Ticarət nümayəndəsi: “Azərbaycanın alternativ enerji sahəsinə Çin investorlarını cəlb etmək niyyətindəyik”

Ticarət nümayəndəsi: “Azərbaycanın alternativ enerji sahəsinə Çin investorlarını cəlb etmək niyyətindəyik”

“Azərbaycanın alternativ enerji sahəsinə Çin investorlarını cəlb etmək niyyətindəyik”.

Bunu Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu “Report”a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

– Qarşılıqlı etimad, hörmət və dostluğa əsaslanan Azərbaycan-Çin əlaqələri yüksələn xətlə inkişaf edir. Biz ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu müddət ərzində ölkələrimiz etibarlı tərəfdaş və dosta çevrilib. Dövlət başçıları Prezident İlham Əliyev və Sədr Si Cinpinin siyasi iradəsi və dostluğu ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. İki ölkə arasında təşəkkül tapmış yüksək səviyyəli əlaqələr iqtisadi tərəfdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar yaradır.

Məlumdur ki, Azərbaycan Çinin “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Eyni zamanda, ölkəmiz bu təşəbbüsün fəal iştirakçılarından hesab edilir, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi bunun bariz nümunəsidir. 2017-ci ildə bu dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Çin və Avropanı birləşdirən yeni marşrut formalaşıb. Hazırda iki ölkə arasında ticarət, investisiya və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq əlaqələri durmadan inkişaf edir. Buna baxmayaraq, düşünürəm ki, ölkələrimiz arasında alternativ və bərpa olunan enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, istehsal və elektron ticarət kimi sahələrdə əməkdaşlıq üçün daha böyük potensial və perspektivlər mövcuddur.

– İki ölkə arasında ticarət dövriyyəsinin artımı üçün hansı imkanlar var? Çinin Azərbaycanın hansı qeyri-neft məhsullarına marağı var, bizim məhsullarımızın Çin bazarına ixracının genişləndirilməsi potensialını necə qiymətləndirirsiniz? Bu il iki ölkə arasında iqtisadi əlaqələrin təşviqi üçün hansı işlər görülüb və görülməsi gözlənilir?

– 2022-ci ildə Azərbaycanın Çin ilə ticarəti dövriyyəsi 2021-ci illə müqayisədə 23,5% artaraq 2,159 milyard ABŞ dolları təşkil edib. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır.

Üç il ərzində Çində pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər COVID-19 xəstəliyinin geniş yayılmasının qarşısını alsa da, daxili istehlakın azalmasına da səbəb olub. Bu hal Azərbaycanın qida və içki məhsullarının bu ölkəyə ixracına da təsirsiz ötüşməyib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, biz iqtisadi əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərimizi davam etdiririk.

Çində istehlak bazarında baş vermiş kiçilmə nəticəsində qısamüddətli perspektivdə bir sıra qida məhsullarımızın bu ölkəyə ixracında müəyyən azalma müşahidə edilsə də, uzunmüddətli perspektivdə bu bazarın Azərbaycan üçün önəmi daha da artacaq. Düşünürəm ki, iki ölkə arasında ticarət həcminin, xüsusən də Azərbaycandan Çinə qeyri-neft məhsullarının ixracının artırılması üçün geniş perspektivlər mövcuddur.

Çin dünyanın istehsal mərkəzi olduğu üçün, burada xammala böyük tələbat var. Bu baxımdan ölkəmizdə istehsal olunan kimya sənayesinə aid məhsullara, xüsusən də polimerlərə olan tələbat daha çoxdur. Bununla yanaşı, Azərbaycan pambığına da çinli şirkətlər tərəfindən maraq göstərilir.

– Azərbaycan şərabları Çin bazarında öz yerini tuta bilərmi və hazırda bu məhsul ixracının səviyyəsini necə qiymətləndirirsiniz? Şərab ixracının təşviqi üçün hansı addımların atılması vacibdir?

– Çin müxtəlif ölkələrin şərabçıları arasında böyük rəqabətə malik geniş şərab istehlakı bazarına malikdir, belə ki, Çinə 70-dən çox ölkədən şərab məhsulları ixrac edilir. Yavaş-yavaş, lakin inamlı addımlarla Azərbaycan şərabı da Çin idxalçıları və istehlakçıları arasında populyarlıq qazanır. Biz çalışırıq ki, çinli istehlakçılar bizim şərab məhsullarımızı butik, orijinal, yüksək keyfiyyətli, münasib qiymətli məhsullar kimi qəbul etsinlər.

Ticarət nümayəndəliyi tərəfindən Azərbaycan şərabçılıq mədəniyyətinin və şərablarının Çində təbliğ edilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir. 2018-ci ildən etibarən Çində Azərbaycan Şərab və Ticarət Evləri açılmağa başlayıb. İl ərzində keçirilən sərgilərdə Azərbaycan şərabları nümayiş olunur. Eyni zamanda, populyar somelyelərin iştirakı ilə Çində Azərbaycan şərablarının master-klas və dequstasiya tədbirlərini təşkil edirik. Bu tədbirlər zamanı xüsusi olaraq “Bayan Şirə”, “Mədrəsə” və “Xindoqni” kimi Azərbaycanın aborigen üzüm sortlarından hazırlanan şərab məhsulları təbliğ edilir.

Çində şərab sənayesində kifayət qədər nüfuza sahib Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutu ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir. Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutu və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) əldə etdiyi razılığa əsasən, 2019-cu ildən etibarən Çində Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzi fəaliyyətə başlayıb. Hazırda Təşviqat Mərkəzi Azərbaycan şərabçılığının və şərablarının Çin bazarında aktiv şəkildə təbliği ilə məşğuldur. Azərbaycan şərabçılığı haqqında Çin dilində veb-sayt (http://www.azerbaijanwine.cn/) və Çinin məşhur “Wechat” sosial şəbəkəsində rəsmi səhifə açılıb. Eyni zamanda, Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutu tərəfindən Azərbaycan şərabçıları üçün Çin şərab bazarının özəlliklərinə dair treninqlər təşkil olunub.

Son illər ərzində Çində idxal şərab bazarında yaşanan dalğalanmalar, təbii ki, Azərbaycan şərablarının bu ölkəyə ixracına da təsirsiz ötüşməyib. Buna baxmayaraq, düşünürəm ki, şərab məhsullarımızın Çinə ixrac həcmi tədricən artmağa başlayacaq. Çin iqtisadiyyatı artıq bərpa prosesinə başlayıb və həyat artıq normala qayıdır, lakin istehlakçı inamının geri qayıtması daha çox vaxt tələb edə bilər. Mən hesab edirəm ki, bu baxımdan çinli istehlakçılar şərab qiymətlərinə daha həssas yanaşacaqlar, ona görə də qiymət-keyfiyyət nisbəti şərab seçimində mühüm amil olacaq və Azərbaycan şərabı məhz bu aspekt baxımından yaxşı şans əldə edə bilər. Bu prosesi şərab istehsalçılarımız da düzgün dəyərləndirməlidirlər.

– İndiyənədək Çin Azərbaycana nə qədər investisiya yatırıb və bu kapital qoyuluşlarında artım gözlənilirmi? Çin şirkətlərinin Azərbaycana marağını necə dəyərləndirirsiniz? Azərbaycanın investisiya mühitinin Çində təbliği üçün hansı işlər görülür?

– 1995-ci ildən bu günə kimi Çin investorları Azərbaycana ümumilikdə 920 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb. Azərbaycanda 200-dən çox Çin kapitallı şirkət qeydiyyatdan keçib və bu rəqəm ildən-ilə artmaqdadır. Çin şirkətləri Azərbaycanda sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərir.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edilib. Bununla yanaşı, ölkə Prezidentinin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonasının yaradılması nəzərdə tutulub. Bu baxımdan xüsusi olaraq qeyd etmək istərdim ki, alternativ və bərpa olunan enerji sahəsində iki ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və biz bu sahəyə çinli investorları cəlb etmək niyyətindəyik. Hazırda bu barədə danışıqlar gedir.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidənqurma işlərinə çinli investorların cəlb edilməsi istiqamətində də işlər görülməkdədir.

Yaxın gələcəkdə ölkəmizdə Azərbaycan-Çin Sənaye Parkının qurulması da planlarımız arasında yer alır. Düşünürük ki, bu cür sənaye parkının yaradılması ilə, biz iqtisadiyyatımıza Çindən daha çox investisiya cəlb edə bilərik.

Ticarət nümayəndəliyi tərəfindən mütəmadi olaraq çinli potensial investorlarla görüşlər keçirilir, onlara ölkəmizin biznes mühiti, habelə sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında və işğaldan azad edilmiş ərazilərdə investorlar üçün təklif olunan imtiyazlar, eləcə də vergi güzəştləri və azadolmaları haqqında ətraflı məlumat təqdim edilir. İl ərzində Azərbaycanın biznes mühiti və investisiya potensialı haqqında forumlar keçiririk, beynəlxalq tədbirlərdə təqdimatlarla çıxış edirik. Təbii ki, bu istiqamətdə fəaliyyətimizi və səylərimizi davam etdirəcəyik.

– Azərbaycan xalçalarının Çində təbliği istiqamətində hansı işlər görülür?

– Ticarət nümayəndəliyi olaraq, Azərbaycan xalçaçılıq mədəniyyətinin Çində tanıdılması və Azərbaycan xalçalarının Çinə ixracı ilə bağlı mütəmadi olaraq müvafiq tədbirlər həyata keçiririk. Xalçalarımız Çində fəaliyyət göstərən ticarət evlərimizdə nümayiş etdirilir. Xalçaçılıq mədəniyyətimizlə bağlı Çin dilində məlumatlar hazırlanıb müvafiq qurum və şirkətlərə göndərilir. 2021-ci ildə ilk dəfə olaraq əllə toxunulmuş Azərbaycan xalçalarının Çinə ixracı baş tutub. Xalçalarımız hazırda “Beijing Hualian Group” (BHG) şirkətinə məxsus Çinin populyar “SKP Mall” ticarət mərkəzindəki “SKP Home Selected” mağazasında satışdadır. Hazırda üç yerli şirkət tərəfindən Çinə Azərbaycan xalçaları idxal edilir.

Yaxın gələcəkdə Çində Azərbaycan xalçalarının sərgi-yarmarkasının keçirilməsi də planlarımıza daxildir.

– Çində ticarət evlərinin sayının artırılması nəzərdə tutulurmu? Hazırda Çində fəaliyyət göstərən ticarət evlərinin iki ölkə arasında əlaqələrin inkişafında rolunu necə dəyərləndirirsiniz?

– “Made in Azerbaijan” məhsullarının Çinə ixracının artırılması və bu ölkədə məhsullarımızın təbliği məqsədilə, 2018-ci ildən etibarən Çinin müxtəlif şəhərlərində yerli tərəfdaşların dəstəyi ilə Azərbaycan ticarət və şərab evləri açmağa başladıq. Hazırda Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərdə dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir. Cari ildə Pekin, Çendu və Şenyanq şəhərlərində daha üç ticarət evinin açılması nəzərdə tutulub. Bununla yanaşı, Çinin məşhur JD.com elektron ticarət platformasında onlayn “Azərbaycan Ticarət Evi” də fəaliyyətdədir.

Qeyd etmək istərdim ki, bu ticarət evləri, Çində “Made in Azerbaijan” məhsulları ilə yanaşı, ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialının təbliğində də önəmli rol oynamaqdadır. Bu cür ticarət evlərinin sayının artması ilə daha çox çinli vətəndaşın ölkəmizlə yaxından tanış olmaq imkanı yaranır.

– İki ölkə arasında ticarət missiyalarının təşkili nəzərdə tutulurmu?

– Yeni koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşlarda yaranan çətinliklərə görə, 2020-2022-ci illərdə iki ölkə arasında təşkil olunan ticarət və investisiya missiyalarının sayında müəyyən azalma baş verib. 2022-ci ilin sonundan etibarən bu məhdudiyyətlər aradan qalxdı və biz bu cür missiyaların və səfərlərin təşkili ilə bağlı Çinin müvafiq qurum və şirkətlərindən çoxsaylı müraciətlər almağa başladıq. 2023-cü ilin ilk dörd ayında Ticarət nümayəndəliyi tərəfindən Azərbaycanla ticarət əlaqələri qurmaq və ölkəmizə investisiya yatırmaq istəyən bir neçə Çin şirkətinin Azərbaycana səfərləri təşkil olunub. Bu səfərlər çərçivəsində Azərbaycana gəlmiş qurum və şirkətlərin əsas məqsədi ölkəmizdəki ticarət və investisiya sahəsində əməkdaşlıq perspektivlərini araşdırmaqdan ibarət idi. Bu il ərzində bir neçə geniş tərkibli ticarət və investisiya missiyasının təşkil olunması da planlaşdırılır.

Eyni zamanda, Çin bazarına yeni çıxış imkanlarını aşkar etmək, bu bazarda mövcud olan məhsullarımızın mövqeyini möhkəmlətmək və yeni məhsullar təqdim etmək məqsədi ilə, əvvəlki illərdə olduğu kimi, Azərbaycandan da Çinə ixrac missiyalarının təşkili gözlənilir. Cari ildə belə missiyanın noyabr ayında Şanxay şəhərində keçiriləcək 6-cı Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak çərçivəsində təşkil olunması planlaşdırılır.

Ümumilikdə ilin sonuna qədər hər iki istiqamətdə ticarət və Çindən Azərbaycana investisiya missiyaların təşkili nəzərdə tutulub.

Share: