Zemfira Məhərrəmli
yazıçı-publisist
«Torpaq sənin qələbənlə Vətən olur!»
“Uzun ayrılıqdan sonra yurduna qayıtmaq hissi tam başqadır. Bu gün o torpaqlar, dağlar, daşlar bizdən çox sevinir. Düşmən tapdağında yaşamaq, nəfəs almaq, anlaşılmayan kobud dili dinləmək, yağı hirsinin, qəzəbinin əzabına tab gətirmək,” doğrudan da, çətindən çətin idi. Lap zülm-zillət idi.
Tanınmış şair-publisist, tərcüməçi, “Qapı”, “Qarabağ rüzgarları”, “Gecə xəyalları”, “Su üzərində bahar” və digər şeir kitablarının, ədəbi antologiyaların, həm də nəsr nümunələrinin müəllifi, əslən qarabağlı olan söz adamı Rəfail Tağızadənin Qarabağ mövzusunda esseləri barədə mülahizələrimə onun öz fikirləri ilə başlamağım təsadüfi deyil. Qəlbində uzun illər yurd nisgili gəzdirən, doğma şəhəri, “ilk addım atdığı, yeridiyi, yüyürdüyü” Ağdama qovuşa bilmədiyi “dövrü yarımçıq yaşayan” qələm dostumuzun haqqında söz açdığım esseləri nə vaxtsa ucu-bucağı görünməyən Qarabağ kədərimiz, indi isə möhtəşəm Zəfərimizlə bağlı mükəmməl örnəklərdir. Müəllif özü haqqında vaxtilə belə yazmışdı: “Rəfail Tağızadə, hər şeydən əvvəl, bir Azərbaycan vətəndaşıdır. Qarabağ itkisini içində yaşadan bir vətəndaş. Dağları küskün, çaylarının suyu qurudulmuş, yollarını kol-kos basmış, hər uşaqlıq şəklinin üstündə bir közərən giliz yatan viranə yurdun keçmiş sakini”.
Son dövr əsərlərində isə yazır: “Biz torpaqsızlıq dərdini çəkirdik, torpaqsa sahibsizlik dərdini. Sənsiz yaşamağın acısını, həsrətini gördük, bu günü gözlədik”, deyir Rəfail Tağızadə. Gavurların əsarətindən qurtulmuş yurd yerlərimizə xitabən söylənmiş bu fikirlərdə müəllifin həyəcanını, köksünə darlıq edən duyğularını, Sərkərdəmizin müdrikliyi, əsgər və zabitlərimizin hünəri ilə qazanılmış Qələbənin doğurduğu qürur hissini sezməmək mümkünsüzdür. Müəllifin təbirincə desək, “Vətən, sən ona qədəm basanda Vətən olur. Yurda qovuşmaq qədər böyük xoşbəxtlik yoxdur”.
Mütləq həqiqətdən süzülüb gələn, Haqqa söykənən, onun yaratdığını gözəl görən, düzlüyə tapınmağa, kamil olmağa səsləyən Mövlanə Cəlaləddin Ruminin söylədiyi müdrik kəlamlar bütün zamanlarda öz təsdiqini tapıb. Yana-yana çatdırılan bu deyimlər elə alışa-alışa ürəkləri titrədib, yatmışları oyadıb. Həqiqət aşiqi Ruminin kəlamlarını az qala əzbər bilən və bu deyimlərdən bəhrələnən qələm dostumuz Rəfail Tağızadənin poetik nümunələri kimi, publisistik əsərləri də gerçəyin özü, saflığın, dürüstlüyün inikasıdır.
Dünya hərb tarixində haqq-ədalət savaşı kimi daim xatırlanacaq 44 günlük Vətən müharibəmiz belə bir həqiqəti də bəyan etdi ki, biz artıq məğlub məmləkətin vətəndaşı deyilik, başımızı dik tutacağıq.
Bu da bir həqiqətdir ki, yaradıcılıq qələm sahibinin özüylə mükaliməsi, fikir və duyğularını incələməsidir. Söz adamının ruhunun tərcümanı, qəlbinin nidası olan publisistika da bu baxımdan istisna deyil. R.Tağızadə 30 ildən bəri üzləşdiyimiz ağrı-acılı həyat həqiqətlərini əks etdirmək üçün poeziya ilə yanaşı, ədəbi yaradıcılığın xüsusi növü olan publisistikaya da üz tutub. Axı, mübariz, səfərbəredici janr olan publisistikanın insanları gözəl, nəcib əməllərə səsləmək, sövq etmək missiyası var. “Erməninin xislətini bildiyimizdən dağıdılmış evlərimiz üçün heyfsilənmirik. Bizimçün vacib olan torpaqdır. Biz qurub yaradanıq, daha gözəlini quracağıq… Təkcə keçmişlə yaşamaq olmaz. İnkişaf etmək istəyirsənsə, irəliyə baxmalısan”.
Göründüyü kimi, yaradıcılığından söz açdığım yazarın duyğuları, düşüncələri, sevgisi, vətəndaşlığı onun qanı-canı bahasına yaratdığı bu qəbildən olan əsərlərindədir. Müəllifin gerçək faktların danılmaz gücünə söykənən publisistikası oxucunun diqqətini özünə cəlb edir. “Hisslər” adlı essedə olduğu kimi: “İnsanlarımız da, yurdumuz da ruhuyla didərgindi… Tək qoyub gəldiyimiz torpağı izimiz, baxışlarımız isidəcək. İçdən ah çəkib illərin ağrısından yüngülləşəcəyik… Daha hamı kimiyik, sıxıntısız. Yurd var, yurd olacaq. Biz də biz olacağıq. Tamlaşacağıq. Bütövləşəcəyik”. Həmin bədii-publisistik mətnin təlqin etdiyi hisslər oxucunu yazarın mövqeyində durmağa, onunla həmfikir olmağa səsləyir.
Bugünümüzün gerçəkliyinin doğurduğu olaylarla həmahəng “hərəkət etmək” Rəfail Tağızadənin mübariz ruhlu publisistikasının səciyyəvi xüsusiyyətidir və bu cəhətinə görə, onun esseləri yaradıcılığında mühüm yer tutur.
“Adını bilmədiyim doğmalar” adlı essedə də ürək titrədən, düşündürən məqamlar az deyil. Yazını oxuduqca əldə etdiyimiz möhtəşəm Zəfərin məhz bir yumruqtək birləşib həmrəyliyə qovuşan xalqımızın qətiyyətinin, dönməz iradəsinin təsdiqi olmasına bir daha inanırıq: “Savaşda sən kürəyini yanındakı dostuna, döyüş yoldaşına söykəyib, məni qoru deyirsən. Tanımadığın yaralını, şəhidini kürəyinə alıb onu döyüş meydanından çıxarırsan… Düşüncəndəki Azərbaycan döyüşçüsüdür. Demək, doğmandan doğmadır sənə”.
R.Tağzızadəyə görə, Vətən, torpaq, dövlət məsələsində millət olmur, vətəndaş olur. Azərbaycan fərqli dillərdə danışıb, eyni düşünənlərin birlik çələngidir, elə ona görə də gözəldir. “Vətən müharibəsi bir daha göstərdi ki, Azərbycanda milli-etnik problem yoxdur. Hamı torpağını, Vətənini, dövlətini sevir. Ona görə də heç kim bizim birliyimizi poza bilmir. Biz birliyimizlə güclüyük!”
“Ağdam, varlığın yoxluq səhnəsi” adlı esseni isə müəllif artıq işğaldan azad edilmiş doğma şəhərinə səfər edəndən sonra qələmə alıb. “Doğmasının ölümündən yazmaq kimidi indi Ağdamdan yazmaq”, deyir R.Tağızadə. Yurd yerinin əsarətdən qurtulmasından doğan sevinci Ağdamın büsbütün dağıdılmasının yaratdığı kədər hissi üstələyir: “Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlir. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı… Ağdamda 10 ballıq erməni zəlzələsi olub. Dünyanın indiyədək görmədiyi, Rixter şkalası ilə ölçüyəgəlməz erməni zəlzələsi. Ağdamda bir tikili qalmayıb. Nə vardısa, hamısı yerlə yeksandı, Ağdam varlığın yoxluq səhnəsidi”.
“Yoxluqda var olan şəhərim”də isə müəllifin düşmənə olan nifrəti daha kəskin ifadə olunub: “Bu şəhərdən erməni keçib. Baş daşlarını sındırıb aparan, qəbirləri söküb dağıdan, özününkü olmayana yağı təfəkkürü ilə yanaşan goreşən sürüsü!” Publisistin fikrincə, bunlar yaramaz qonşunun düşmənçiliyinin ölçüyəgəlməz qisas göstəricisidir.
Bu esselərdə milli ruh və kolorit güclüdür. Düşüncələr, emosiyalar, hisslər və içdən gələn duyğuların müəllifin rəvan, axıcı dili ilə gözəl, səmimi ifadəsi diqqəti çəkir. Reallığa üstünlük verməklə nəql edilən hadisələrin çoxqatlı və qəliz cümlələrlə təsvirinə, müəllifin özünütəkrarına rast gəlmirik. Bütün bu məziyyətlərinə görə, haqqında bəhs etdiyimiz publisistik əsərlərin daim inkişaf edən ədəbi prosesdə özünəməxsus yeri var.
Vətən müharibəmizin davam etdiyi günlərdə tanınmış yurd aydınlarımızın, söz, sənət adamlarının, ön cəbhədə döyüşən oğullara arxa-dayaq olan məktublarını oxuyurduq. Yeri gəlmişkən, bu sətirlərin müəllifi də döyüşçülərimizə bir ana məktubu ünvanlamışdı. Birinci Qarabağ savaşında Milli Ordumuzun zabiti kimi xidmət etmiş R.Tağızadənin “Əsgərə məktub”unda isə deyilirdi: “Sən bu gün bir millətin, dövlətin tarixini yazırsan. Şərəf tarixini. Torpaq sənin qələbənlə Vətən olur. Yurd yurd olur. Sən Vətəninin qoruyucususan! Sən güclüsən, rəşadətlisən! Sən düşmənə kim olduğunu döyüş meydanında göstərdin. Aranızda yəqin ki, mənim əsgərlərimin övladları da var. Sizi ona görə ikiqat sevirəm. Siz qalibsiniz.
Zəfərin mübarək, Azərbaycan əsgəri!”