəlin”, “Əli və Nino” seriallarının çəkilişi üçün ümumilikdə 1 milyon 250 min manat, “Region” kanalına “Hippokrat andı”, “Əhməd haradadır”, “Kolxoz 85”, “Sənsiz” seriallarının çəkilişi üçün isə ümumilikdə 550 min manat vəsait köçürülüb. Bu, təqdim etdiyimiz dövrə aid statistikadır.
Vaxtilə ard-arda seriallar çəkilsə də, son dövrlər telekanallara serial çəkilişləri üçün vəsait ayrılmır. Mütəxəssislər deyirlər ki, büdcədən TV-lərə bu məqsəd üçün pul ayrımı dayandırılıb. Mütəxəssislər deyir ki, bir neçə il bundan əvvəl TV-lərə serial çəkilişi üçün pul ayrılsa da, son dövrlər bu vəsait dayandırılıb. Vəsaitin dayandırılması səbəbi barədə irəli sürülən iddialara görə, ayrılan pulun böyuk hissəsinin TV rəhbərləri və rejissorlar tərəfindən mənimsənildiyi və seriallara qəpik-quruş xərcləndiyi məlum olub. Bu səbəbdən də seriallara ayrılan vəsait dayandırılıb. Bundan başqa, serialların çoxunun mövzusu da, ideyası da qənaətbəxş olmayıb. Hətta belə iddialar var ki, rejissorlar pul verməməyin dərdindən təsadüfi adamları seriallara aktyor və aktrisa kimi çəkib. Bir sözlə, narazılıqlar çoxdur və biz bunu vaxtaşırı olaraq eşidirik.
“Dövlətin ayırdığı vəsait seriallara deyil, kimlərinsə şəxsi marağına xidmət edibsə, bu çox mənfi haldır”
Müstəqil.az saytının baş redaktoru, tanınmış şair, qələm adamı Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər bir dövlətin özünün kino ilə bağlı xüsusi siyasəti və bu siyasətin irəliləməsi üçün işlək mexanizmi olmalıdır. Bir vaxtlar TV-lərə serial çəkilşləri üçün vəsait ayrılmasının yaxşı hal olduğunu vurğulayan F.Balabəyli hesab edir ki, burada hər hansı bir əyintilərin olması ortaya mükəmməl serialların çıxarılmasına əngəl olub. “Əvvəlcədən deyim ki, mövzu aktualdır və düşünüdürücüdür. Mən dəfələrlə şahidi olmuşam ki, Azərbaycan seriallarına yerli izləyicilərimiz ironik münasibət bildirir, lağ obyektinə çevirirlər. Həm də bu məsələdə haqlıdırlar. Əlbəttə, bir qədər yaxşıları da var. Amma bu yaxşılar digər seriallarımızla müqayisədə yaxşı görünə bilər, peşəkar səviyyədə yanaşdıqda isə yox. Türkiyə televiziyalarının və prodakşnlarının çəkdiyi seriallara baxıram. Tarixi və müasir həyatdan bəhs edən seriallar seyrçini düşündürür, tarixi yaddaşları təzələyir, maarifləndirir. Mən məmmuniyyətlə seyr edirəm. Aktyor işinə, rejissor dəsti-xəttinə, operator peşəkarlığına heyran qalmamaq olmur. Eləcə də müasir həyatdan, məişətdən bəhs edən filimlər. Əlbəttə ki, əsas maliyyədir. Məndən bir dəfə TV-lərimizin birində yayınlanan serial üçün ssenari yazmağı istədilər. Düzdür, onların dediklərini yaza bilmədim, qoyduğum hadisələrin ekran həllinin tapılması üçün çox maliyə tələb olunurdu. Mənə dedilər ki, bizim pavliyonumuz yoxdur. Bir “Şamaxinka”da icarəyə götürülmüş bina var, bir də hansısa meşə zolağında olan bir kafe.
Mənə hər seriya üçün 100 AZN təklif olunurdu. Yaza bilmədim. Sonradan maraqlandım. Bir əməkdar artist mənə dedi ki, bir seriya üçün 50 AZN qonorar alır. Və məlum oldu ki, TV-lərin proyekti olan seriallar üçün ayrılan vəsaitin müəyyən hissəsi geri qayıdır, “obnaliçka” olunur. Müəyyən hissəsi TV rəhbərlərinin hansısa maraqlarına xidmət edir, eyni zamanda rejissorların özünün insafına ayrılır, aktyorlara və texniki işlərə qalan vəsait isə çox cüzidir. Aydın məsələdir ki, dövlətin ayırdığı vəsait seriallara deyil, kimlərinsə şəxsi marağına xidmət edibsə, bu çox mənfi haldır. Belə olduqda nəticə indiki kimi olur.
Amma sualinizin digər hissəsi ilə bir qədər razı deyiləm. Nə üçün TV rəhbərləri maraqlı serialların çəkilişinə maraqlı deyil, soruşursunuz. Kim maraqlı olmaz ki? Əlbəttə maralıdırlar. Amma maraqlı əsər, serial ortaya qoymaq üçün nəfs iti olmamalıdır”.
F.Balabəyli hesab edir ki, dövlətin ayırdığı vəsait səmərəli xərclənsəydi bu gün mövcud problemlər olmazdı, işi iş bilənə tapşırıb səviyyəli seriallara sahib olmaq olardı: “Dediyim kimi, gərək burada göz toxluğu olsun, yaxud, ayrılan vəsaitin müəyyən hissəsi serial üçün səmərəsi olmayan, amma fərdlərin səmərəli həyat tərzinə sərf edilməməlidir. Bu ittihamlar eşitdiklərimə, 1 seriyasının 10-15 dəqiqəsinə baxıb sonra baxmadığım serialların keyfiyyətinə əsaslanır”.
İradə SARIYEVA
(Bakı Xəbər)