Venesuela Prezidenti Nikolas Maduro 2018-ci ildə ona qarşı sui-qəsdin təşkilində ABŞ-nin həmin dövrdəki Prezidenti Donald Trampın şəxsən iştirak etdiyini bildirib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Maduro bu barədə ölkənin Milli qvardiyasının 86-cı ildönümü ilə bağlı keçirilən tədbirdə danışıb.
Onun sözlərinə görə, ABŞ administrasiyası sui-qəsdin törədilməsini Kolumbiya rəhbərliyinə tapşırıb.
O bu hadisənin əsas təşkilatçılarından biri olaraq Venesuela parlamentinin keçmiş deputatı Xulio Borxesi qeyd edib.
Qeyd edək ki, N.Maduroya qarşı sui-qəsd cəhdi 2018-ci il avqustu 4-ü baş verib. Belə ki, parad zamanı partlayıcı qurğu ilə təchiz edilən 2 pilotsuz uçuş aparatı Maduroya tərəf uçmağa cəhd edib. Prezident mühafizəsinə daxil olan snayperlər dronları vaxtında zərərsizləşdirə bilib. Hadisə ilə bağlı 17 nəfər mühakimə edilib.