TOZA QƏRQ OLMUŞ XATİRƏLƏR
Ofisimiz şəhərin mərkəzindəki dar məhəllələrin birində, üçmərtəbəli qədim binanın üçüncü mərtəbəsində yerləşirdi. Həftənin beş günü adəti üzrə səhər erkəndən Sahil metrosundan bu binaya qədər olan yolda demək olar ki, küçələrin və müxtəlif məkanların adlarını əzbərləmişdim. Qədim tarixə malik olan bu bina çox köhnə olduğu üçün, qorxulu, vahiməli görünürdü. Giriş qapısından içəri keçdikdə ilk növbədə hündür tavandakı əl işi ilə işlənmiş qəribə, anlaşılmaz karikaturalar diqqəti cəlb edirdi. Binanın hündür pillələri var idi. Pillələri qalxdıqca düşünürdüm ki, sən demə, kənardan kiçik görünən köhnə binaların pilləkənləri hündür olurmuş.
İkinci mərtəbədə üzbəüz iki qapı var idi. Qəribə olsa da, hər ikisinə böyük, boz bir qıfıl vurulmuşdu. Ücüncü mərtəbədə, sağ qapıda biz – yəni çalışdığım şirkətin işçiləri otururduq. Üzbəüz qapı uzun müddət bağlı olmasına baxmayaraq, bir neçə gün əvvəl gediş- gəliş və tap-tup səslərindən kiminsə yeni daşındığını anlamaq olardı.
– Səs küy gəlir… Görəsən kimlərdir?
– Konsulluqdur. Binaları təmirdədir. Bir illiyə bura daşınıblar –
müvəqqəti.
– Hə. Bunlar hardan çıxdı ey. Sakitlik idi. Bina demək olar ki bizim ixtiyarımızda idi.
– Eh, sənin də işin- gücün bitib deyəsən. İşlərini gör də. Kim gəlir gəlsin. Bizə nə? İşimiz var, maaş alırıq, vəssalam.
– Doğrudur, haqlısan, – deyə başımı endirib- qaldırmaqla Ayselin dediklərini təsdiqlədim.
Geniş dördotaqlı mənzil arakəsmələrlə bölünərək səkkiz münasib otaq düzəldilmişdi. Aysellə mən eyni otaqda otururduq. Bəzən kompüterdə o qədər çox qeydlər və yazılarımız olurdu ki, işin sonuna qədər nə söhbət edir, nə də yemək yeyə bilirdik. Bəzən isə saatlarla boş- bekar otururduq. İşimiz o qədər də çətin deyildi. Firmaya gələn yeni malları qəbul edir, qeydlər aparırdıq və eyni zamanda topdan satışla sifariş olunan məkanlara göndərirdik.
Nənəm deyərdi ki, ticarət Məhəmməd peyğəmbərin vaxtından qalıb. Ona görə də bu işdə halallıq olmalıdır. O üzdən Aysellə mühasibat işlərini apararkən tez- tez bu sözləri xatırladır, rəqəmlərin yerini dəyişməsinə və ya əlavələr etməsinə imkan vermirdim.
Qapı bərkdən döyüldü.
– Kimdir?
– Salam, bacı.
– Salam.
– Biz bu binaya təzə köçmüşük. Mən burda tərcüməçi işləyirəm. Adım Firuzədir!
– Çox gözəl! Biz də hardasa üç il olar ki, burdayıq. Parfüm və kosmetika satışı ilə məşquluq. İstəsən parakəndə də alış-veriş edə bilərsən.
– Çox sağ olun. Bu, başqa vaxta qalsın. Bilirsiniz, bir söz soruşmaq istəyirdim. Binanın su sisteminin sxemi haqqında ev yiyəsi məlumat vermişdi. Amma unutmuşuq. Siz çoxdan bu binadasınız. Bəlkə kömək edəsiniz.
– Olar. Niyə də etməyək?
Binanın bütün işlərindən hali olan sürücü Yusifi çağırıb bu barədə məlumat verməsini xahiş etdim.
Sonralar Firuzə ilə dostlaşdıq. Hər səhər işə gələndə rastlaşır, salamlaşıb bir az söhbət də edirdik. Pul qazanmağda böyük səriştəsi olan Aysel Firuzəni firmaya cəlb etməklə parfum və kosmetik vasitələri həm ona, həm də onun vasitəsi ilə konsulluğun işçilərinə satmaqla əlavə və yaxşı gəlir əldə edirdi. Bu minvalla günlər ötürdü. Bir gün çay dəmləmək istəyərkən quru çayın bitdiyini görüb dilxor oldum. İşlərimiz çox olduğu üçün aşağı- marketə düşməyə də ərinirdim.
– Firuzədən al. Bir atımlıq çaya görə səni qapıdan qaytaran deyil ki.
Ayselin sözləri ağlıma batdı.
İçəri keçəndə gözlərimə inanmadım. Buranı konsulluq idarəsindən çox kitabxanaya bənzətdim. Otaqlar demək olar ki, bizim ofisimiz kimi arakəsmələrə bölünmüşdü. Əksər qapılar aralı olduğu üçün otaqların içərisi görünürdü.
– İlahi, burda nə qədər kitablar var?!
– Ha – ha- ha. Ay qız, sən kitab üçün gəlmisən, yoxsa quru çay istəməyə?
– Ay Firuzə, bu kitablar nədir belə? Bunlardan satışda yoxdur. Çox qiymətli kitablardır. Bəlkə bir neçəsini aparım? Oxuyub gətirərəm. Sonra da o birilərini apararam. Sonra da…
Sözümü kəsərək qucağıma yığdığım kitabları ehmalca götürərək kitab dolabına qoydu və məəttəl qalmış kimi:
– Ay qız, dəli olmusan? Deyəsən məni işdən qovdurmaq itəyirsən. Olmaz! Kitablar dövlətindir – dedi və kağız parçasına bükdüyü quru çayı ovcuma sıxaraq sakitcə ətrafa baxıb çıxmağımı xahiş etdi.
O gündən sonra tez- tez bəhanələr edir, Firuzənin yanına gedirdim. Fürsət tapan kimi pəncərə qabağına çəkilir və ya otağın kənarındakı stolda oturaraq kitab oxuyurdum. Bu minvalla bir neçə elmi, fəlsəfi və bədii kitablar oxumuşdum. Amma gözüm və könlüm doymurdu. Yenə oxumaq istiəyirdim.
-Nə olub? Firuzənin yanına tez-tez gedirsən, – deyə bir gün Aysel qımışdı və gülərək göz vurdu.
Dinmədim.
– Heç olmasa, düz-əməlli adamdı? Yaraşır sənə?
– Kim?
– Aaa… Nə bilim kim. Ha -ha – ha. Məndən soruşur.
– Ay qız, mus-mus edincə mustafa elə görək.
Əlindəki qələmi kənara qoyub diqqətlə gözlərimə baxaraq:
– Sən bizi dolayırsan, yoxsa özünü? Amma bunu hamı bilir.
– Nəyi? – Özümdən ixtiyarsız qışqırdım.
– Sən o idarədə kimə isə vurulmusan. Hər kəs bu barədə danışır. Amma kimə? O bilinmir.
– Nəə.?
– Bəs nədir? Hər gün boş vaxt tapan kimi Firuzənin yanına qaçıb əlinə kitab alıb oxumağını hara yozaq? Ha- ha- ha.
Bu söhbətdən sonra Firuzənin yanına getmədim. Haqqımda danışılan şayiələrdən çox üzüldüm. Axı bəzi insanlar hardan bilsinlər ki, kitab sevgisi insan sevgisindən də üstün olur.
Bir il ötdü. Qonşular köçüb getdilər. Onların gedişi ilə kitabları itirdiyimi hiss etdim. Üzüntümü isə biruzə vermirdim.
Bir gün iş bitdikdən sonra qonşu qapıdan gələn səsdən içəridə kiminsə olduğunu hiss etdim. Qapı aralı idi. İçəri keçdim. Faiq müəllim idi- müşavir.
– Salam!
– Salam qızım!
– Nə yaxşı gəlmisiz?
– Vacib bir nota ilə bağlı olan sənədi itirmişik. Onu axtarıram.
Deyirəm daşınarkən burada unutmuş ola bilərik.
Təsadüfən sağa dönüb baxarkən gözlərimə inanmadım. Demək olar ki, bütün kitablar burda idi. Tozlu döşəmənin üstündə. Geniş pəncərələrin yarımçıq jalüzündən sıçrayan günəş şüaları kitabların üzərinə səpələnərək otağa qeyri-adi görünüş verirdi. Özümü unutdum. Elə bildim ki, başqa bir aləmdəyəm – kitab aləmində. Yaxınlaşıb bircə-bircə sığalladım. Toz içində səliqəsiz, üst-üstə tökülmüş kitablar elə bil dilə gəlib danışırdılar. “Bizi oxuyun, bizi oxuyun, bizi oxuyun” səsləri qulaqlarımda əks-səda verdi. Ehmalca əyilib kitabları o tərəf-bu tərəfə çevirdim. Sığallayaraq son dəfə Firuzənin yanında olarkən yarımçıq oxuduğum kitabı götürərək bağrıma basdım. O biri otağa keçib Faiq müəllimə yalvarıcı baxışlarla baxaraq:
– Olar bu kitabı götürüm?
Qaşlarını çatdı. Kitabı əlimdən alıb tappıtı ilə döşəməyə tulladı.
– Olmaz! Dövlətindir!
MÜSTƏQİL.AZ