Birləşmiş Ştatlar artıq növbəti ayda İranın nüvə obyektlərinə zərbələr vurmağa hazırdır.
Müstəqil.az xəbər verir ki, bu haqda Avstraliya hökumətindəki mənbələr ABC media korporasiyasına bildiriblər.
Onların sözlərinə görə, Avstraliya mümkün hədəflərin müəyyən edilməsi üçün kömək etməyə hazırdır. Mənbələrin məlumatlarına görə, Avstraliyanın məxfi xüsusi xidmət orqanları, ehtimal ki, Böyük Britaniyadan olan həmkarlarla birlikdə hədəflərin müəyyən edilməsində ABŞ-a kömək edəcəklər.
Həmçinin, onlar bildiriblər ki, real hədəflər kağız üzərində müəyyən edilən hədəflərdən güclü fərqlənə bilər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İranı hədələyib. Tramp Tvitter hesabında bildirib ki, İran ABŞ-ı hədələməyə davam edərsə, bunun nəticələrindən əziyyət çəkəcək.
Bundan saatlar sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Trampın İranla bağlı mövqeyini dilə gətirib. Boltonun sözlərinə görə, ABŞ prezidenti onunla söhbətində söz verib ki, İran yanlış hərəkətlərə yol verəcəyi halda, dünyanın yalnız bir neçə ölkəsinin ödədiyi əvəzi ödəyəcək.
“Mən ötən həftə prezidentlə söhbət etdim. Prezident Tramp mənə dedi ki, əgər İran nəsə yanlışlığa yol versə, Yer kürəsinin yalnız bir neçə ölkəsinin ödədiyi əvəzi ödəyəcək”, – Ağ Evin mətbuat xidməti Boltonun sözlərini sitat gətirib.
Daha əvvəl isə İran prezidenti Həsən Ruhani Amerika liderini atəşlə oynamamağa çağırmışdı.