Tibbin rəzil çağı: insan kəlləsi və dərisindən, at spermasından, siçovul tükündən dərmanlar

 

Tibbin yəqin ki, bəşəriyyətin yaşı qədər tarixi var. Çünki hər dövrdə tibb ən ehtiyac duyulan sahə olub. Daimi olaraq inkişafda olan tibb sahəsi bütün dövrlərdə öz yaxşı və pis həkimləri ilə yadda qalıb. Bu sahənin nümayəndələri həmişə hörmət sahibləri olduğu üçün insanlar onlara Tanrıdan sonra inanıb güvəniblər.

 

Bundan sui-istifadə edən həkimlər isə hər zaman olub. Səhvən əl-ayaq kəsənlər, cərrah masasında cəlladlıq edən həkimlər bütün dövrlərin “yaraşığ”ı olub. Məsələn, VIII Lüdovikin həkimi o boyda kralı (sözün hər iki mənasında – adam həm həddən artıq cüssəli olub, həm də yeddi arxadan dönəni kral olub) aldadıb ki, bütün xəstəliklərin səbəbi dişlərdir. Onların hamısını çəkib çıxarmaq lazımdır. Nəzərə alaq ki, həmin dövrdə narkoz günah sayıldığından hər növ əməliyyatlar ayıq halda aparılırdı. Təsəvvür edin, 32 sağlam diş çıxarılsa, insan nə əzab çəkər… Bunun nəticəsidir ki, kralın yuxarı damağının bir hissəsi qopduğundan ömür boyu yeyib-içdiyi burnundan gəlib – bu da sözün həqiqi mənasında: damağı olmadığından yedikləri buruna qalxıb ordan tökülürmüş. Bundan başqa, kral apendisit və babasil əməliyyatlarını da narkozsuz keçirib və həkimləri onu inandırıb ki, əməliyyatdan 2-3 saat sonra durub gəzsə, çirkli, xəstə qan axıb gedər və tez sağalar.

Belə nümunələrin sayını çox artırmaq olar. Amma unutmayaq ki, İbn Sina və Hippokrat kimi həkimlər də olub ki, onların tibbi kəşfləri və müalicə üsulları günümüzdə də istifadə olunur.

 

Bəs müxtəlif tibbi ləvazimatların az olduğu zamanlarda müalicə hansı yollarla aparılırdı?

 

Bunlardan ən əsası qanalma yolu olub. İstər şərq, istərsə də qərb olsun, min illər boyu bu üsulla müalicələr aparılıb. Qədim həkimlər hesab edirdilər ki, xəstəliklərin çoxu qanın bədəndə artımı və çox qızması ilə əlaqədardır. Odur ki, az miqdarda qan alıb xəstəni sağaldarmışlar. Amma bəzən qanaxmanın qarşısı alına bilmədiyindən xəstə əldən gedirmiş.

 

Silkələmə – bu kobud, vəhşicəsinə müalicə üsulu ilə insanın daxilindən guya pis qüvvələri, ruhları qovurmuşlar. Yəqin o zamanların psixoterapevt və nevropatoloqları belə edirmiş. Pis ruh işinə onlar baxırlar.

 

Civəylə müalicə – ondan hazırlanan eliksirlər qədim Persiya və Yunanıstanda geniş yayılmışdı. Xüsusilə zöhrəvi xəstəliklərin müalicəsində istifadə edilirdi. Həmçinin ondan hazırlanan preparatlar cavanlıq mənbəyi hesab edilirdi. Amma civə zəhərli maddə olduğundan çoxlarını əbədi cavan saxlayırdı, yəni elə cavan yaşındaca öldürürdü.

 

Hannibalizm – daimi olaraq baş ağrısından, əzələ ağrılarından, mədə xorasından əziyyət çəkirsiniz? Gözləməyin, heç bir resept təklif etməyəcəm. Sadəcə şükr edin ki, orta əsrlərdə yaşamırsınız. Yoxsa ən yaxın sahə həkimi sizə insan qanından, dərisindən, ovulmuş sümüklərindən dərman hazırlayıb verə bilərdi. Təzəcə vəfat etmiş adamın sahibi olmayanda, ondan həm tibbi təcrübə, həm də dərman kimi istifadə edirdilər. Hətta hesab olunurdu ki, ölmüş idmançının qanı epilepsiya xəstəliyi sağaldır.

 

Quru kəllə müalicəsi – ümumiyyətlə qədim dövrlərdə hesab olunurdu ki, bütün xəstəliklər insanın günahları ucbatından baş verir. Ona görə də yeli həkimlər istənilən müalicəyə başlamazdan öncə xəstəni quru kəlləni öpməyə və ya yalamağa məcbur edirdilər. Guya qəzəbli ruhları sakitləşdirmək üçün bu vacibmiş.

 

Heyvani dərmanlar – indinin özündə də ilan zəhəri, arı südü, göyərçin yumurtası, nə bilim e… eşşək südü müalicəvi sayılır. Amma kərtənkələ qanı, ölmüş siçovul tükü, at sperması, inək təzəyi ilə müalicəyə necə baxırsınız? Hə… onda yaşadığınız dövrana şükr etməyə davam edin.

Şəfiqə ŞƏFA

Share: