Yüzlərlə oxucusu olan, şeirləri dil-dil gəzən, qulaqlara çatan, qəlbə hopan şair Fərqanə Mehdiyevanın görüşünə getmək istədim. Müstəqil.Az-ın oxucularını bu gözəl şairlə baş-başa qoymaq istəyi ilə telefon açdım. Səsi xoşuma gəldi, gümrah olması hiss olunurdu. Telefonun yaddaşına hopan söhbətimizi qısaca yayınlayırıq:
– Fərqanə, səsini xoş eşitdik, qız, səni xoş gördük, maşallah danışığından yaxşı olmağın hiss olunur, ona görə necəsən, demirəm, amma yenə də olsun, nə var nə yox?
– Salam! Xoş günün olsun, Faiq. Şükür.. Yavaş-yavaş göydə Allahın, yerdə əzizlərimin, vəfalı dostların köməyliyi ilə özümə gəlirəm. Aləm gəlmişdi bu gün(dünən, oktyabrın 9 – F.B). Sən zəng vurdun, dostlar sağ olsun, səsim sevinir, ona görə xoş eşidirsən.
– Qız, bu Ülfəti nə vaxt evləndirəcəksən, qolların oynamaq üçün darıxmır? Oynaya da bilməsən yalandan qollarını milçək qovurmuşsan kimi yelləyirsən də…
– Ülfətin toyunu görmək ən böyük arzumdur. Bilirsən ki, ev problemim var. İnşallah o da düzələr. Qollarım “Azərbaycan” havasına qalxmaq üçün darıxıb. Atam rəhmətlik mənə uşaq vaxtı “Ana Kürüm” mahısına oynatdı.
Həyat yoldaşım “Ay duman, gəl get bu dağlardan” havasına. Qızım “Barı Naxçıvan” havasına.
– Bəs Ülfət hansı mahnını züm-zümə edir?
– Bilirsən, Faiq, mənimçün maraqlı idi ki, oğlum məni hansı havanı oynadacaq? Artıq bu havanın sədası qulaqlarıma gəlir. Amma açıqlamıram. Sirr qalsın. Amma çox gözəl hava olacaq… İnşallah.
– Fərqanə, sən evdə oturub səhhətinlə məşğul olarkən Bakıda Avroaziya yazarlarının 4-cü festivallar festivalı keçirildi, kitab sərgisi oldu, bir qədər uzaqda qaldın, darıxmadın ki…
– Çox möhtəşəm tədbirləri izlədim. Dostlarımın ugurlarına sevindim. Kitab bayramı bayramların ən gözəli imiş. Ardınca möhtəşəm festifal. Əlbəttə darıxdım. Harda olsam dostlarımın uğurunu öz uğurum hesab edirəm.
– Səni çox yormaq istəmirəm, amma oxucuların, səni istəyənlər də narahatdır, onlara deyiləsi nəsə sözün var?
– Məni istəyənlər nə çox imiş. Amma istəməyən də varmış. Heyf. Amma o adamlar özlərindən başqa heç kimi istəyə bilmir. Oxucularım var olsun. Mən də darıxmışam. 55 illik yubileyimi keçirmək arzum vardı. Allah qismət eləsə oxucularımı sevindirərəm.
– Səni bu əhval ruhiyədə hiss elədim, sanki telefonda səsin səni mənə göstərdi, şad oldum, qayıt işinə gücünə, kollektivin də sənsizləşib…
– Yazıçılar Birliym üçün çox qəribsəmişəm. “Ulduz” üçün lap çox. Ulduzlar üçün daha çox. Hələ müalicəm davam edir. Özümdə güc tapan kimi iş yerimə yüyürəcəyəm. Allahın izni ilə
– Bir dənədə də təzə şeir de, səninlə hələlik sağollaşaq…
– Neçə vaxtdı əllərim qələm tutmurdu. yaza bilmirdim. Qoy bədahətən birin deyim, sən də eşit…
Gözlərim bənzər dənizə
Nə deyim ki, daha sizə
Xeyli vaxtdır cərgənizdən
Qırağam dostlar, qırağam.
Bir yuxuyam, yozun gəlsin
Ürək açan yazım gəlsin
Nə deyirsiz yazın gəlsin
Varağam dostlar, varağam.
Kim yagdırdı bu yagışı..
Kimlər tökdü bu qargışı.
Tökün ətəyimdən daşı
Yığaram dostlar, yığaram.
Könlüm dərdə divanədi
Tək ümidə biganədi
Balalarım pərvanədi
Çırağam, dostlar, çırağam…
Fərqanə ilə telefon söhbətinə Faiq Balabəyli etdi