***
Ömrün-günün sevinci az,qəmi çox…
Gah solunda,gah sağında üşüdüm.
Itib batdım qayğıların içində,
Bir sevdanın sorağında üşüdüm.
Bir dərvişəm,kimə doğma,kimə yad…
Nə kimsədən kömək umdum,nə imdad.
Pərvazlanıb açanacan qol-qanad,
Bir səhranın qurağında üşüdüm.
Misra-misra uraladım söz ömrü,
Hər insanın öz acısı,öz ömrü.
Yana-yana kül elədim köz ömrü,
Bir baxışın sazağında üşüdüm.
Külək əsdi,qapımızı qar aldı…
Ya mən kürəm,ya da baxtım cığaldı.
Bir ümidin ilməsində saraldım,
Bir gümanın marağında üşüdüm.
Keçib getdim, yollar,izlər tanışdı,
Bir də gördüm üzüm-gözüm qırışdı…
Suya dönən qismətimlə barışdım,
Bir gözəlin yanağında üşüdüm…
***
Daha bitməz,bu sınığı ha sarı,
Ölənəcən su damacaq bu çatdan.
Bir də gördün uçub çaya töküldü,
Elə yuyub sal qayanı sel altdan.
Kimə yaxın,ancaq kimə uzaqdı,
Sevincimi göz yaşıma bükməyim.
Bu ağrını çəkən bilir,asanmı,
Ürəyimi misra-misra sökməyim.
Keçib gedər,bel bağlama hər yaza,
Naşı olan xoş avaza aldanar.
Şaxta vurub çiçəyini apardı,
Xumarlanıb tez açmışdı alçalar.
Yaxşı gördüm,öz payımı götürdüm,
Tez öyrəndim hər dərsini dərdimin.
Ürəyimdə bir anadil oxuyur,
Xəbəri yox…xəbəri yox heç kimin.
Elə yanıb əlim,bir də uzanmaz
Innən belə bir çiçəyin ətrinə.
Bir ömürü hər gün yelə sovurdum,
Yaşayıram bir sevdanın xətrinə.
***
saat və mən…
Gecə keçir…yuxum qaçıb…divarda
Saat qaçır,baş ağrıdır çıqhaçıq…
Ömür-gündü bir gün bitər,nə fərqi,
İstəyirsən,yüz toplayıb,yüz də çıx.
Lap üzdəymiş çox sualın cavabı,
Çox axtarıb,çox gəzmişik dərində.
Vallah,insan divardakı saatmış,
Hər gün qaçıb,ancaq sayıb yerində.
Bir qismətmiş bir gecəlik yuxu da,
Nə dəyişər,qınasam da baxtımı?
Saat girib ürəyimlə yarışa,
Uzadarmı,qısaldarmı vaxtımı?
Çimib çıxır ay işığı içindən,
Günahını ağac yuyur,daş yuyur.
Dirsəklənib hasarlara,evlərə,
Yorğun yollar asta-asta uyuyur.
Yavaş-yavaş ay gizləndi buludda,
Bağ-baxçanı qucaqladı qəfil çən.
Hamı yatıb,ikimizdən savayı,
Dərdləşirik…bir saatdı,bir də mən..
***
Baş aça bilmirəm hərdən özümdən.
Heyif…çox çətindi məni anlamaq.
Hələ ki vaxtın var,nolar, dön geri,
Bir bax,şər qarışdı,başladı sazaq…
Yıxılsan,tutmağa bir ağac da yox,
Mən sənə demişdim…demişdim axı!
Mən gedən yollarda körpülər uçur,
Mən gedən yollara yağışlar yağır…
Payız çiçəyini yellər qurudar,
Donar, çıxan günə aldanan arı.
Ömrün yoxuşları daha qırovdu,
Üşüdər əlini saçımın qarı.
Nə olsun,könlümdə çiçək arzusu,
Çatam,ya çatmayam gələn bahara.
Bu da bir qəzadı…görüşdük,qayıt…
Vaxt dolu ələyir daha yollara.
Hər gedən nəyisə aparıb gedir,
Boş qalır sinəmdə bir sözün yeri.
Üzünü söykəyib yaş pəncərəmə,
Bir misra üşüyür axşamdan bəri…
***
Bu gecə oyandım yağış səsinə,
Deyəsən gəlməyə tələsir bahar.
Sinəsi tutulan qoca kimidi
Nəfəsi təngiyən boz navalçalar.
Külək cırmaqlayır yaş şüşələri,
Yaman taqqıldayır cardağın damı.
Indi bir ananın qaçıb yuxusu,
Indi bir atanın ürəyi damır…
Büzüşüb,hasara sığınıb göyəm,
Təkliyin acısı bu imiş demək…
Mən yaxşı bilirəm nədir ayrılıq…
Niyə gümüldənir sinəmdə ürək…
Halını pozmayıb durur qoca tut,
Nə yağmur,nə külək gəlmir eyninə.
Üşüyür cığıra düşən ağ işıq,
Göylər buludları geyib əyninə.
Gəzib uzaqları döndü xəyalım,
Nə vaxtdı içmdə bir arzu mələr.
Gecələr narahat yatan adamı
Ya yağış oyadar,ya xatirələr…
***
Başını götürüb qəfil gedəsən,
Bu gidi dünyada izin qalmaya.
Səni qıranların,incidənlərin
Səndən danışmağa sözü qalmaya.
Elə çəkiləsən sonsuzluğa ki…
Əli boşda qala axtaranların.
İtəsən,batasan səssiz,soraqsız,
Nə yad xəbər tuta,nə yaxınların.
Köçəsən,bənövşə köç edən kimi,
Nə bir yarpaq duya,nə bir kol bilə.
Qoşulub gedəsən səhər yelinə,
Gedəsən…nə yolçu,nə də yol bilə..
Itirə izini təzə yağan qar,
Ağaca dönəsən,daşa dönəsən.
Adını siləsən xatirələrdən,
Günahsız bir gözdə yaşa dönəsən.
Üz tutub gedəsən son zirvəyəcən,
Qarışıb sulara günahın itə.
Sonuncu nəfəsin dəydiyi yerdən
Bir palıd göyərə,bir lalə bitə.
***
Gecəni soyunub çıxır
Hər səhər vaxt üzümüzə.
Qəmi axşama saxladım,
Sevinci verdim gündüzə.
Bu günə,dünəndən qalan
Bir içim boyat duyğular…
Isinməyə köhnə soba,
Üşüməyə bol soyuq var.
Çəkib göyün pərdəsini
Üfüqdən boylandı günəş.
Körüklədim,alovlandı
Sinəmdə közərən atəş.
Barmağımı çox qatladım,
Axırda itirdim sayı.
Yaxasına gül taxmasam,
Bu gün də o günün tayı.
Bilmirəm, harda gizlədim,
Ətəkdən uzun əlimi.
Nə qədər günaha batıb,
Göz yaşım yusun əlimi.
Nə qismətdən giləyləndim,
Nə də ki qınadım baxtı.
Özümü evdə unutdum,
Xəlvətcə qapıdan çıxdım.
***
Bu necə görüşdü,niyə belə gec?
Beləmi axtarar adam adamı?
Sənin gözlərində bahar buludu,
Mənim ürəyimdə payız axşamı…
Bu necə taledi,bu necə baxtdı?
Hardaydın,yaşımın gözəl vaxtında?!
Tanrının lütfümü?
Səni göndərib,
Çox heyif,saçımın xəzəl vaxtında.
Ağrı-acılıdı ömrün qürubu,
Nə vaxtdı təngiyir sinəmdə ürək.
Bir gün biləcəksən,necə cətindi
Üşüyən bir qəlbi isidə bilmək…
Hıçqıran hər misra canımdan qopur,
Qəm yemə,könlümün odu azalsa.
Axtarıb kül altdan çıxaracaqlar
Barı bircə şerim tər-təzə qalsa…
Çox gecdi…axşamın sazağı düşdü,
Uçuşur havada qar dənələri.
Gəlmisən,qapıda niyə durmusan?
Gəlmisən,utanma,buyur içəri.
***
Yuxulu şeir
Yenə evin soyuqdu,
Bürünmüsən şalına.
Gözlərin pəncərədə,
nə gəlir xəyalına?
Kibritinmi qurtarıb
Sobanı yandırmağa?
Kimsəyə bir söz demə,
Özüm gedim almağa.
Bir kövrək xatirəmi
Yaddaşını qanadıb?
Ya xətrinə dəyən var,
Söylə,burax inadı?
Xəbərin yox,soyuyub
Özünə süzdüyün çay.
Tərləyən pəncərəndən
Boylanır beşgünlük ay…
Necə şirin yuxudu,
Yumulur kirpiklərin.
Yuxuda da üşüyür,
Qanı qaçmış əllərin.
Çiçək açıb çöl,çəmən,
Bulaq üstə çatmısan…
Dirsəklənib masaya
Mışıl-mışıl yatmısan…
Qəfil döyülür qapı,
“Kim ola axşam-axşam?”
Deyir:-Mənəm,qonşuyam,
Sizə kibrit almışam…
***
Axı, nə yazım bu yaşda,
Bax, saçlarım qardan betər.
Ürəyim budaqda qalan
Şaxta vurmuş nardan betər.
Nə yazım,gəlsin xoşuna
Ürəyinə səp su kimi.
Son nəğməmi oxuyuram,
Tənha qalan bir qu kimi.
Bəlkə ömrün son qışıdı,
Bir də çatmadım bahara.
Mən gedən izi tutub gəl,
Zalım, məni hərdən ara.
Unudur verdiyi sözü,
Heyif, unudur adamlar.
Son dəfə gəl, döy qapımı,
Kəndimizə yağanda qar.
Qorxma, donan əllərini
Nəfəsimlə isidərəm.
Tut əlimdən bircə dəfə,
Ölümə desən, gedərəm!
Çoxdan çıxıb gedəsiydim,
Qalmışam sənin xətrinə.
Qoy uzansın qış gecəsi,
Batım saçının ətrinə!
***
“Komandir,məni yerə qoy,üşüyürəm…”
1
Üşüyür bir qara kəlağayı,
bir ana ürəyində qışdı…
Üşüyür bir ata həsrəti,
baçı könlündəki toy həvəsi,
bir gözəlin külə dönmüş səsi…
Üşüyür dodaqlarda ah,
üzlərdə təbəssüm,
gözlərdə kədər…
Üşüyür bir həyət-baca,
qoca tut,
hasar dibindəki qızılgül qönçələri.
Bir də əllərin dəyməyəcək
dünyadan xəbərsiz
xırdaca körpə əlləri…
Üşüyür köhnə qapı,
nəm çəkmiş pəncərə,
bir yetim otaq.
Divarda yatmış saat,
ortada masa.
Masanın üstündə qələm,
saralmış varaq və “Əlvida silah”.
Üşüyür dağlar…bulaqlar…
Qanınla suvardığın torpaq.
Mazarını qucaqlayıb isinər…
2
Qaçır ayaqları…
Qaçıb çata bilmir arxasınca,
dağ-dağ,zirvə-zirvə aşır,
uçur ayaqları;
Uçub Murovdan keçir,
vecinə almır çəni,dumanı.
Bu da Kəlbəcər…
Bu da Turşsu…
Özünü vurur suya.
Oxxayyy…nə gözəl!
Dizlərinin sızıltısı dinir,
canının üşütməsi keçir,
gözləri yumulur yavaş-yavaş…
Sonra…qalxır ayağa,
şıxıyır irəli,
bir əlində bayraq,
bir əlində silah,
Qəzbini güllə-güllə səpir hədəfə.
…və bu an,
Oyanır yuxudan,
Xəyalları düşür suya,
Qərq olur bəmbəyaz bir boşluğa.
Düşünür,düşünür…
Əzabdı
gözəl yuxulardan oyanmaq,
əzabdı bəzən yaşamaq…
ancaq,neyləmək?
Yaşamağa məhkumsan demək,
gedənlərin xatirinə,
sevənlərin xatirinə.
***
Düşmənin dağıtdığı,daşı daş üstdə
qalmayan kəndlərimizə,yurdlarımıza.
Yaman uzun çəkdi zalım ayrılıq,
Dur,dönüb gəlmişəm,evim,bağışla!
Uçuq hasarına,daşına qurban,
Boyunu oxşayım,sevim,bağışla!
Səsimə bir hay ver,Güllüzar xala,
Nə ağır yatmısan,ay Rəşid dayı!
Hələ yaddaşımın qulağındadır
Dəcəl uşaqların hayı,harayı.
Yaman gec qayıtdım,şah tut,bağışla,
Bilirəm,səni də həsrət qurudub.
Bir ömrü sakitcə yaşamaq olmur
Ötüb keçənləri qəfil unudub.
Üstünü toz basıb xatirələrin,
Göz yaşım damdıqca bir-bir oyanır.
Bir anlıq qayıtdım uşaqlığıma,
Orda vaxt uyuyub,zaman dayanıb…
Çığırı ot basıb,yolu kol tutub,
Boş qalan doqqazda sükut da yatıb.
Qorxulu yuxuydu bu ölüm-itim,
Gərək yatanları indi oyadım.
Quru kötük qalıb bağdan-baxcadan,
Düşmən əli kəsib,talayıb nə var.
Anamın,atamın nəfəsi dəysə
Təzədən göyərər bütün ağaclar…
***
Yuxuda gördüm ki,kəndə qar yağıb,
Səhərdi…yollara təzə iz düşüb.
Bəmbəyaz yorğanı çəkib üstünə
Mürgülü-mürgülü evlər büzüşüb…
Haçadağ bürünüb ağ yapıncıya,
Nəhəng qayaların yaxası açıq.
Burulub meşəyə gedən cığırda
Moruq kollarından qurub alaçıq.
Əyib budaqları topa-topa qar,
Yırtıq çəpərlərin örtüb eybini.
Ağır,boz buludlar az qalır qıra
Sallana-sallana göyün ipini.
Gül girməz bağların ağ yuxusuna,
Bağlanıb gədiklər,donubdu çaylar.
Çıxıb sərçələrin payına şərik
Çöldən qaçıb gəlib ac torağaylar.
Şaxta naxış çəkib pəncərələrdə,
Gün çıxıb…havada hələ sazaq var.
Qarı yara-yara ikibir,üçbir
Məktəbə tələsir dəcəl uşaqlar.
Tüstü bacalarda burum-burumdu,
Köz tutan ocağın qoxusu nə xoş.
Çəkmişəm başıma xatirələri,
Bu səhər yuxudan durmuşam sərxoş…
***
Bir azca əydim başımı,
Keçdim sözün qapısından.
Gördüm Füzuli ağlayır,
Hadi gəlir öz yasından…
Çıxdım zamanın içindən,
Qayıtdım on min il geri.
Bir şamanın əllərinə
Toxundu soyuq əllərim.
Adımı bir daşa yazdım
Bir səhər Tanrı dağında.
Ömrüm-günüm yarpaqladı
Bir çinarın budağında.
Ox olub uçdum bozqırda,
Fəratdan su içdi atım.
Nərgiz-nərgiz çiçəklədi
Şirazda qərib bayatım.
Doğrandım öz qılıncımla,
Ölmədim,qandan göyərdim.
Qışda qarı deşib çıxdım,
Bitdim,hər yandan göyərdim.
Mən Nuhun ağac gəmisi,
Neynirsən,axı,yaşımı?
Hər gecə fikrə gedirəm
Dənizə qoyub başımı…
***
Sən gələndə gec olacaq,yaman gec…
Görəcəksən,qar basıbdı yolları.
Bağlayıbdı bizə gedən cığırı
Topa-topa böyürtikən kolları.
Soruşarsan,çoxu deyər bilmirəm,
Biri dəyər,keçən payız görmüşəm.
Bir dəli də gülə-gülə söyləyər:
-Dünən yolda ona salam vermişəm…
Pəncərəmdə hörümcəklər tor qurub,
Bağlı qapım susub elə haçandan.
Biri deyər,köçüb gedib deyəsən,
Neçə vaxtdı çörək almır dükandan.
Neçə aydı bəlkə yanır beləcə,
Söndürən yox eyvandakı lampanı.
“İndi gələr,qoy bir az da gözləyim,
Hələ məni yanıltmayıb gümanım.”
Axşam düşər,gediş-gəliş kəsilər,
Axşam düşər,başın üstə ay doğar.
Əl-ayağın buza dönər soyuqdan,
Buz bağlayan kipriklərin yumular…
Ağ nərgizlər çiçək açar yuxunda…
Ya yatmısan,ya da elə donmusan…
Bir doğma səs səni qəfil ayıldar:
-Gedək evə,burda niyə durmusan?!
***
Bəlkə bir də təzə paltar almadım,
Bəs eləyər son günəcən köhnələr.
Əlin gəlməz məndən sonra atmağa,
Asılqanda durub-durub köhnələr.
Dönüşü yox,canım,belə getməyin,
Dua elə gecə görsən yuxumu.
Tək qalanda məndən ötrü darıxsan,
Xəlvət qoxla,köynəyimdən qoxumu.
Ömrüm-günüm,yazı bura qədərmiş,
Sonu yoxdu intizarın,gileyin.
Ağlasan da qara günlər ağarmaz,
Nə fərqi var,qara geyi, ağ geyin.
Çox çətindi,mənsiz…ancaq bərk dayan!
Yaraların qövr etsə də dərində.
Evimizin bir açarı pas atıb,
Yetim qalar öz əvvəlki yerində…
Çox üzməsin səni qəfil getməyim,
Qəm eləmə,nə yol bitər,nə sevda.
Tənhalıqdan sıxılanda ürəyin,
Bir şerimi öz-özünə pıçılda…
***
Belə getməz,hər gedişin var sonu,
Çox asandı,bir nağılı bitirmək.
Bilə-bilə inadından yıxıldın,
Indi bildin necə olur itirmək.
Mən bilirəm,yaman olur bu yanğı,
Çox axtardım,qar tapmadım qış günü.
Tir-tir əsdim,bir isti əl yoxdu ki,
Barı örtə bir gecəlik üstümü.
Yollar uzaq…yollar yaxın…adam çox…
Kimdi gəzən,ya axtaran itəni.
Yollar yaman vəfasızdı,qaytarmaz,
Göz yaşını səpələsən gedəni.
Yaman olur təklənməyin ağrısı,
Otağında pəncərə də yas tutur.
Unudursan, “unutmaram” desən də,
Zaman keçir,elə hamı unudur…
Bir də gördün, öz içində azmısan,
Nə qapı var,nə baca var çıxmağa.
Nə əlini isitməyə nəfəs var,
Nə çiyin var gözlərini sıxmağa…
Saqif Qaratorpaq
Müstəqil.Az