“Tuneldən işığa həmişə yol var…”- Mehman Qaraxanoğlunun şair Ziyafət haqqında yazısı

O zaman 2013 cü il idi… 60 yaşının öncəsi. Şair Ziyafət hələ “Yəhya” təxəllüsünü götürməmişdi. Atasının adıdır. Ruhu şad olsun!

Ədəbiyyat müəllimi olub. Deyirmiş ki, görərsiniz, Ziyafət əsl şair olacaq! Şair “Ol!maq lazımdır! Və Ol!du da! Amma desəm ki, bu, onun həyatında, gün-güzəranında nəyisə dəyişdi, ağ yalan olar! Yalanın böyrünə “ağ” yazmaqla insanlar, deyəsən, elə yalanın özünü də “xilas” etmək istəyiblər. Ziyafət heç zaman belə şeylərə cəhd eləməyib. Onun üçün yalan həmişə yalan olub, həqiqət də həqiqət…

Subyektiv fikirlərimdir; Xan Lənkəran həm də mənimçün Xan dostlarım deməkdir – Mirhaşım Talışlı, Anar (Ruhları şad olsun!), Qardaşxan Fərzi, Adil Əsədli, Aqil Yaqub, Sərraf Talıb, Ağəddin, Novruz, İlqar, Münasib, Ziyafət və başqaları… Çoxdur onlar, “başqaları”nın içərisindədirlər. Bilmirəm, bəlkə də sözün içərisində olmaq sözün dışına çıxmaqdan daha gözəl və əsrarəngizdir?!

Belə, deyəsən, “o zaman”dan çox aralandım – 2013-cü il idi. Ziyafətin doğumuna – 60 yaşına “Xan Lənkəran, çörəkpulu, taksi sürücüsü və şair haqqında ballada” şeirini yazdım. Ara-sıra görüşürdük. Amma dünən, 2019-cu il oktyabr ayının 19-u mənim üçün çox unudulmaz bir gün oldu. Əvvəl Ağamir Cavadı gördüm, dedi ki, Ziyafət də burdadır, onu gözləyirəm. Bazarın böyründəki səliqə-sahmanlı mehmanxananın birinci mərtəbəsində divara qısılmış stola əyilib kim üçünsə yenicə çap olunmuş kitabını imzalayırdı. Görən kimi ilk cümləm bu oldu: “Şairi iş başında yaxaladım”.
Tuneldən işığa həmişə yol var... - ESSE
Yeni kitabı – “Tənhalığın nəfəsi” qarşımdadır. Kitabın redaktoru istedadlı şair Tərlandır. Ön sözü hörmətli akademikimiz Nizami Cəfərov yazıb. Sağ
olsun! Adətimdir, “ön söz”lər məni şiddətlə özünə tərəf çəksə də, oxumuram, kitabı oxuyub müəyyən qənaətlərə gələnə qədər… Bu dəfə də belədir.

Yüz faiz əmin ola bilərsiniz!

Hər hansı bir mətnin çoxspektrli olması ona ayrı-ayrı rakurslardan baxanlarla ilişkilidir. Baxış bucağı nə qədər “rənglı” olsa, o qədər yaxşıdır.
Bu şeirlərdə nə görürəm?! Başlıcası, həyatın özü qədər sadə həqiqətlərin (Həyatın “sadə” olduğuna inanan varmı?) məhz Ziyafətə məxsus olan bədii-emosional-metaforik örtüklə verilməsinə israrlı cəhdlər… Alınırmı bu cəhdlər? Küll halında hamısının alındığını desəm, doğru olmaz. Daha çox obrazlı deyim üzərində şairin təkidlə durması haradasa şeirin ritmik sürətini ləngidir, amma Ziyafət hətta belə olduqda belə özünü mətnin sonuna müdrikcəsinə “çatdıra bilir”:

Dərd çökür şeirimin sinəsi üstə,
Duyğular əzilir varaqlar altda.
Rahat otaqlar var məzarıstanda,
Bizimçün ayrılan torpaqlar altda.
 (“Altda”)

Şeir, əslində, pərən-pərən olmuş, dağılıb min yerə səpələnmiş dünyanı harmonik “abır”a salmaq cəhdidir. Ona görə də Tanrı şairlərin tərəfindədir. Təbii ki, təqvalıların. Təkcə Molla Vəli Vidadini xatırlamaq yetər! Ziyafət də Vidadi yolunun yolçusudur. Şeirlərindəki kədərin arxeologiyası da haradasa onu aparıb Vidadiyə çıxarır. “Füzuliyə də” demək olar. Amma bütün hallarda şeir fərdi özünüifadə formasıdır, dünən də belə idi, bugün də…

Qələmə aldığı mətnlərində yalnız Ziyafəti görürük; sadədən də sadə, sözübütöv, aristokratik, istiqanlı, dostcanlı Ziyafəti! Çünki o, sevginin necə doğuluşunu və bumeranq kimi qayıdışını görüb onun rəsmini ilmə-ilmə toxuya bilən bir şairdir: “Günəş dünyanı Bağrına basdı. Sübhün gözündən Öpüş aldı. Şəfəqlər qəlblərə Toxum səpdi, Göz yaşları suladı. Ömür dadlı Bir ehtiyaca Hamilə qaldı. Sevgi doğuldu, Taleyin dodağı qaçdı. Dünya rahat nəfəs aldı. Körpəyə ad qoyuldu: Məhəbbət!”. (“Məhəbbət”) Çox səmimi və gözəl misralardır! Matafizik baxımdan Dostayevskinin “Dünyanı gözəllik xilas edəcək!” hökmünə gedib çıxır…

Dünyanın ən böyük realisti Jül Renarın fikirləridir: “Ən yaxşı qəzetçi odur ki, mənim haqqımda bu sözləri yazır: “O, qartal baxışlı, şir ürəkli adamdır”. Biz J.Renar ironiyasına tuş gələn o qəzetçi obrazında görünmək istəmirik. Amma bu obrazdan büsbütün qaçmağın mümkünsüzlüyünü də anlayırıq. Çünki dost haqqında yazırıq.

Bizi həmişə bir sual çox ilgiləndirir: Lənkəranda yaşayıb yaradanların qəzələ olan sonsuz sevgisinin kökündə nə durur? Hansı mistik müəmma onları ruh kimi arxasınca salıb, aparıb gəzdirib, min yol çərxi-fələyin başına dolandırıb, sonda Əlahəzrət Qəzəlin hüzuruna gətirib çıxarır?! Hələ soneti demirəm. Biri Qərbin, biri də Şərqin “nərmünazik” gözəlidir. Qərblə Şərq bu kiçik Cənub şəhərində – Xan Lənkəranda necə əsrarəngiz bir halətdə qovuşa bilir? Danılmaz faktdır: Ölkə miqyasında həm qəzəlin, həm də sonetin ən mükəmməl araşdırıcıları da bu yurdun suyunu içib: Mirhaşım Talışlı (Ruhu şad olsun!) və Elşad Səfərli…
Tuneldən işığa həmişə yol var... - ESSE
Ziyafətin də gec-tez qəzəl səltənətinə gəlib çıxması gözlənilən idi. Hələ o vaxtlar yazmışdıq: “Başını sıxarsan bəzən sükana, Hər misra üstündə yanar, yanarsan. Mən sənə bələdəm, tələssən, yenə, Əruz əl eyləsə, sən dayanarsan. Şütüyüb gedərsən əruz nə desə, Yollara tökülən saatlar, kimin? Heca döngəsindən çıxsan əruza, Yolların uzanar saitlər kimi… (“Xan Lənkəran, çörəkpulu, taksi sürücüsü və şair haqqında ballada” şeirindən)

Zənnimizcə, şeirin adı da bizi çox mətləblərdən agah edir. Bəli, o, sadə bir peşənin yiyəsi – taksi sürücüsüdür. Çox sosialdır, həmişə insanlar arasında olur. Həm də koloritliyini qoruyub saxlayır. Keçmişin arxetipləşmiş ənənələrinə möhkəm tellərlə bağlıdır. Çox zaman mənə keşmişdən gələn adam təsiri bağışlayır. Bəlkə də mənə elə gəlir?! Sürdüyü araba da (maşın da!) keçmişə nostalgiyanı təcəssüm etdirir; sovet dönəminin “volqa”sını sürür.

Milli-mənəvi dəyərlərə, ailəsinə, özünə, dostlarına, yaşadığı şəhərə və bunların fonunda sürdüyü maşına bu qədər sədaqətli adam az-az tapılar!
Bir vaxtlar ideya müəllifi olduğu və yaratdığı “Ziya” ədəbi məclisinin xoş söz-söhbəti hələ də dillərdə gəzir. O, əslində, ölkə miqyasında bir “ilk”ə imza atmışdı. Özünün onsuz da çox olmayan maddi vəsaiti ilə bölgədəki istedadlı uşaqları bir yerə cəm edib onlara poeziyanın əlifbasını öyrətmək, şeir gecələri təşkil etmək, onları yazarlarla görüşdürmək, üstəlik, ən istedadlı məclis üzvlərinin ilk kitablarını çap elətdirmək sizə rahat iş kimi görünməsin! O, təkbaşına bunların hamısınn öhdəsindən ləyaqətlə gəldi.

Qayıdaq qəzəl söhbətinə… Təkrar kimi çıxmasın, Lənkəranda elə bir şair tapa bilməzsən ki, qəzəl yazmasın. İntuituv hiss edirəm ki, qəzəl bu şəhərə – qədimliklə çağdaşlığın sintezi olan bu məkana daha çox yaraşır…

Köhnə, divarları hisli-paslı bir çayxanada (Açığı, belə çayxanaları daha çox sevirəm…) oturub çayı qurtumlaya-qurtumlaya Ziyafətin yeni kitabından qəzəllər oxuyuruq. Çayxanada oturan digər müsafirlər də söhbətlərini kəsib bizə qulaq asırlar. Qəzəl ruhu bu adamların hamısını bircə anda birləşdirir. İnanmıram ki, heca şeirinin buna “gücü çataydı”.

Klassik üslubda – müxəmməs janrında yazılmış “Qısqandı” şeirini oxuyarkən çayxanaya gözlənilmədən qəribə bir sükut çökdü. Çayçı da əlində armudu stəkan nəhəng samovarın arxasında donub qaldı. O sanki hiss edirdi ki, ona bu anda “çayımı gətir!” hökmünü verən olmayacaq… Ziyafət bu müxəmməsi dünyadan cavan köçən həyat yoldaşına həsr edib. Təkliyə, tənhalığa ürcah olmuş bir Kişinin qəlb çırpıntıları son dərəcə “həyalı” poetik ştrixlərlə təsvir edilir. Şeir misra-misra, bənd-bənd “irəlilədikcə” hər bəndin təkrarlanan beşinci misrası təkliyin hüdudlarını aşıb Göyə – Tanrıyacan uzanır:

Dərgahları bu eşqə ulduzlu dəniz etdim,
Göydən qəməri saldım, qarşında kəniz etdim,
Bu eşqi nə dünyaya, nə şəmsə əkiz etdim,
Vəsl ilə gülən sevgi hicr ilə cəzalandı?!
Yoxsa səni sevməklə Tanrım məni qısqandı?!

“Tanrının öz sevən bəndəsini qısqanması” fikrini kimsə qəbul etməyə bilər. Amma taleyin vurduğu güclü travmatik zərbəni, şeirin yazıldığı dramatik situasiyanı və həm də poetik həqiqətin adi həqiqətdən çox-çox yuxarıda durduğunu nəzərə alsaq, şairə “ədəbi bəraət” qazandırmış olarıq. Əslində, şeirin nüvəsində bir sadə reallıq dayanır: Sənə olan məhəbbətimin böyüklüyünü görüb hətta Tanrı da bizi qısqandı və ya qısası, sevginin ölməzliyini və möhtəşəmliliyini ifadə etmək! Şairin öz bədii niyyətini gerçəkdən dəqiq həyata keçirdiyini söyləyə bilərik…

Poeziya təkcə ədəbi fakt deyildir, həm də öz daxili “mən”ini, xarakterini dünyaya göstərmək cəhdi və bir fərd olaraq şəxsiyyətini sübutlamaq aktıdır. “Xırda” bir misal çəkək; Biz 650 illiyini təntənə ilə qeyd etdiyimiz Nəsimini təkcə şeirlərinə görə deyil, həm də əsrarəngiz şəxsiyyətinə görə sevirik. Hətta tarixin bəzi dönəmlərində onun simvollaşan şair “mən”i poeziyasının fövqündə də dayana bilib… Bu çəkici rakursadan yanaşdıqda, Ziyafət də mənim üçün təkcə şair deyildir, həm də Azərbaycan adlı əziz məmləkətin sadə, təmiz, zəhmətkeş adamlarının ən gözəl keyfiyyətlərini özündə təcəssüm etdirən klassik kişi obrazıdır. Və xoşbəxtəm ki, mənim dostumdur! “Dünən” də – 60 yaşında da demişdim ona, bugün də ümid və inamla təkrarlayıram:

Tuneldən işığa həmişə yol var,
Bunu mən demirəm, böyüklər deyir.
Deyirlər, yağ yeyir köhnə maşınlar,
Sənin arabanın “yediyi” – şeir…

Mehman QARAXANOĞLU

Share: