Tovuz təxribatına ən yaxşı cavab… – Politoloqdan təklif

Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bu gün belə yeni torpaqlar iddiası ilə çıxış edən bir ölkə ilə danışıqlar masasına oturmaq boş və mənasızdır.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyanın “Hərbi fəaliyyətlər istənilən an Qarabağa keçə bilər” sözlərini şərh edərkən deyib.

O vurğulayıb ki, hazırki vəziyyətdə Ermənistana veriləcək ən layiqli cavab Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq olar:

“Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyanın “Hərbi fəaliyyətlər istənilən an Qarabağa keçə bilər” sözləri ermənilərin hər zaman gözlədiyi bir ssenaridir. Daha doğrusu, reallıqdır. Təsadüfi deyil ki, bu gün Tovuz istiqamətində gedən döyüşlərin bir səbəbi də münaqişəni Dağlıq Qarabağ kontekstindən çıxarmaq, bu ərazini Azərbaycanın hərbi əməliyyat trayektoriyasından kənarda tutmaqdır. Lakin bir reallıq var ki, Azərbaycan işğalçı ilə bundan sonra asanlıqla danışıqlar masasına oturmayacaq və ən əsası da hər an münaqişəni lokal müstəvidə Qarabağ cəbhəsinə keçirə bilər”.

Politoloq deyib ki, Ermənistan təxribatının qarşısını almaq üçün hərbi təzyiqləri artırmaq lazımdır:

“Öncə onu deyim ki, bu gün ölkədə böyük bir döyüş ab-havası var. Hər kəs, içi mən daxil olmaqla, müharibənin tərəfindəyik. Lakin yekun qərar yenə Ali Baş Komandanındır və bu əmri gözləyirik. Şübhəsiz, bu gün Tovuz istiqamətində davam edən erməni təxribatının qarşısını bir yolla almaq olar. Qarabağ cəbhəsində təzyiqi artırıb, əks hücum əməliyyatı ilə Ermənistanı Tovuz istiqamətindən uzaq tutmaq olar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Tovuzu istənilən halda müdafiə etmək imkanlarına sahibdir. Lakin Ermənistan həm Tovuz istiqamətində təxribat edib, eyni zamanda, Dağlıq Qarabağı müdafiə edə bilməz. Düşünürəm, Ordumuzun eyni anda həm Ermənistan-Azərbaycan dövlət sərhədində, həm Qarabağ cəbhəsində, həm də Naxçıvan istiqamətində müharibə etmək və düşmən təxribatına cavab vermək imkanları var”.

Tural R.

Share: