Corc Oruel
Müstəqil.Az Rusiyada yaşayıb-yaradan tanınmış yazar-tərcüməçi Araz Gündüzün Corc Oruel in rus dilindən etdiyi “Tolstoy və Şekspir” tərcüməsini təqdim edir:
Ötən həftə incəsəntlə təbliğatı biri-birindən ayırmağın, az qala, mümkün olmadığından danışmış və bunu da qeyd etmişdim ki, “sırf” bədii dəyərləndirmə, zəruri şəkildə, əxlaqi, siyasi və ya dini baxışlarla asılılıqdan doğulan qənaətlərlə qarışmalı olur. Son on ildəki kimi fəlakətli dövrlərdə, bu cür dərin və çox vaxt şüurlu şəkildə dərk edilməyən asılılıqlar, bu və ya başqa formada, konkret şüurlu fəaliyyətə yönəlir.
Tənqidçilər, indi çox vaxt, zahiri tərəfsizlik görüntüsü yaradaraq, daha çox müəyyən konkret mövqe tutmağa yönəlirlər. Ancaq buradan belə bir nəticə çıxarmağa dəyməz ki, guya bədii dəyərləndirmə deyilən bir hadisə ümumiyyətlə mövcud deyil və istənilən icəsənət əsəri, sadəcə və sadəcə, siyasi traktatdır və onu buna uyğun olaraq dəyərləndirmək tələb edilir. Əgər biz bucür mühakimə yürütsək, onda dalana dirənəcək və incəsənətin çoxlu sayda böyük və aydın faktlarını izah edə bilməyəcəyik. Əyani misal olaraq mən, əxlaqi və qeyri-estetik, daha dəqiq desək, antiestetik tənqidi nümunələrin tarixindən ən böyük bir hadisəyə diqqət yetirməyi təklif edirəm – bu, Tolstoyun Şekspir haqqında məqaləsidir.
Tolstoy bu məqaləni artıq çox yaşlı olduğu dövrdə yazmış və Şekspiri amansız tənqidə məruz qoymuşdu. O göstərmək istəyirdi ki, Şekspir heç də, hesab edildiyi kimi böyük yazıçı deyil, əksinə, dəyərsiz bir ədibdir, dünyada ən ləyaqətsiz və iyrənc yazıçılardan biri sayıla bilər. Məqalə etiraz partlayışı doğursa da, ancaq bildiyimə görə, heç kim Tolstoya hansısa bir tutarlı və inandırıcı cavab verməyi bacarmayıb. Bundan başqa da, mən sübut etmək istəyirəm ki, bu məqaləyə, ümumiyyətlə, cavab vermək mümkün deyil. Ciddi danışsaq, Tolstoyun bu məqaləsindəki hansısa mühakimələri doğrudur, yerdə qalanları isə zövq məsələsidir və zövqlə bağlı mübahisə etmirlər. Mən heç də, demək istəmirəm ki, məqalədə etiraz edilməsi mümkün olan heç bir müddəa yoxdur. Bir çox yerlərdə Tolstoy, sadəcə, özü-özünü inkar edir; yad dilin dərinliklərinə nüfuz edə bilmədiyindən, Tolstoyun bəzən oxuduğu mətnləri düzgün anlaya bilməməsi də, gözə çarpır; bundan başqa da, mənə elə gəlir, tam bir əsasla demək mümkündür ki, Şekspirə qarşı olan güclü nifrəti, onu böyük yazıçılıq mərtəbəsindən endirməklə bağlı qısqanc arzusu, bir sıra hallarda Tolstoyu yolverilməz üsullara əl atmağa və ya, hər halda, ən aydın görünən şeylərə göz yummağa sürükləmişdir. Ancaq bütün bunların məsələnin mahiyyətinə birbaşa dəxli yoxdur. Tolstoy nə yazıbsa, əsasən və özlüyündə, doğrudur və onun mülahizələri, həmən dövrdə dəbdə olan: Şekspirə kor-korənə sitayişə düzəliş verməkdə çox faydalı bir rol oynamış oldu. Hansı dəlil gətirilsə də, bundan Tolstoya verilən yaxşı cavab alınmayacaq və belə bir cavab, əslində, onun özünün deməyə məcbur olduğu sözlərin içindədir.
Tolstoy bildirir ki, Şekspir – əhəmiyyətsiz və bayağı bir yazıçıdır, onun özünəməxsus fəlsəfəsi və əbədiyyətə qovuşacaq düşüncələri, habelə, ictimai və dini problemlərə marağı yoxdur, o əsərlərində insan xarakterlərini və hadisələrin cərəyan etdiyi təbii şəraiti təsvir etmir, dünyaya baxışı iddialılıq, əxlaqsızlıq və miskinliklə doludur – beləliklə də Tolstoy, hətta, onun həyata hansısa bir baxışının olduğunu belə şübhə altına alır. Tolstoy Şekspiri, öz dramlarını necə gəldi quraşdırmaqda, onların həqiqətə uyğunluğu qayğısına qalmamaqda, yazılarına ağlagəlməz fantaziyalar və inanılmaz hadisələr qatmaqda, öz qəhrəmanlarını canlı insanların heç vaxt danışmadığı iddialı və qeyri-təbii bir dildə danışdırmaqda ittiham edir. O Şekspiri həm də, bunda günahlandırır ki, onun pyeslərinin mövzuları başqlarından köçürülüb, zahiri baxımdan, mozaik şəkildə, süni qaydada, biri-birinə yapışdırılmış monoloqlardan, balladalardan, debatlardan, şit zarafatlardan və bu kimi bayağı mətnlərdən ibarətdir və müəllif bunların, hadisələrin gedişində yerinə düşüb-düşmədiyi barədə fikirləşmək üçün özünə əziyyət verməmişdir. O Şekspiri, yaşadığı dövrdə hökm sürən qolugüclülərin ağalığı və ictimai ədalətsizliyi, zəruri və lazımlı bir cəhət kimi qəbul etməkdə günahlandırır. Bir sözlə, Tolstoy Şekspiri kiçik bir yazıçı və əxlaqi baxımdam şübhəli bir şəxs saymaqla yanaşı, onu mütəfəkkir olmamaqda ittiham edir.
Bu ittihamların bir çoxu tamamilə təkzib oluna bilər. Şekspirin guya mənəviyyatsız yazıçı olması barədə Tolstoyun istifadə etdiyi anlayışlar yanlışdır. Tamamilə aydındır ki, Şekspirin öz əxlaq kodeksi var, bu onun bütün əsərlərində aydın görünür – ancaq onun əxlaqi baxışlarının Tolstoyun bu sahə üzrə baxışından fərqlənməsi tamamilə başqa məsələdir. Çoser və ya Bokaçço ilə müqayisədə Şekspir daha böyük moralistdir. Onun əsərlərində zaman-zaman öz dövrünün hüdudlarından kənara çıxan çoxlu nöqteyi-nəzərlərə rast gəlmək mümkündür. Bununla əlaqədar olaraq “Afinalı Timon” əsərinə, Karl Marks tərəfindən yazılmış şərhi diqqətə çatdırmaq istərdim, onu da qeyd edim ki, Tolstoydan fərqli olaraq Marks Şekspirə heyranlıqla yanaşırdı. Ancaq deyilənləri bir də təkrarlayıram: bu məsələ ilə bağlı Tolstoy haqlıdır. Şekspir doğrudan da, mütəfəkkir deyildi və ədəbiyyat tarixçilərinin Şekspiri dünyanın ən böyük filosoflarından biri kimi tanıtdırmağa çalışması kökündən yanlışdır. Onun ideyaları ən müxtəlif fikirlərin qatışığından ibarətdir. İngilislərin çoxunda olduğu kimi, onun da, öz davranış qaydaları var, ancaq onunla bağlı heç bir fəlsəfədən və ümumiyyətlə filosofluq qabiliyyətindən söz gedə bilməz. Onun əsərlərindəki insanların xarakterinin həqiqətə uyğunluğu qayğısına qalmaması da doğrudur. Bəllidir ki, o allahsız bir şəkildə, başqa yazıçıların əsərlərindəki süjetləri mənimsəyir və onları öz bildiyi kimi işlədir, çox vaxt da, bu süjetlərə onların orijinalında olmayan mənasızlıq və gülünclük gətirirdi. Bunu da qeyd etməyə dəyər ki, Şekspirin əlinə, misal üçün, “Maqbet” kimi həqiqi, dolaşıq olmayan süjet düşəndə, onun yaratdığı xarakterlər də, yetərincə məntiqli görünür, ancaq adi ölçülərlə yanaşanda, onların davranışı çox hallarda, büsbütün inanılmazdır. Onun pyeslərinin çoxunda, hətta, nağıllarda olması vacib sayılan həqiqət payı belə yoxdur. Axı, o özü də, dramaturgiyasını ciddi qəbul etmirdi, hər halda bizim əlimizdə onun belə bir fikri yoxdur və o bu əsərlərə yalnız dolanışığını təmin etmək vasitəsi kimi baxırdı. Sonetlərində o bir dəfə də olsun öz pyeslərindən söz açmır, sanki heç onları yazmayıb və yalnız bir dəfə, kifayət qədər xəcalətli şəkildə, özünün aktyor olduğunu xatırladır. Bu baxımdan, Tolstoyun mövqeyi özünü doğruldur. Şekspirin böyük mütəfəkkir olması, orijinal və sistemli fəlsəfə yaratması, onun qüsursuz texniki vasitələr və dərin psixoloji müşahidələrdən istifadə etməsi barədə bəyanatlar, sadəcə, gülüncdür.
Ancaq Tolstoy bu mülahizələri ilə nəyi isbat etdi və nəyə nail oldu? O çox güman, hesab edirdi ki, bu sarsıdıcı tənqidi ilə Şekspiri məhv edəcəkdir. Bu məqaləni yazan kimi, hər halda burada yazılanlar geniş oxucu kütləsinə çatandan sonra, Şekspirin göylərə ucalan ulduzu axıb yerə düşəcəkdir. Şekspirin pərəstişkarları öz kumirlərinin zədələndiyini duyacaqlar, kralın lüt olduğunu görüb onunla fəxr etməkdən əl çəkəcəklər. Ancaq bunların heç biri baş vermədi. Şekspir məğlub oldu və buna baxmayaraq, yenə də, heç nə olmamış kimi dayandığı ucalıqda qalmaqda davam edir. Tolstoyun bu tənqidinə görə onu unutmadılar – əksinə, bu tənqidin özü bugün, demək olar ki, unudulub. Tolstoyu İngiltərədə çox oxuyurlar, ancaq onun bu tənqidi məqaləsinin hər iki tərcüməsi burada çoxdandır ki, təkrarən çap edilmir. Bu məqaləni kitabxanaların birindən tapana kimi, mən Londonun yarısını ələk-vələk etməli olmuşdum.
Beləliklə də, göründüyü kimi, Tolstoy, Şekspirin qeyri-adi populyarlığını çıxmaq şərti ilə, onu demək olar ki, bütünlüklə bizə izah edir. O özü də bu cəhəti yaxşı anlayır və Şekspirin bunca populyar olması faktı onu hədsiz təəcübləndirir. Artıq yuxarıda dediyim ki, Tolstoya ən yaxşı etiraz onun özünün deməyə məcbur olduğu fikirlərin arasındadır. Bununla bağlı olaraq, Tyolstoy belə bir sual verir: bu cür əhəmiyyətsiz, bayağı və mənəviyyatsız əsərlərin yaradıcısına belə bir ümumi pərəstişin səbəbi nədir? Bu tapmacanın həlli olaraq Tolstoy, həqiqəti gizlətmək üçün qurulmuş hansısa beynəlxalq sui-qəsdin ola biləcəyi, və ya bunun kütləvi aldanışla bağlı olduğu fikrini irəli sürür, ikinci halla bağlı o bu aldanışı, özündən başqa hamının qapıldığı kütləvi hipnozla da əlaqələndirir. Bu sui-qəsdin və ya aldanışın günahını Tolstoy XIX yüzilliyin əvvəllərində yaşamış bir qrup alman estetik tənqidçilərinin adına yazır. Tolstoyun deməsinə görə, məhz onlar Şekspirin böyük yazıçı olması barədə bu iyrənc yalanı yaymışdılar və indiyədək heç kim onların bu yalanını ifşa etmək üçün özündə cürət tapmamışdı.
Ancaq biz vaxtımızı bu cür nəzəriyyələrə xərcləmək fikrində deyilik. Onların büsbütün cəfəngiyyat olduğu bəllidir. Şekspirin tamaşalarından həzz alan insanların olduqca böyük çoxluğu hansısa alman tənqidçilərinin təsirini istər birbaşa, istərsə də dolayısı ilə hiss etməmişdilər. Şekspir çox populyardır və onun populyarlığı yalnız çox oxumuş insanlar arasında deyil, həm də, sadə insanların arasında da, çox böyükdür. Şekspirin pyesləri öz sağlığında İngiltərə teatrlarında birinci yerdə idi, elə indi də, birinci yeri tutmaqda davam edir. Şekspiri yalnız ingilisdilli ölkələrdə deyil, Avropanın başlıca ölkələrində, həmçinin Asiyanın çox hissəsində yaxşı tanıyırlar. Mənim sizinlə danışdığım bu vaxtda Sovet hakimiyyəti Şekspirin ölümünün üçyüz iyirmibeş illiyi ilə əlaqədar tədbir keçirir, yaxud, bir dəfə Seylonda, ömrümdə adını eşitmədiyim bir dildə, Şekspirin əsərinin tamaşasına baxdığımı yaxşı xatırlayıram. Deməli, Şekspirdə nə isə mübahisəsiz, böyük, zamanın hökmündən asılı olmayan bir şey vardır ki, Tolstoy onu dəyərləndirə bilməsə də, milyonlarla insanlar onun qiymətini anlaya bilmişlər. Şekspir orijinal mütəfəkkir olmasa da, pyesləri həqiqətə bənzəməsə də, yaşayacaq. Qəzəbli moizə oxumaqla açılmaq istəyən çiçəyi məhv etmək mümkün olmadığı kimi, bu cür ittihamlarla Şekspiri gözdən salmaq mümkün deyildir.
Tolstoyun məqaləsi ilə bağlı hadisə, məncə, ötən həftə incəsənətlə təbliğatın sərhədləri barədə danışdıqlarıma çox mühüm mülahizələr əlavə edir. Bu isə, incəsənət əsərinin yalnız mənası və materialı ilə məşğul olan tənqidin birtərəfli olduğunu bütün aydınlığı ilə göstərir. Tolstoy yaradıcı şəxs olan Şekspiri deyil, mütəfəkkir və vaiz kimi görmək istədiyi Şekspiri araşdırır və belə bir yanaşma ilə onu asanlıqla darmadağın edir. Ancaq Şekspiri zədələmək mümkün olmadığından, Tolstoyun tənqidi öz məqsədinə çata bilmədi. Və bu vaxt, istər Şekspirin populyarlığı, istərsə də, onun pyeslərindən aldığımız həzz zərrə qədər də azalmadı. Yaradıcı insanın mütəfəkkir və moralistdən yuxarıda dayandığı aydındır, ancaq o həm də, onların hər ikisini təmsil etməyi də bacarmalıdır. İstənilən ədəbi nümunə, dolayısı ilə, təbliğat effekti yaradır, ancaq o romanda, pyesdə və ya şeirdə düşüncə və əxlaqdan başqa da, nə isə, başqa sözlə, incəsənət də varsa, məhz bu cür nümunə əbədilik qazana bilir. Müəyyən şəraitdə dayaz fikirlər və şübhəli əxlaqi dəyərlər də, yaxşı incəsənət nümunəsi ola bilər. Əgər, Tolstoy kimi bir nəhəng bunun əksini isbat edə bilmədisə, çətin ki, bunu bir başqası edə bilsin.
1941-ci il.