ABŞ-nin keçmiş Prezidenti Donald Tramp keçmiş vəkili Maykl Koheni məhkəməyə verib.
Tramp Kohenə qarşı etimaddan sui-istifadə üzrə 500 milyon dollarlıq təzminat iddiası qaldırıb.
Donald Tramp 2016-cı il prezident seçkisi zamanı onun vəkili olmuş Maykl Kohenə qarşı ittiham irəli sürüb. Florida Dairə Məhkəməsinə təqdim edilən 32 səhifəlik iddia sənədində bildirilib ki, Kohen keçmiş müvəkkili Trampın sirlərini ortaya çıxarmaqla peşəkar qaydaları pozub və bununla da onun etimadından sui-istifadə edib. Kohenin dərc etdiyi kitablar və podkastlar isə Trampın gözdən salınması təşəbbüsləri kimi qeyd edilib. Digər tərəfdən sənəddə iddia edilib ki, Kohen çəkilən xərcləri artıq göstərərək Trampın şirkətindən 75 min dollar haqsız qazanc əldə edib. Bu səbəbdən Kohenin 500 milyon dollar təzminat ödəməsi tələb edilib və həmçinin tam məbləğin də məhkəmə prosesi zamanı müəyyən edilməsi istənilib.
Mənbə: Haber Global