Tramp ABŞ və Çin arasında gərginliyin təməlini qoydu: “Şıltaqlaşıblar”

ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə Ağ Evdəki görüşündən sonra mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, bu gün Vaşinqtonda Maliyyə Nazirliyinin binasında amerikalı və çinli diplomatlar arasında başlayan ikinci tur ticarət müzakirələri haqqında danışan Tramp sərt ifadələr işlədib.

O, müzakirələrin uğurla başa çatmasından şübhəli olduğunu deyib: “Müzakirələr uğurla başa çatacaqmı? Şübhə ilə baxıram. Çünki Çin çox şıltaq bir hala gəlib. Avropa İttifaqı da çıx şıltaq olub. Digər ölkələr də çox şıltaqlaşıb. Çünki ABŞ-dan nə istəsələr, hər zaman 100 faizini əldə ediblər. Bu durumun daha çox uzanmasına icazə verməyəcəyik”.

Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və digər ölkələrin illərdir ABŞ-dan çəlləklərlə pul daşıdığını önə sürən Tramp ABŞ üçün ticarətin hər zaman tək istiqamətdə olduğunu vurğulayıb. ABŞ lideri bildirib ki, ölkəsi illərdir Çin tərəfindən “aldadılır”, ancaq bunun üçün Çini deyil, öz ölkəsini günahlandırıb.

Qeyd edək ki, Donald Tramp bu ilin mart ayında polad və aliminiumun idxal edilməsinə 25 və daha sonra 10 faiz gömrük vergisi tətbiq ediləcəyini açıqlamışdı. Çin də bundan sonra ABŞ-dan idxal etdiyi 3 milyard dollarlıq 128 çeşiddə məhsula 15 və 25 faiz vergi qoyacağını bildirmişdi.

ABŞ-ın Çin ilə olan ticarət kəsiri 2016-cı ildə 347 milyard dollara çatıb.

Share: