ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürən ABŞ prezidenti Donald Tramp paytaxtl Əbu Dis olmaqla məhdud ərazidə Fələstin dövlətinin qurulmasnı nəzərdə tutan sülh planını Ramazan bayramından sonra, iyunun ortalarında açıqlayacaq.
Müstəqil.az xəbər verir ki, bu haqda “Assoşieyted Press” agentliyi 5 ayrı amerikalı diplomata istinadən bildirib.
Trampın yəhudi əsilli kürəkəni Cared Kuşner və Yaxın Şərq danışıqları üzrə məsul məsləhətçisi Ceyson Qrinblatt tərəfindən hazırlanan sülh planının mətninin artıq tamamlandığı deyilir.
Diplomatlar planın açıqlanmasından sonra üç Körfəz ölkəsinin dövlət rəsmiləri, Misir prezidenti Əbdülfəttah əl-Sisi, Fələstin və İsrailin danışıqlara başlayacağını bildiriblər. İsraillin “Jerusalem Post” qəzeti isə plan üzrə danışıqlarda Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd Şahzadəsi Məhəmməd bin Zayedin iştirak edəcəyini yazıb.
İsrailin kəşfiyyat təşkilatı MOSSAD-a yaxınlığı ilə tanınan “Debka” xəbər saytı isə Trampın planının detallarını açıqlayıb. Plana görə, “məhdud” ərazidə qurulacaq Fələstin dövlətinin paytaxtı Şərq Qüdsdəki Əbu Dis olacaq, Şərq Qüdsün ərəb məhəllələri Fələstinə bağlansa da, Əl-Əksa məscidinin olduğu “Köhnə şəhər”ə nəzarəti tamamilə İsrailə veriləcək.
“Debka”nın xəbərinə görə, planın maddələri aşağıdakılardır:
-Qurulacaq Fələstin dövləti Qərbi Şerianın yarısı ilə Qəzzadan ibarət olacaq.
– İsrail Qərbi Şeria və sərhədlərin təhlükəsizliyini təmin edəcək.
– Şərqi Qüdsün ərəb məhəllələri Fələstinin nəzarətində, Əl-Əksa məscidinin olduğu “Köhnə şəhər”ə nəzarəti tamamilə İsrailə veriləcək.
– Fələstin dövlətinin paytaxtı Əbu Dis olacaq.
– İordaniya Fələstində məscidləri idarə edəcək.
– “Həmas”ın silahı yerə qoyması halında, Qəzza Fələstin dövlətinə daxil olacaq.
– Fələstinli qaçqınlarin geri dönməsi haqqı tanınmayacaq, ancaq təzminat üçün beynəlxalq bir mexanizm yaradılacaq.
– İsrail bütün dünyadakı yəhudilərin dövləti kimi tanınacaq.