Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı iclas…

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı iclas…

İki günlük toplantıda TBNM-ə üzv dövlətlərin dənizçilik, dəmir yolu idarələri, liman və logistika şirkətlərinin nümayəndələri iştirak ediblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavini Fərhad Quliyevin rəhbərliyi ilə keçən İşçi Qrupun iclasında “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin  2020-ci il üzrə fəaliyyətinin yekunları və  marşrut üzrə yaradılan rəqəmsal dəhlizlə bağlı reallaşdırılan pilot layihənin nəticələrinə dair hesabat dinlənilib.

Bundan başqa, toplantıda Qazaxıstan Respublikası və digər ölkələrdə intellektual mülkiyyət hüququnun qorunması, TBNM üzrə 2021-ci il üçün daşınma həcminin, tarif şərtlərinin  və marketinq üzrə tədbirlər planının təsdiqlənməsi, marşrutun 2025-ci ilədək inkişaf strategiyasının hazırlanması, Avropa İttifaqında fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.

Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki,  marşrut üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur.

Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub.

Müstəqil.Az

Share: