Tovuz istiqamətində 12 iyulda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın siyasi məqsədi getdikcə daha çılpaqlığı ilə ortaya çıxır. KTMT-nin Ermənistana birmənalı dəstək verməyəcəyi və bundan Paşinyanın Rusiyanın erməni cəmiyyətində nüfuzdan salınması üçün istifadə edəcəyi barədə hələ ilk gündən proqnozlar verilmişdi. Bu proqnozlar özünü doğruldur, həm də ən sərt üzü ilə…
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı son günlər Ermənistanda baş verən siyasi proseslər, Paşinyanın rəqiblərinə qarşı artan təzyiqi, siyasi həbslər dalğasının artması barədə danışarkən deyib.
Politoloq bildirib ki, Tovuz təxribatının ilk günündə erməni müxalifəti siyasi iddialarını müvəqqəti olaraq dayandırdığını elan etmişdi:
“Xatırlayırsınızsa, Ermənistanın 3 partiyası – Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyaları iyunun ikinci yarısında birləşmiş və Paşinyana payıza qədər vaxt da vermişdilər. Ölkənin ana müxalifəti sayılan Çiçəklənən Ermənistan Partiyası və onun oliqarx rəhbəri Qagik Çarukyanın bu blokda təmsil olunması və Rusiya səfirliyi ilə dərhal görüş keçirilməsi sıradan hadisə deyildi. Çarukyanın bundan öncə Moskvaya qeyri-rəsmi səfərini və Köçəryan-Sərkisyan klanının da bu birliyə loyallığını nəzərə alsaq, Paşinyan üçün ciddi rəqibin ortaya çıxdığı şübhəsiz idi. Onu da vurğulayaq ki, Çarukyan Ermənistanın Rusiyadan imtina etməsi və üzünü Qərbə çevirməsi siyasətini açıq şəkildə tənqid edirdi.
Elə bu çıxışların ardınca da ona qarşı təzyiqlər başladı. Çarukyanın həbsi ilə bağlı bütün hazırlıqlar görülsə də, hələ də məhkəmə sistemində təsirini saxlayan rusmeyilli qüvvələrin müqaviməti sayəsində oliqarx partiya sədri haqda məhkəmə həbs qərarından imtina etdi. Buna baxmayaraq, Çiçəklənən Ermənistan fraksiyasının deputatlarının döyülməsi, onların daimi təzyiqlər altında qalması barədə vaxtaşırı yayılan məlumatlar bir çox mətləbdən xəbər verir”.
Politoloqun sözlərinə görə, Çarukyana qarşı irəli sürülən ittihamlar da qeyri-ciddi sayılırdı:
“Çarukyan 2017-ci il seçkilərində seçiciləri pulla ələ almaqda və dövlətə 62 milyon dollar ziyan vurmaqda ittiham olunurdu. Yeni seçkilər, yeni mühit yaranıb, 2017-ci ildə seçicilərin pulla ələ alınması niyə gündəmə gəlməlidir? Üstəlik, o seçkinin qalibi də Çarukyan deyildi, Sərkisyan idi; Çarukyan isə Paşinyanın özünün keçirdiyi seçkidə 2017-ci ildəkindən daha çox deputat yeri qazanmışdı.
Vergidən yayınmaqla bağlı məsələdə də Vergilər Nazirliyi hansısa sanksiya tətbiq edə bilərdi – əlbəttə, əgər qanunsuzluq vardısa. Ancaq birbaşa bu ittihamlarla Çarukyanın həbsinin tələb edilməsi, məhkəmə həbsdən imtina etdikdə isə apellyasiya şikayəti verilməsi bunun siyasi sifariş olduğunu deməyə əsas verirdi”.
Politoloq qeyd edib ki, Paşinyan paralel olaraq əsas siyasi rəqiblərindən olan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Vanetsyana da cinayət işi açdırıb:
“İstintaqa cəlb edilənlərin Vanetsyanın əleyhinə ifadə verməyə məcbur edilməsi, o cümlədən Çiçəklənən Ermənistan Partiyasına, onun deputatlarına qarşı repressiyalar Paşinyanın əsl simasını ortaya qoyur. Artıq Nikol Paşinyan yalançı “demokrat imicini” qorumağı lazım da bilmir. O özünə ciddi müxalif olan və Rusiyaya meyilli olması ilə seçilən hər kəsi sıradan çıxarmaqda qərarlıdır. Bir daha qeyd edim ki, Çarukyana da, Vanetsyana da siyasi təzyiqlər onların açıq şəkildə rusiyameyilli olduqlarını elan etməsindən sonra başladı. Sanki N.Paşinyan konkret tapşırıqla hərəkət edir və Ermənistandakı rusmeyilli qüvvələrin hamısını türməyə doldurmaqda qərarlıdır”.
Politoloq qeyd edib ki, Nikol Paşinyanın Qərbin bəlli qurumları, daha doğrusu, Soros Fondunun sifarişi ilə hərəkət etdiyinə heç bir şübhə yoxdur:
“Soros Fondunun Qafqazda yalnız İrəvanda ofisi var və bu fond koronavirusla mübarizə adı ilə MDB ölkələri içərisində yalnız Ermənistana vəsait ayırıb. Hazırda Paşinyanın komandası da Soros Fondu ilə uzun müddət çalışan şəxslər, siyasilərin dediyi kimi, “Sorosun uşaqları”ndan ibarətdir. Əlbəttə ki, onlar illərlə özlərinə ağa seçdiklərinin əmrini icra edəcəklər”.
A.Camalqızı, həmçinin bildirib ki, Tovuz təxribatının Rusiya əleyhinə istifadə edilməsi gözlənilsə də, Kreml rəhbərinin təhqiri gözlənilmirdi:
“Hazırda biz erməni mediasında Rusiya rəhbərliyinin ünvanına hətta ağır tənqirlər də müşahidə edirik. Bu cəsarəti bəzi erməni politoloq və iqtidaryönlü erməni mediasına kim verib? Yəqin ki, bu sualın cavabı hamıya bəllidir.
Hazırda Ermənistanda rusyönlü qüvvələrə qarşı Paşinyanın böyük bir cəbhə açdığını müşahidə edirik. Əlbəttə, dünyanın insan haqları təşkilatları yəqin ki, bu siyasi təqib və təzyiqləri görməzdən gələcək. Çünki siyasi təzyiqlərlə üzləşənlər “Rusiyanın adamları” sayılır və Moskvanın Ermənistanda dayaqlarını sarsıtmaq üçün bundan daha aqressiv təzyiqlərə də göz yumulacağı ehtimalı yüksəkdir”.