Toyxanaları “sökən” tək ayaqlı aşıq,   yaxud ustad sənətkar Ayış Abbasovun söz sənəti

Aşıq Ayış Abbasov maraqlı həyat yolu keçmişdir. Müharibə veteranı idi, ayağının birini döyüşdə itirmişdi. Sağlığında keçdiyi cəbhə yolu ilə bağlı xatirələrindən tez-tez söhbət açardı. Ustadı Aşıq Tərlanı, onun saz sənətinə vurğunluğunu həmişə xatırlayardı.

O, 1922-ci ildə Cəlilabad rayonunun Böyük Bəcirəvan kəndində anadan olub. 1941-ci ildə Prişibdə (indiki Göytəpədə) orta təhsilini başa vurandan sonra ordu sıralarına çağrılıb. 1942-ci ilin dekabrında cəbhəyə göndərilib. Ukraynanın, Belorusiyanın, Litvanın və Şərqi Prussiyanın azad edilməsində iştirak edib. Aşıq hələ müharibənin ilk günlərində cəbhədən evə göndərdiyi məktublarında zəfərlə qayıdacağını yazırdı:

 

Yolumu gözləyir Vətən,

Qayıdaram, anam, anam.

Dönəcəyəm zəfərlə mən,

Qayıdaram anam, anam.

 

Müharibə illərində qoşub-düzdüyü şeirlərində Aşıq Ayış ordunun qüdrətindən söhbət açır, əsgərlərdə qələbəyə inam hissini artırırdı. O, qoşmalarının birində keçdiyi döyüş yolunun poetik xəritəsini özünəməxsus ustalıqla çəkib:

 

Keçdim Ukraynadan əlimdə silah,

Qaçan faşistlərdi, qovan mən idim.

Hitlerin uzanıb Vətənimizə

Soxulan burnunu ovan mən idim.

 

Aşıq Ayış ordu sıralarında döyüşə-döyüşə Berlinin astanasınadək gedib çıxıb. O həmin odlu-alovlu illəri xatırlayaraq deyirdi: “Keçmiş 235-ci atıcı diviziyanın 806-cı alayında vuruşmuşam. Üç dəfə yaralanmışam. Dördüncü dəfə isə 1945-ci il aprel ayının 6-da sağ qıçımdan ağır zədə almışam. Bu hadisə Şərqi Prussiyanın mərkəzi şəhəri olan Kinzburqun azad edildiyi vaxt baş verdi. Sağ ayağımla birdəfəlik vidalaşmalı oldum. Yaralanmağımdan sarsılmadım. İnanırdım ki, qələbə gününə az qalıb. 1945-ci ilin sentyabrında cəbhədən evə döndüm. Ayaqqabımın içərisində ayağımın əvəzinə hələ öyrəşə bilmədiyim cansız taxta parçası gətirirdim. Sonralar dərk elədim ki, bu taxta ayağı bədənimin bir üzvü kimi qəbul etməliyəm. O mənim müharibə haqqında xatirələrimin canlı şahididir”.

Aşıq Ayış cəbhədə göstərdiyi igidliyə görə “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif olunub. Müharibə mövzusu onun yaradıcılığında mühüm yer tutur. Hərdən sazını sinəsinə sıxıb həzin-həzin oxuyardı:

 

Hərbin odu yandıranda hər yanı,

Ələ silah aldım, saz bildim onu.

Yüz faşisti bir gülləyə tuş tutdum,

 Yüzü də qırıldı, az bildim onu.

 

 Düşmənə zəfərlər çaldım qayıtdım.

 Vuruşaraq qisas aldım qayıtdım

Yurduna od-alov saldım qayıtdım.

  Vətənə dönəndə yaz bildim onu.

 

 Aşıq Ayış vuruşurdu bu sayaq,

 Gecə də, gündüz də oyaqdım, oyaq.

 Hərbdən gətirmişəm bir taxta ayaq,

 Qələbə günündə saz bildim onu.

 

Ayış aşıqlıq sənətinə erkən yaşlarından maraq göstərib. İkinci Dünya Müharibəsindən qabaq sazın-sözün sirrini öyrənib. O, saz havalarını öyrənmək üçün Aşıq Tərlan Sövzalı oğlunun yanına gedir, onun ustad aşıqlardan oxuduğu düzgülərə, dastan və rəvayətlərə maraqla qulaq asırdı. Aşıq Tərlan 90 yaşa qədər ömür sürüb. Xeyirxah sənətkar ölümündən bir neçə gün qabaq sazının  Aşıq Ayışa verilməsini vəsiyyət eləyib:

 

Nazlı dilbər, dinlə ərzi-halımı,

Həqiqətə, ədalətə gəlmişəm.

Gecə-gündüz çıxmayırsan yadımdan,

Bir qulunam, ziyarətə gəlmişəm.

 

Məgər yar yarına deyərmi böhtan,

Bimürvət insandan eylədim aman.

Gündəlik verirsən qətlimə fərman

Bir divan et, şikayətə gəlmişəm.

 

Mən Ayışam, yoxdur dəxi düşmənim,

Bəxt gətirdi bu büsata tuş məni.

İnsaf eylə, sənə gəlir gümanım,

Möhtacınam, himayətə gəlmişəm.

 

Aşıq Ayış aşıqlardan Qurban Sadıqov, Bəylər Qədirov, Şakir Hacıyev, Pənah Pənahov və Yadulla Abbasovla sənət əlaqəsi saxlayıb. Elxan Əskərova və Atabala Zahidova saz çalmağı öyrədib. El məclislərinin yaraşığı olan Aşıq Ayışı dinləyənlər onun saz çalmağından, oxumağından həvəslə danışırlar:

 

Ala gözlüm, həsrətini çəkirəm.

Bahar gəlib bar yadıma düşəndə.

Kor yapalaq görüb tərlan yerində,

İnciyərəm sar yadıma düşəndə.

 

Bahar necə, bağça necə, bar necə?

Aran necə, yaylaq necə, dağ necə?

Çıxmayırsan sən yadımdan hər gecə,

Ötən günlər hər yadıma düşəndə.

 

Dərdindən eylərəm mən də əlaman,

Ayrılıq salıbdı könlümə güman.

Möhnət çəkib titrəyirəm hər zaman,

Boran, çovğun, qar yadıma düşəndə.

 

Aşıq Ayış, bəsdi, eyləmə xəyal,

Özün xeyirxah ol, zəhmətin halal.

Qeyrətsiz insandan gətirdin misal,

Namus, qeyrət, ar yadıma düşəndə.

 

Aşıq Ayışın xalq dastanlarının toplanmasında da tədqiqatçılara köməyi dəyib. “Əsli və Kərəm”, “Tahir və Zöhrə”  kimi məhəbbət dastanlarının ən yaxşı variantlarını aşkara çıxarıb. Aşıq Ayış müharibə əlili olsa da təsərrüfat işlərindən heç vaxt ayrılmırdı. Sazını sinəsindən yerə qoymurdu. Zəhmət adamlarının hünərini vəsf edir, vətənimizin gözəlliyindən söhbət açırdı. Aşıq zəhmət adamlarına həsr etdiyi qoşmalarının birində deyir:

 

Xariqələr yaradanlar var olsun,

 Bu hünərə nəğmə qoşum saz çalım.

 Siz dağı dağ üstə qaldırıb qoyun

İlham alım, mən də coşum, saz çalım.

 

Yaxud:

Açılıb hər tərəf laləzar kimi,

Bülbülün nəğməsi Cəlilabaddadır.

Bəzənibən tarlalara çıxanda-

Qızların şən səsi Cəlilabaddadır.

 

İgidlər oylağı, mərdlər yurdusan,

Xarüqə yaradıb, büsat qurmusan.

Yarışlarda qalib çıxan ordusan,

İnsanlıq zəkası Cəlilabaddadır.

 

Aşıq Ayış tərifinə söz deyir,

Bol məhsulu Vətənimiz gözləyir.

Şanıları süfrələri bəzəyir,

Üzümün əlası Cəlilabaddadır.

 

Aşıq Ayış Abbasov 1997-ci ildə vəfat etmişdir, qəbri doğulduğu Böyük Bəcirəvan kəndindədir.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

Share: