“Ticarəti bacarsaydım, şeir yazmazdım” – MÜSAHİBƏ

Həmsöhbətimiz şair Xəttat Kilimçi və ya əsl adıyla Mirbağır Bünyatovdur. 

-Yalançı seyidlərdənsən, ya doğrudan ərəbsən?

-Deyəsən, Şah Abbasın dövründə olub, gəncliyindən istifadə edib üsyana qalxmış tayfalardan bəziləri sonralar təqiblərdən yaxa qurtarmaq üçün özlərini seyid tayfaları kimi qələmə vermişdilər. İndi bilmirəm, mən doğurdan da, yalançı seyidlərdənəm, yoxsa, həqiqətən, ərəb kökənliyəm.Heç maraqlanmamışam, açığı bunu araşdırmaq mənim üçün maraqlı olmayıb. Ən düzünü babam bilər, ancaq hal – hazırda ondan soruşmaq imkanım da yoxdu. Ümumiyyətlə, bu sualı verməkdə məqsədin nədir, bilmirəm, elə düşün ki, cavab verməmişəm.

 

Gördüm şeir yaza bilmirəm, dedim, heç olmasa, imzam maraqlı olsun

 

-Xəttat Kilimçi kimdir?

-Maraqlı sualdır.Heç vaxt adımdan xoşum gəlməyib, uşaq vaxtı məni heç kim öz adımla çağırmırdı, demək olar.Biri Mirçığır deyirdi, biri Miranqır, ancaq məndə ən çox travma yaradan Mirzoppa çağrılmağım idi.  Az – çox şair kimi tanınandan sonra dedim buna bir əncam çəkmək lazımdır. Hardasa, bir həftə sərasər fikirləşdim ki, görəsən, adımı necə dəyişim, nə edim biraz maraqlı olsun.Fb səhifəmi Xəttat Kilimçi kimi yenilədim, şeirlərdə həmin imzadan istifadə etməyə başladım. Xəttat sözünün mənasını aşağı – yuxarı çox adam bilir. Kilimçi sözü də bir vaxtlar dilimizdə məşhur olub. İndi demək olar ki, heç bir sözdən istifadə olunmur. Ölü sözlər sırasına daxildir, burda bir az simvoldan da istifadə etmişəm, düzü, indi mənasını özüm də unutmuşam.Gördüm şeir yaza bilmirəm, dedim, heç olmasa, maraqlı bir imza olsun.O da alınmadı.

– Səhv etmirəmsə bir neçə kərə ədəbi sayt işinə girişdiniz. Yaratdınız, fəaliyyət göstərdi, sonrasa yoxluğa yuvarlandı. Bu yaxınlarda yenə eynisi. Bütün bu alınmazlıqlar nəyə lazımdır? Problem nədədir? Sizin bu işi yarada bilməməyinizdə, yoxsa ayrı səbəb?

-Bilirsən, indiki durumda ədəbiyyat saytlarını işlətmək çox çətindir. Öncə maliyyə məsələsi böyük önəm daşıyır. Bu gün Azərbaycanda fəaliyyət göstərən ən sanballı ədəbi saytlar belə dəfələrlə ya bağlanıb, ya da bağlanmaq təhlükəsi ilə üz – üzə qalıb.Azərbaycanda populyarlıq qazanan saytlara və digər internet platformalarına baxsaq, görərik ki, daha çox gündəlik xəbər və şou xarakterli yazılar gedir. Əvvəlcə, elə bir mühit formalaşmalıdır ki, vətəndaşlarımızın həm oxumağa marağı, həm də vaxtı olsun.Yazılarını sənin saytına verən yazarlara heç olmasa cüzi də olsa qonorar verə biləsən, bunların heç biri olmur, dostsan deyə sənə bir dəfə şeir atarlar, iki dəfə yazı verərlər, sonra özün də utanarsan, çəkinərsən, axı sənin missiyan həm də sosial cəhətdən ağır vəziyyətdə olan yazarlara dəstək olmaq olmalıdır. Bir də fəaliyyət azadlığı olmayan yerdə qərar tuta bilmirəm, ədəbiyyat saytlarının dövlət idarələri kimi distansiya dəyişməsinin əleyhinəyəm, ona görə boğuluram, yoruluram və bezirəm.

 

Bazarda dondurma satıb ailəmə kömək edirdim

 

-SSRİ dövrünün sərhəd blokadası, əhalinin isə daha çox təsərrüfatla məşğul olması Cəlilabad rayonunu ədəbi fəaliyyətdən uzaqda saxlayırdı. SSRİ dağıldıqdan sonra əhalinin bir hissəsi ticarətlə məşğul olmağa başladı. Qəribədir ki, ticarəti bacarmayanların bir çoxu şair oldu.

– Hardasa, 1996 – cı ildən 2000 – ci ilə kimi rayonda İran bazarı kimi tanınan bir bazarda əlimdə dondurma sataraq ailəmizə kömək etməyə çalışırdım.Mən uşaqlığımı çox az yaşadım, bir də gördüm ki, artıq böyük insanlar kimi evə çörək gətirmək, ailənin qayğısına qalmaq kimi hislərin əsirinə çevrilmişəm. Bir dəfə necə oldusa, satmaq üçün götürdüyüm dondurmalar istidə əridi, uğursuz bir gün idi, bazarda çoxlu adam olsa da, sanki heç kim məni görmürdü, dondurmaların hamısı əriyib suya döndü, kor – peşman mənə satmaq üçün dondurma verən sahibkarın yanına getdim, evə gəlmək üçün cibimdə qara qəpik də yox idi. Ona dedim ki, mənə bir “nizami” pul ver, sabah alver edib qaytararam, yanında boydan balaca, pısıq bir oğlan vardı, mənə dedi bununla güləş, yıxsan sənə bir nizami yox, bir məmməd verəcəm, boyuna baxıb gülümsədim, əlbəttə, razılaşdım.Ayılanda özümü bir ağacın altında, üst – başı yaman gündə, dizləri qan içində gördüm, ağlamışdım.Payi piyada yola düzəlib evə gəldim, bir daha bazara getmədim, oxudum, universitetə qəbul oldum, bir də gördüm artıq şeir də yazıram.Yəqin ki, ticarətdə uğur qazansaydım, bunların heç biri olmazdı.Ancaq həm ticarətdə, həm də şeirdə uğur qazanmış adamlar da var.Onlardan biri də Rüstəm Behrudidir. Boynunda bir kiloluq qızıl seplə, qədim Roma imperiyasını andıran təmtəraq və mənsəblə dar ağacına salam demək hər şairin işi deyil.

– Sovet ədəbiyyatından danışanda daha Abbasağa Abbastürk yada düşür. Onu küçümsəmək fikrim yoxdur. Rayonda kifayət qədər sevilib, hörmət olunub. Amma o boyda rayonda, xüsusən keçmiş tarixi zəngin olan bir yerdə danışmaq üçün heçmi isbatlı digər şairlər yoxdur?

-Bir dəfə şəhərdə kimsə mənə dedi ki, sizin Cəlilabadda Abbasağa Azərtürk adında bir şair olub, tanımırsan!? Tutulub qaldım, biraz da utandım ki, 200 km aralıda sənin yerlin olan bir şairi tanıyalar, sən tanımayasan.Sonra heç yadıma düşmədi, bəlkə də şairdən bir bəndin özünü belə oxumamışam, elə bir hissim olmayıb ki, görüm adam nə yazıb, necə yazıb.Ancaq harda olmuşamsa, deyiblər gözəl şairdi.Çox güman ki, başqa şairlər və yazarlar da olub, ama tarix Abbasağa üçün elə bir tale hazırlayıb ki, yaddaqalan olub.
-Son dövrlər şair bolluğu, yaradıcı insanların çoxalması rayonda qəribə “kruq”laşma yaradıb. Bizdən öncəkilər özündən başqası olan yaşıdlarının uğurunu istəmir. Özündən sonra gələnlərinsə onun reklamçısı, süfrə yoldaşı olmadan ümumiyyətlə, guya tanımır. Gənclərisə hərəsi bir kölgədə özünə sərinlik axtarır. Bir rayon daxilində şairlərinin belə eqoistcə lokal düşmənçiliyi ilə hara gedirsiniz?
-İnan ki, yaşlı adamlar gənclər üçün o sərinliyi də çox görürlər. Deyirlər, siz yelpiklə də sərinlənə bilərsiz. O adamlar bir dəstədirlər, həmişə topa gəzirlər, ciblərini eşsən hərəsinin cibindən 5 – 10 kart çıxar, büdcəni əmdikləri azmış kimi, bütün tədbirlərdə başdadırlar. Çünki, onlar üçün ölənin kim olduğu maraqlı deyil, əsas odur ehsan olsun. Ancaq bir məsələ də var, nisbətən, yaşlı olanların içərisində Bilal Alarlı müəllim həmişə mənimlə maraqlanıb, məktəbdə keçirdiyim ən xırda tədbirlərdə belə ədəbiyyat adına sevə – sevə iştirak edib, maddi – mənəvi həmişə yanımda olduğunu deyib, bunu həm də hiss etdirib. Belə yeniliyə açıq, ruhu cavan adamları görəndə ruhlanırsan, ümidlənirsən, çox heyf ki, belə insanlar da çox azdırlar, hər tərəf qaragüruhla doludur.Səni əzib üstündən keçmək üçün bəhanə axtarırlar.İkinci kitabın çıxanda Rayon İcra Hakimiyyətində işləyən bir dostumuz dedi ki, bir kitab ver, sənin tədbirini keçirək, rayon ictimaiyyəti tanısın. Bir həftədən sonra xəbər çıxdı ki, bəs rəhbərlik icazə vermir.Mən bunun nəticəsinin necə olacağını zatən əvvəlcədən bilirdim, yenə də o dostu qırmadım kitabı verdim, axrı da belə. Nə var nə var, şeirlərin bir neçəsi üsyan xarakterli idi. Bunu deməkdə məqsədim odur ki, bu xarakterdə olan idarəçilər üçün mənim kimi insanlar yox, həmin o alqış çalan ünsürlər lazımdır.Deyəsən, uzun danışıram, zəhləni töksəm…

 

Şair olduğumu kəndimizdə bilən yoxdur

 

-İki kitab müəllifisən. Gerçəklikdən danışsaq, o kitablardan ədəbi mühit müəyyən qədər xəbərsizdir. 

 

-Ədəbi mühit nəinki o kitablardan, özündən də xəbərsizdir. Mənim şair olduğumu kəndimizdə bilən yoxdur, ədəbi mühit neyləsin.  Bilmirəm, burda yəqin ki, günah özümdədir, mənə elə gəlir, həqiqəti bağıraraq deməyə ehtiyac yoxdur, eşitmək istəyən pıçıltını da duyacaq.Yəqin hələ ki, həqiqəti yazmağı, onunla rəftar etməyi öyrənməmişəm. Əgər doğurdan da ortalığa həqiqi mətnlər qoya bilsəydim, ədəbi mühitin xəbəri olardı.Deməli, ya yazmamalıyam, ya da çox işləməliyəm, mütaliə etməliyəm, tələsməməliyəm, özümə qapılmamalıyam.

-Tarix müəllimi və şair. Mirbağır müəllim kimi uğurludur, yoxsa şair kimi? 

-Mənə qalsa, nə tarix müəllimi Mirbağır, nə də şair Mirbağır uğurludur.Etiraf edirəm ki, tarix müəllimi kimi uğur qazansaydım şeirin, şair kimi uğur qazansaydım tarixin daşını atardım. Heç birini yerində edə bilmirəm, bir də gördün tarix müəllimi olmalı olduğum yerdə şair, şair olmalı olduğum yerdə tarix müəllimi oluram. Bu get – gəllərin arasında vurnuxuram.Özümü bəzən aldadıram ki, guya qiymətimi bilmirlər, əslində belə deyil. Hərdən özümə sual verirəm, axı tarix müəllimi kimi nə etmişəm və ya şair kimi nəyə yiyələnmişəm?! Cavabını da verim, heç nəyə, özümü dağ başından aşağı yuvarlanan boş qazan kimi hiss edirəm.

-Yaralarını təzələmək istəmirəm, amma atan vəfat etdiyi halda onu məhkəməyə vermişdilər. O işin axırı necə oldu?

-Yadıma gəlir, həmin məhkəmə məsələsi xeyli saytda getdi, hətta Xəzər tv – yə bununla bağlı açıqlama da verdim. Bəli, atam vəfat etdikdən bir xeyli sonra bizə məhkəmədən bir məktub gəldi. Bank olmayan kredit təşkilatı sığortanın ödəməli olduğu borca görə atamı məhkəmə vermişdi.Halbuki, dəfələrlə bununla bağlı onlara həm rəsmi, həm də adi formada bildirmişdim ki, atam vəfat edib, bu onun ölüm haqqında şəhadətnaməsi, bu da birbaşa sizin iştirakınızla bağlanmış sığorta müqaviləsi, bəs bu nə biabırçılıqdır.Sonradan o vaxt bizim məhkəmənin sədri olan Əliəjdər müəllim mənə zəng edib üzr istədi, ittihamı rədd etdiyini dedi, ancaq bu sonralar dəfələrlə təkrar olundu, hələ də öz həllini tapmayıb.

-“Onda hələ daş deyildi çəpərlər…”şeirin mənə Şəhriyarı xatırladır. Fikir eyniliyi olmasa da, keçmişə yanaşma tərzi, avaz və.s və yaxud digər şeirlərində Ramiz Rövşən, Salam Sarvan avazları görürəm.

-Tamamilə razıyam, bir dəfə səhifələrin biri Şəhriyarın bir şeirini paylaşmışdı.Lakin, müəllifi qeyd etməmişdi.Yadıma gəlir ki, bir neçə insan ora mənim adımı qeyd etmişdilər.Şəhriyar mənim ən sevdiyim şairlərdəndir, onu ağrısını bəzən canımda hiss etmişəm.Salam isə ayrı bir həngamədir.Həmişə hansısa misrasını dilimin altında pıçıldayıram.Salam çox doğmadır, həmişə onun sakit, həlim – həlim söhbətlərindən sarı darıxıram, günlərlə ədəbiyyat haqqında danışsa, qulaq asaram.Bu şairlərdən təsirlənməyin nəyi pisdir ki, niyə də olmasın.Birdə ki, məsələyə bu konteksdən yanaşsaq, hamıdan başqa bir şairi dartıb çıxarmaq olar.Hətta Nobel mükafatçılarının özü də bu məsələdən yan qaça bilməyiblər.

– Sənə baxanda yadıma şeir yox, yeyib-içmək düşür. Bununçün də şeirlərin barəsində əlavə danışmayacam. Üç ildi, hinduşka sözün var. Ona görə birinci suald dedim ki, yalançı seyidsən? 

-Sən də məni potensial kabab kimi görürsən.  İnanırsan, sevdiyim adamları görməkdən sarı hərəsinə bir söz demişəm, halbuki hinduşka nədir, heç əyriqıç ördəyim də yoxdur.Çox vaxt dostlarla yeyib içmək məclislərində sivişib aradan çıxmışam.Səni də çağırıram ki, aldığın qonorarlardan gəlib qonaqlıq verəsən. Əslində, bütün bunlar əlbəttə bir zarafatdır, özümdən məlumatlı adamlarla ünsiyyət qurmağı çox sevirəm, həmişə onlardan nəsə yaxşı məna da çırpışdırıram, mahiyyəti olan, özülü olan bilgiləri qazanmağın acıyam, hinduşka bir bəhanədir.

Söhbətləşdi: Emin Piri

Share: