ABŞ prezidenti Səudiyyə Ərəbistanını qızışdıraraq, onu İranla savaşdırmaq istəyir
Səudiyyə Ərəabistanı Yaxın Şərqdə gərginlik ocaqlarına aqressiv müdaxilə etməklə, münaqişə nöqtələrinin üstünə yağ tökməklə və onu bütün regiona yaymaqla məğuldur.
Almaniyanın siyasi “Focus” jurnalının icmalçısı Ulf Lüdeke Səud rejimin və ona qahmar çıxan Donald Tramp administrasiyasının hərəkətləri ilə bağlı xüsusi məqalə qələmə alıb.
Lüdekenin fikrincə, amerikalılar və səudlular arasında İrana qarşı qurulan yeni alyans eskalasiyanın dərinləşdirməkdən başqa bir işə yaramır.
“ABŞ prezidenti özünün ilk Yaxın Şərq səfərində sələfi Barak Obamadan fərqli olaraq, Tehrana münasibətdə siyasi həll yolunu seçməyəcəyini göstərdi. Bu məqsədlə o, İranın düşməni Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah müqaviləsini imzaladı. Trampın əsl məqsədi bölgədə Səudiyyə Ərəbistanını liderə çevirməklə, onu İrana qarşı qoymaqdır”, – müəllif qeyd edir.
Jurnalistin yazıdğına görə, Livan, Qətər və Yəməndəki situasiyanın qanlı inkişafı bölgədəki gərginliyin hansı dərəcədə artmasını göstərir.
“Tramp öz siyasəti ilə bu ölkələrdə odun üstünə yağ tökür”, – yazan Ulf Lüdeke hər üç ölkə üzərində ayrıca dayanıb. Məqalədə son hadisələrdə Səudiyyə krallığının varis şəhazadəsi Məhəmməd İbn Salmanın rolunun artdığı vurğulanıb. Müəllif Livanın baş naziri Səəd Həririnin öz ölkəsində deyil, Səudiyyə Ərəbistanında vəzifədən getdiyini bəyan etməsinə xüusi diqqət çəkərək maraqlı fikir irəli sürüb: “Çox güman ki, Həririni istefaya göndərən də Məhəmməd ibn Salmandan (dolayısı ilə ABŞ-dan-red.) başqası deyil. Həriri öz ölkəsində iranpərəst Hizbullahın fəaliyyətinə çox imkan verirdi…”.
İşin ən təhlükəli tərəfi bu şahmat gedişinin səudiyyəpərəst və iranpərəst güclər arasında müavinlər savaşına dönəcəyidir. İranın patronluq etdiyi Hizbullah Səudiyyə Ərəbistanını İsraili onun nəzarət etdiyi rayonlara hücum etməyə təhrik etməkdə günahlandırır.ABŞ dövlət katibi Reks Tilleronun Ər Riyadı bu cür təhlükəli manevrlərdən çəkindirəcək xəbərdarlıqlarına rəğmən, Tramp Həririnin istefasından sonra Məhəmməd ibn Salmanı təbrik etməkdən və tərifləməkdən doymur”.
Ulf Lüdeke Yəməndə də vətəndaş müharibəsinin daha bir neçə il davam edəcəyini düşünür. Onu firkincə, Yəməndəki iranpərəst husilərə qarşı görüləcək sərt tədbirlər situasiyanı daha da gərginləşdirə bilər. D.Tramp isə Səudiyyə Ərəbistanının rəhbərliyi atında bu qüvvələrə qarşı koalisiyanı dəstəkləməkdə davam edir.
Müəllif Qətərin İranla normal münasibətlərinə görə cəzalandırıldığı düşüncəsindədir: “Qətər həmişə sünnilər və şiələr arasında vasitəçi rolunu oynamaqla öyünüb. Çünki burada hər iki cərəyanın təmsilçiləri sülh şəraitində yaşayıblar. Səudiyyə öz müdaxiləsi ilə bu iki qrup arasında uçurum və ziddiyət yaratmaq istəyir”.
Ulf Lüdeke ən sonda belə bir nəticəyə gəlir: “Məhəmməd ibn Salmanın hərbi münaqişələrin səbəbkarı olaraq yaratdığı təhdid məhz Donald Tramp hakimiyyətə gəldikdən sonra daha da artıb”.