İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu öldürməkdə təqsirli bilinən Rəşidə Seydiyeva, Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Natiq Babaverdiyev 20 il, Yunus Camallı 20 il, Pərvin Əlməmmədov 14 il, Zahid Dünyamalıyev 12 il, Ceyhun Talıblı 20 il və Rəşidə Seyidova 4 il müddətinə azadlıqdan məhrum edilib.
Ev dustaqlığında olan Rəşidə Seyidova məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, prokuror Natiq Babaverdiyev və Yunus Camallının 20 il, Rəşidə Seydiyevanın 10 il, Pərvin Əlməmmədovun 15 il, Zahid Dünyamalıyevin isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, ötən il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran vətəndaşı Tibb Universitetinin 5-ci kurs tələbəsi Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub.